GündəmHadisə

Nazim Bəydəmirliyə qarşı ittiham ağırlaşdırılıb

Həbsdə olan iş adamı, keçmiş deputat Nazim Bəydəmirliyə qarşı ittiham ağırlaşdırılıb.

Bu barədə Turana vəkil Aqil Layıc məlumat verdi.

O, qeyd edib ki, ittihama görə, 1996-cı ildə N.Bəydəmirli Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə qorxu ilə pul tələb edib: “Nəticədə hədə-qorxu ilə tələb etmənin alt bəndinə əsasən, hədə-qorxu təkrarən tələb etmə maddəsilə, yəni AR CM-nin 182.2.2-ci maddəsiylə yenidən ittiham irəli sürüldü”.

Vəkil bildirib ki, N.Bəydəmirli özü bu ittihamların hamısını qondarma hesab edir: “Nazim bəy deyib ki, o ekologiya məhbusudur və həbsinin səbəbi Söyüdlü hadisələrini pərdələmək üçündür”.

N.Bəydəmirli iyulun 4-də Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsilə (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) ittiham irəli sürülüb. Bu maddə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bəydəmirli ittihamı rədd edib, onu uydurma adlandırıb və hüquqi əsasının olmadığını bildirib. Onun sözlərinə görə, həbsin əsl səbəbi Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl emalı müəssisəsinin ətraf mühiti çirkləndirməsilə bağlı yerli sakinlərin etirazları ilə əlaqədar çıxışlarıdır.

İyunun 20-də Söyüdlü sakinləri “Gədəbəy” yatağından qızıl hasilatı və emalı şirkətinin çirkab suları üçün ikinci süni gölün qurulmasına etiraz ediblər. Polis etirazlara müdaxilə edib, saxlananlar olub.

İyulun 11-də Prezident İlham Əliyev hökumətin müşavirəsində Söyüdlüdəki etirazlardan danışıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu məsələdə ən azından səhlənkarlıq etdiyini deyib.

İyulun 13-də Gədəbəyin Söyüdlü kəndində qızıl yatağını istismar edən şirkətin fəaliyyəti müvəqqəti dayandırılıb.

Bənzər yazılar

Back to top button