Hadisə

Məhkəməyə hər şeyi açıb danışdı: “Abutalıbov R.Mehdiyevə, K.Heydərova, Ə.Qarayevə vurdu…”

Məhkəməyə əlində Quranla gələn qarşı tərəfin ifadəsində Abutalıbovun, Heydərovun Qarayevin və Mehdiyevin adı çəkildi…

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri, tarixi abidə sayılan yaşayış binasının sökülməsi üçün qanunsuz sərəncam verməkdə ittiham olunan Rasim Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

AzToday.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində prosesdə şahid qismində həmin binanı yerində yeni çoxmərtəbəli bina inşa etmək üçün R.Quliyevn imzaladığı sərəncam əsasında sökən “FF-2011” MTK-nln təsisçisi Tamella İbrahimova dindirilib. Şahid ifadəsində deyib ki, 2011-ci ildən etibarən “FF-2011” şirkətini təsis edub: “Özüm təsisçiyəm, həyat yoldaşım isə şirkətin sədridir. On bir ildir ki, bütün sənədlərin dalınca özüm gedirəm. Neçə vaxtdır onkoloji xəstəyəm, əməliyyat olunmuşam. İlk dəfədir ki, məhkəmə qarşısəna çıxıb ifadə verirəm. Çox həyəcanlıyam”.

Özü ilə məhkəmə zalına Quran gətirən şahid müqəddəs kitaba and içərək hər şeyi düzgün danışacağını deyib :”Bəlkə də bu, günahdır. Amma orada yüzlərlə insanın hüquqları tapdanıb, mən özüm də ağır xəstəlik tapmışam. Öncə deyim ki, mən Rasim Quliyevi tanımamışam. İyirmi ildir ki, Bakı Şəhər İcra Hakimiyyətinə gedib gəlsəm də onunla rastlaşmamışam. İlk dəfə burada – məhkəmə zalında görürəm. İstintaq zamanı dindirilməmişəm. Bu barədə mənə məlumat verilməyib, aramızda üzləşmə keçirilməyib. Dəfələrlə müstəntiqdən üzləşmə aparılmasını xahiş etmişəm, amma şərait yaradılmayıb, kobud qanun pozuntusuna yol verilib”.

Şahid deyib ki, 2012-ci ildə bina tikintisi üçün yer almaq üçün BŞİH-ə müraciət edib. Ona tikinti üçün yer ayrılacağına söz veriblər: “Yay ayları idi, zəng gəldi, məni çağırdılar, dedilər ki, sizə tikinti üçün icazə verəcəklər. Nəhayət, 2013-cü ildə sərəncam verildi. Layihə hazırlandı. Dilarə Əliyeva, 145 ünvanındakı evləri aldıq. Baş memar Akif Abdullayev mənə bir memar təklif etdi, həmin memar bizimlə işləməyə başladı. Layihəni aparıb Akif Abdullayevə göstərəndə dedi ki, layihə böyükdür, bir az azaldaq. Layihəni azaltdım, bütün qurumlardan təsdiqlətdikdən sonra baş memara verdim. Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli müəllim dedi ki, Hacıbala Abutalıbov həmin ərazidə ağır tonlu yük maşınlarına nəzarət olunmasını, çox yük vurulmamasına nəzarət etməyi tapşırıb”.

T.İbrahimova deyib ki, 2015-cü ildən etibarən Bakı Şəhər İcra Hakimiyyəti binanı sökməyə başlayıb. Bu söküntü prosesi sakinlərin narazılığı ilə müşaiyət olunub, sakinlərdən biri də şəhər İcra Hakimiyyətini məhkəməyə verib və işi udub.

“Zülfəli dedi ki, o özü həll edəcək məsələni. Dilarə Əliyeva ,145- də isə memarlıq üslubu yox idi. Əgər bu bina tarixi əhəmiyyətli memarlıq abidəsi olsaydı, iki il sənədləşmə gedən halda mənə niyə bu haqda heç nə deməmişdilər? Ötən il mən əməliyyat olunanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümbətovla danışdım. Mənə məsələnin həll olunacağını dedi. Layihədə bəzi dəyişikliklər etdi, razılaşdım. Bir müddət keçdi, amma ortada heç nə yox idi. Bu il fevralında Namiq müəllim mənim həyat yoldaşıma dedi ki, iş alınmır. Mən də dedim ki, kimə lazımdı yenə pul verim, amma bircə işim dayanmasın. Çox yerlərə müraciət etdi, cavab gəlmədi”,-Tamilla İbrahimova bildirib.

Şahidin ifadəsinə görə, sonradan Rasim Quliyev barəsində cinayət işi başlanılmasını eşidib: ” Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etdim ki, Rasim Quliyevi tanıyım. İmkan vermədilər. İdarədən dedilər ki, bu işdə 32 şirkət var, sənlik deyil. Sonra gördüm ki, ancaq mənim şirkətimin adını çəkirlər. Bundan sonra baş nazirin müavini Hacıbala Abutalıbovun yanına getdim. Soruşdum ki, Rasim Quliyev kimdir? Dedi ki, nə olub. Dedim ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyir ki, Rasim Quliyev sənin sənədinə qol çəkdiyinə görə həbs olunub. Hacıbala müəllim dedi ki, elə şey ola bilməz. Məni arxayın eləmək üçün Ramiz Mehdiyevə, Kəmaləddin Heydərova, Əbülfəz Qarayevə, Ədliyyə Nazirliyinə zəng vurdu. Hacıbala Abutalıbov Ramiz müəllimə dedi ki, arxitektura komitəsi Rasim Quliyevin imzasını tanımadığını deyib. Ramiz Mehdiyev dedi ki ola bilməz, biz onun imzası ilə gələn sənədləri qəbul edirik. Arxitekrura Komitəsi Zakir Qaralova məktub göndərib ki, sərəncam səlahiyyətsiz şəxs tərəfindən imzalanıb, bina qanunsuz tikilir”.

Şahid deyir ki, 2013-cü ildə sərəncam verilib, 2014 də ləğv edilib, 2015-ci ildə isə yenidən bərpa olunub. MTK rəhbərinin bildirdiyinə görə, 2014-cü ildə tikintiyə 14 milyon manat pul qoyub.

“O qədər sübutlarım var. 2021-cildə isə Namiq Hümbətov dedi ki, nə qədər ki, vəzifədəyəm, sənin şirkətin burada bina tikməyəcək”,-T.İbrahimova bildirib.

Şahid qeyd edib ki, bir müddət sonra şirkətin ofisinə Mədəniyyət Nazirliyindən Vüqar adlı şəxs gəlib. Ona deyib ki, Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qoruması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovla görüşməlidir. Və T.Quliyeva gedib Zakir Sultanovla görüşüb.

“Görüş zamanı Zakir Sultanov məndə çox mənfi təsir yaratdı. Ona dedim ki, sənin yerin DTX-nın təcridxanasıdır. Deyirdi ki, evləri sökmüsən, tarixə abidəni məhv etmisən, tikintini dayandırmalısan. Mən ordan çıxıb Hacıbala müəllimin yanına getdim. Hacıbala müəllim yanımda Əbülfəz Qarayevə zəng vurdu. Əbülfəz Qarayev də dedi ki, ərazidə evlər köhnədir, narahat olmayın, siz tikintinizi aparın. Dedi ki, Zakir Sultanova tapşıracağam”,-şahid bildirib.

Məhkəmə prosesi oktyabrın 11-də davam edəcək.(virtualaz.org)

Bənzər yazılar

Back to top button