AnalitikaDünya

Çin başqa ölkələrdən hərbi texnika almayacaq (ŞƏRH)

Çinin məşhur analitiklərindən Cen Hu qeyd edib ki, Çin yaxın gələcəkdə artıq heç bir ölkədən hərbi texnika və silah almayacaq. Analitikin sözlərinə görə, ölkəsi üçün gərəkli bütün hərbi texnikanı Çin özü istehsal edəcək.

Cen Hu fikrini belə əsaslandırıb ki, müdafiə sahəsində daxili istehsal Çinin müstəqilliyinin və təhlükəsizliyinin başlıca təminatıdır. Buna görə də, Çin hərbi texnologiyaları mənimsəməklə heç kimdən asılı olmayacaq.

Hədəf böyükdür. Yeni hərbi texnologilaya yiyələnmək və istehsalı təmin etmək üçün maliyyə və düşünən beyinlər lazımdır. Əlbəttə, Çinin maliyyəsi kifayət qədərdir. Ancaq bu çalışmalarda maliyyə işin yarısıdır. Çin uzun illərdir texnologiyaları və elmi sahələrdəki müxtəlif icadları Qərb ölkələrindən oğurlamaqla məşğuldur. Tək elə ABŞ-da texnoloji oğurluqlarla bağlı onlarla məhkəmə işi və yüzlərlə həbslər həyata keçirilib.

Çin Qərb ölkələrindən hərbi texnika ala bilməyib. Pekin son illər bu sahədə Rusiya ilə əməkdaşlığa ümid edib. Pekin bu sahədə Moskva ilə əməkdaşlığını davam etdirir. Ancaq Çin Rusiyadan yalnız hərbi texnika almaq istəmir, həmin texnikanın birgə və ya təkbaşına istehsalına da çalışır. Bu halda Moskva artıq tərəddüd edir. Doğrudur, Moskva Qərblə mübarizədə Pekini özünün tərəfdaşı sayır. Ancaq Rusiyanın siyasi və ekspert dairələrində Çinlə hərbi əməkdaşlıq məsələlərində ehtiyatlı olmanın vacibliyi də vurğulanır. Misal üçün Rusiya Çinə hansısa silah və hərbi texnika satanda Hindistanı da unutmur, bu ölkəyə də hərbi texnikanın satışını həyata keçirir. Bu hal isə Pekində narazılıqla qarşılanır.

Buna baxmayaraq, ABŞ-ın xarici və təhlükəsizlik siyasəti istər-istəməz Rusiya ilə Çin arasındakı ittifaqı gücləndirir. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev açıqlama verərək, ABŞ, Avstraliya və Böyük Britaniyanın formalaşdırdıqları AUKUS ittifaqının Rusiya və Çinə qarşı formalaşan növbəti hərbi blok olduğunu vurğulayıb: “Bu yeni NATO-dur. ABŞ yeni hərbi bloka başqa ölkələri də qoşmaq istəyir. Misal üçün ABŞ-ın formalaşdırdığı digər dördüyün – ABŞ, Hindistan, Yaponiya və Avstraliyanın məramı eynidir. ABŞ digər dövlətləri də anti-Rusiya və anti-Çin siyasət yürütməyə sürükləməyə çalışır”.

Nikolay Patruşev haqlıdır. ABŞ özünə iki rəqib seçib – Rusiya və Çin. Vaşinqton bu iki rəqibini zəiflətmək üçün əvvəlcədən hazırladığı planları reallaşdırmağa çalışır. Bu səbəbsiz deyil. Kreml 2008-ci ildə Gürcüstanı, 2014-cü ildə Ukraynanı parçalayanda, rusiyalı keçmiş xəfiyyələr Qərb ölkələrində müəammalı şəkildə qətlə yetiriləndə, xarici ölkələrdəki seçkilərə kiberhücumlar təşkil ediləndə, Çin isə uyğurları sıxışdıranda, “əmək düşərgələri” formalaşdıranda, qonşularına qarşı əzələ nümayişi həyata keçirəndə anlamalıydılar ki, Vaşinqton və müttəfiqləri baş verənlərə seyrçi qalmayacaqlar.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Back to top button