Alışanov yola salınır…

Print Friendly, PDF & Email
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovun prezident seçkisindən sonra AzTV-dən uzaqlaşıdırılacağı gözlənilir.
Arqument.Az-a verilən məlumata görə, buna səbəb son vaxtlar Alışanovun adının bir çox xoşagəlməz qalmaqallarda hallanması olub.
Bunlardan biri də son günlər AzTV rəhbərinə sui-qəsdlə bağı məhkəmə prosesidir.
Belə ki, 7-14 mart tarixlərində keçirilən məhkəmə proseslərində səslənən iddialar isə AzTV rəhbərini çıxılmaz vəziyyətdə qoyub.
“Qafqazinfo”nun həmin məhkəmədən yaydığı stenoqramda AzTV sədrinə sui-qəsddə təqsirləndirilən Şücayət Əkbərovun fikirləri ciddi rezonas doğurub.
Həmin məhkəmədə Ş.Əkbərov deyir: “Arif Alışanov keçmiş kürəkəni Fəridlə gəlib torpaq alırdı, mən də makler kimi haqqımı alırdım. 2011-ci ildə Arif müəllim zəng edib dedi ki, Fəridin adına olan torpaqları öz arvadı Mehriban xanımın  adına keçir. Fərid polisin nəzarəti altında gətirildi, onda bildim ki, Alışanovun qızından boşanır. Alışanov istəmirdi ki, torpağı onun aldığı bilinsin. Çünki çox vaxt maşından da düşmürdü, alqı-satqıda da iştirak etmirdi. Torpaqları da başqa şəxslərin adına alırdı”.
“2011-ci ildə artıq Alışanovun Şamaxıda 120 hektar yeri var idi. Keçmiş nazir Fərhad Əliyev də Karlar kəndində torpaq almışdı. Mən təkcə Arif Alışanovla işləməmişəm. Arif Alişanov Eldar Mahmudovun 1 nömrəli adamı olub, yaxın dost idi. Sonra MTN işi vaxtı o kimlərinsə vasitəsilə sıvışıb çıxdı”, – təqsirləndirilən şəxs deyib.
S. Əkbərov bildirib ki, Arif Alışanov torpaq almağa gəzdiyi qara bir qızla gəlirmiş. O hətta AzTV sədrini 2016-cı ildə həmin qızı öldürməkdə ittiham edib.
S. Əkbərov deyib ki, o heç vaxt Arif Alışanovu öldürmək istəməyib: “Niyə öldürüm ki? Adımda torpağı yoxdur, filan. Onun bütün torpaqları sürücüsü Hacının adınadır. Bütün bu işləri də o mənim başıma açıb. Mənim bildiyim qədər Arifin 70 milyon əmlakı var. Tutulan nazirlər kimi bir gün onun da əmlakları üzə çıxacaq. Onda siz də hər şeyi biləcəksiniz. Onu öldürmək istəyənlər elə adına əmlak aldığı şəxslərdir.
“Space”in yanındakı notariusda Hacının adından Arifə 50-yə yaxın etibarnamə verilib. Deyirdi ki, birdən Hacı ölər, qoy problem olmasın. Arif heç qardaşının, arvadının adına torpaq almırdı. Mənim və ailə üzvlərimin adına heç nə almayıb. Mənim üçün yaxşıdır ki, torpaq alırdı, mən də qazanırdım. Onu öldürməklə nə qazanacaqdım? Mən icra başçısı Alı Qocayev üçün də torpaqlar alırdım. Təkcə Arif üçün işləmirdim ki…”
O həmçinin bildirib ki, A. Alışanovun Xızıdakı evinin həyəti 3 hektardır.
Bundan başqa, Alışanovun bir çox dövlət qurumlarına təsir etdiyi bildirilir.
Azadlıq.org-un yaydığı məlumata görə, Əkbərov və vəkillərinin daha bir vəsatəti Alışanovun aylıq əməkhaqqısı haqda arayış alınması, onun torpaq sahələri almaq üçün verdiyi milyonların mənbəyinin araşdırılması haqda olub. Digər təqsirləndirilən Qoçalı Cəbiyevin vəkili də həmkarlarının vəsatətini müdafiə edib. Deyib ki, mütləq bu milyonların mənbəyi araşdırılmalıdır.
“Arif Alışanov dövlət məmurudur. Torpaq sahələrinin alınması üçün pulları da onun verdiyini heç özü də təkzib etmir, əksinə, təsdiqləyir. Təkcə torpaqlar üçün bu adam 5 -6 milyon pul verir. O pulları hardan alır? AzTV ona ayda 200 min manat maaş verir?”, – vəkil bildirib.
Alışanovun nümayəndəsi Zaur Abbasov vəsatətə etiraz edib. AzTV rəhbərinin vəkilləri deyib ki, Alışanov dövlət məmuru deyil, Qapalı Səhmdar Cəmiyyətin sədridir, ona görə də məmur sayılmır: “Biz burada konkret sui-qəsd cinayətini araşdırırıq. Zərərçəkənin torpağı hansı pulla alınmasının bu cinayət işinə aidiyyəti yoxdur”.
Qarşı tərəfin müdafiəçiləri Alışanovun nümayəndəsinə etiraz ediblər. Deyiblər ki, AzTV dövlət büdcəsindən maliyyələşir, ona görə də rəhbəri dövlət məmuru sayılır. Dövlət məmuru da qazandığı pulların, əmlaklarının hesabatını verməlidir. Məhkəmə bu vəsatəti də təmin etməyib.
Məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev isə Alışanovla bağlı vəsatətlərə belə münasibət bildirib: “Bəlkə, pullar ona babasından qalıb…”
Məlumatda deyilir ki, baş verən bu olaylar hakimiyyətin yuxarı dairələrində ciddi müzakirəyə səbəb olub və seçkidən sonra AzTv rəhbərinin karyerasına son qoyulacaq. Onun əmlakının yoxlanılması və cinayət məsuliyyətinin açılması da istisna edilmir…
Xatırladaq ki, Alışanov son illər ikinci belə bir olayla yadda qalır. Belə ki, bir müddət öncə də telejurnalist Qulu Məhərrəmlini onun barəsində səsləndirdiyi tənqidi fikrə görə məhkəməyə vermişdi. Özünü Tv rəhbəri, media nümayəndəsi kimi deyil, məmur kimi aparan AzTV rəhbəri məhz “diffamasiya” ilə gündəmə gəlmişdi, lakin hansısa xəyalı və arzusu gerçəkləşməmişdi…