AnalitikaManşetSiyasət

Azərbaycanda hansı müxalifət partiyasının liderini prezident görmək istəyirlər?

Azərbaycanda dövlət müstəqilliyinin bərpasının ilk illəri istisna olmaqla digər dövrlərdə müxalif siyasi partiyaların gerçək reytinqini müəyyən etmək çox çətin olub. Müxalif təşkilatlar arasında daim bu mövzuda mübahisələrin şahidi olmuşuq.

Ölkədə ədalətli və demokratik seçilərin olmaması gerçək reytinqlərin üzə çıxmasına imkan verməyib. Eyni zamanda cəmiyyətdəki real mənzərəni ifadə edən müstəqil və peşəkar rəy sorğularının keçirilməməsi də bu məsələdə ciddi rol oynayıb.

Əslində hər iki amilin qarşısı hakimiyyətdəki siyasi qüvvə tərəfindən məqsədyönlü şəkildə müxtəlif üsullarla alınıb. Bu problem hələ də davam edir. Nə demokratik seçki keçirilməsinə nə də müstəqil və peşəkar rəy sorğularının aparılmasına imkan var.

Son illər sosial şəbəkələrin geniş yayılması ilə ölkədəki müxalif siyasi qurumların gerçək reytinqini öyrənmək istiqamətində yeni təşəbüslər artmaqdadır. Real həyatda öyrənilməsi birbaşa çətin olan reytinqləri virtual olaraq öyrənmək cəhdləri var.

Son günlər keçirilən virtual sorğulara diqqət etsək, bir sıra maraqlı məqamlar üzə çıxacaq. Odur ki, bu virtual sorğuların əhəmiyyətini nəzərə alaraq bir neçə aspektdən analiz etməyə çalışacağıq.

Ümumi götürsək sorğularda yüz mindən çox “Google” hesabı iştirak edib. Bu hesablar əsasən ən çox siyasiləşmiş şəxslərə aiddir. Belə sorğularda əsasən siyasi seçimini etmiş və ya buna meylli olan insanlar iştirak edir. Bu isə gerçək vəziyyətin üzə çıxmasında daha obyektiv indikator sayıla bilər.

Belə sorğulardan birini “YouTube” sosial şəbəkəsi üzərində fəaliyyət göstərən “Bumerang Media” internet kanalı keçirib. Bu virtual sorğu iki mərhələdə aparılıb. İlk mərhələdə hər biri 5 partiya sədri olmaqla 3 sorğu keçirilib. Birinci mərhələdə 15 partiya sədri arasından seçilən 3 qalib növbəti mərhələyə çıxarılıb.

Birinci mərhələdə “Azərbaycanda hansı müxalifət partiyasının liderini prezident görmək istərdiniz?” sualı təqdim olunub. 26 min virtual respondentin iştirakı ilə keçirilən ilk sorğuya 5 partiya sədrinin adı daxil edilb. https://www.youtube.com/post/UgzDjU31eRSPEil6zlp4AaABCQ

Səsvermə nəticəsində AXCP sədri Əli Kərimli 45%, Ağ partiyasının sədri Tural Abbaslı 29%, Ümid partiyasının sədri İqbal Ağazadə 12%, VİP sədri Əli Əliyev 10%, ADP sədri Sərdar Cəlaloğlu 3% səs qazanıb. Birinci sorğuda Əli Kərimli üstünlük qazanıb.

İkinci virtual səsvermədə öncəki ilə müqayisədə 50% az, yəni 12 min virtual respondent iştirak edib. https://www.youtube.com/post/UgzZPXUR_BVy-ByKrjV4AaABCQ

HƏP sədri Əli İnsanov 62%, Müsair Müsavat partiyasının sədri Hafiz Hacıyev 16%, Müsavat partiyasının başqanı Arif Hacılı 11%, Xalq partiyasının sədri Pənah Hüseynov 6%, BAP sədri Elşad Musayev 5% səs qazanıb. İkinci sorğuda Əli İnsanov üstünlük qazanıb.

Üçüncü virtual səsvermədə əvvəlkilərlə müqayisədə ən az, yəni 9.9 min virtual respondent iştirak edib. https://www.youtube.com/post/UgxpSEHNutEhUwb9cul4AaABCQ

KXCP sədri Mirmahmud Mirəlioğlu 65%, ReAl sədri İlqar Məmmədov 16%, MDP sədri Nemət Pənahlı 7%, AVP sədri Fəzail Ağamalı 7%, GAP sədri Ağasif Şakiroğlu 5% səs qazanıb. Üçüncü sorğuda Mirmahmud Mirəlioğlu üstünlük qazanıb.

İkinci mərhələdə ilk dövrədə birinci yerə çıxan üç şəxsin adları və “prezident olmağa layiq müxalifət lideri yoxdur” bəndi səsverməyə çıxarılıb. https://www.youtube.com/post/UgyUknz5qcVicmxI59p4AaABCQ

21 min virtual respondentin iştirak etdiyi səsvermədə yenə də birinci yerə 46%-lə Əli Kərimli çıxıb. Müxalifətdəki digər rəqibləri müvafiq olaraq Əli İnsanov 5%, Mirmahmud Mirəlioğlu 4% səs alıb. “Prezident olmağa layiq müxalifət lideri yoxdur” sualına 45% müsbət cavab verib.

“Bumerang Media” ilə yanaşı “Azad Söz” internet kanalı da eyni vaxtda bənzər sorğu keçirib.https://www.youtube.com/post/Ugx0_0bidC5R0CGNdSh4AaABCQ “Azərbaycanda hansı partiya rəhbərini daha çox dəstəkləyirsiniz?” sorğusunda 45 min virtual respondent iştirak edib. Bu sorğuda yalnız müxalifət partiyalarının rəhbərləri deyil, iqtidar partiyası olan YAP-ın sədri də daxil edilib. Bu virtual səsvermədə də AXCP sədri Əli Kərimli 40%-lə ən çox dəstək qazanıb. YAP sədri, prezident İlham Əliyev 33%, Ağ partiya sədri Tural Abbaslı 19%, VİP sədri Əli Əliyev 6%, ReAL sədri İlqar Məmmədov 2% səs qazanıb.

Sorğuların nəticələrini analiz edərkən bir sıra məqamlar diqqət çəkir. Birinci mərhələnin ən son səsverməsinə maraq ən aşağı səviyyədə olub. Namizəd kimi təqdim olunan Mirmahmud Mirəlioğlu, İlqar Məmmədov, Nemət Pənahlı, Fəzail Ağamalı və Ağasif Şakiroğlunun adları daxil edilən səsvermədə 9.9 min virtual respondet iştirak edib.

İkinci səsverməyə də maraq yüksək olmayıb. Əli İnsanov, Hafiz Hacıyev, Arif Hacılı, Pənah Hüseynov və Elşad Musayevin adları daxil edilən səsvermədə 12 min virtual respondet iştirak edib. Ümumi götürdükdə iki səsvermədə iştirak edənlərin cəmi 22 min olub. Birinci səsvermədə isə 26 min virtual respondet iştirak edib. Əli Kərimli, Tural Abbaslı, İqbal Ağazadə, Əli Əliyev və Sərdar Cəlaloğlunun adları daxil olan səsverməyə maraq daha böyük olub.

Yalnız bu iki virtual resurslarda deyil, bir sıra fərqlı müstəvilərdə apardığımız monitorinqlərin də oxşar nəticələri var. Virtual səsvermələrin nəticələrinin mütləq mötəbərliyini iddia etməsək də, ümumi nəticələrin reallığa əsasən uyğun olması şübhə doğurmur. Nəzərə alsaq ki yalnız virtual məkanda deyil, real siyasi fəaliyyətdə də son illər keçirilən ən kütləvi mitinqlərin təşkilatçısı məhz Əli Kərimli və mənsub olduğu siyasi təşkilatlar olub.

Eyni zamanda hakimiyyətin ən çox tənqid və təqib etdiyi partiya sədri də Əli Kərimlidir. Təsadüfi deyil ki, çoxsaylı siyasi məhbusları olan təşkilat kimi də ən çox AXCP-nin adı çəkilir.

Buradan iki nəticə çıxır. İqtidar ölkənin siyasi həyatında ən çox dəstəklənən müxalifət təşkilatına və liderinə olan ictimai marağı və dəstəyi bildiyinə görə ona ən çox basqı edir. Yaxud da iqtidar ən çox basqı etməsi səbəbindən onun əsas rəqibinin nüfuzu ən yüksəyə qalxıb. Hər iki halda nəticə ondan ibarətdir ki iqtidarın daxili siyasəti insanları narazı salıb. İqtidarın daxili siyasəti onun alternativinin ünvanını müəyyənləşdirir.

Nəsimi Məmmədli

Turan.az

Bənzər yazılar

Back to top button