İqtisadiyyat

Araz vadisi iqtisadi zonası – səhvlərdən qaçmaq

Oktyabrın 4-də prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində «Araz Vadisi İqtisadi Zonası» Sənaye Parkının yaradılması ilə bağlı fərman imzalayıb.

Sənəddə deyilir ki, işğaldan azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması Sənaye Parkının yaradılması üçün əlverişli şəraiti təmin edir.

«Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda – Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması da Sənaye Parkının fəaliyyətə başlaması ilə daha səmərəli olar. Eyni zamanda, Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasında faydalı olacaq».

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Sənaye Parkının büdcədən ilkin olaraq 500 min manat ayrılıb. Azərbaycanda hazırda 5 Sənaye Parkı fəaliyyət göstərir. Dövlət başçısının bu ilin mayında imzaladığı fərmanla 6-cı – Ağdam Sənaye Parkı da yaradılıb.

2014-cü ilin dekabrın 26-da prezident İlham Əliyev «Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı»nı təsdiq edib. «Sənaye parkları haqqında Nümunəvi Əsasnamə»də isə deyilir ki, Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Lakin bəzi ekspertlərin fikrincə, Sənaye parklarının fəaliyyəti öz funksiyasını yerinə yetirmir, onların Azərbaycan iqtisadiyyatı üçün faydası isə çox cüzidir.

Azərbaycanda fəaliyyət göstərən Sənaye parklarının vəziyyəti necədir? Növbəti Sənaye parklarının yaradılmasına ehtiyac varmı?

İqtisadiyyat Nazirliyindən Turan-a bildirilib ki, 2021-ci ilin birinci yarımilində Sənaye parklarında 841 milyon manatlıq məhsul istehsal edilib, bu da ötən dövrlə müqayisədə 45 faiz çoxdur. Həmçinin 2020-ci ilin birinci yarısında Sənaye parklarının rezidentləri tərəfindən 195 milyon manatlıq məhsul ixrac olunmuşdusa, cari ilin eyni dövrdə 270 milyon manatlıq ixrac həyata keçirilib.

Qurumdan qeyd olunub ki, 2021-ci ilin birinci yarısında Sənaye parklarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 12,2 faiz, qeyri-neft sənayesi məhsullarının ixracında xüsusi çəkisi isə 22 faiz təşkil edib. Sənaye parkları üzrə qoyulmuş investisiyaların sənayenin qeyri-neft sektoruna qoyulmuş investisiyalarda xüsusi çəkisi 2021-ci ilin birinci yarısında 13,4 faiz olub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Turan-a bildirib ki, Azərbaycanda sənaye sahələri ümumi daxili məhsulun 35 faizini təşkil edir: «Hazırda ölkəmizdə 6 Sənaye parkı və 5 sənaye məhəlləsi var. Təkcə son 3 il ərzində bu parklarda 2,7 milyard manatlıq məhsul istehsal olunub. Bunun da təxminən 60 milyon manatı ixrac olunub».

Komitə sədri qeyd edib ki, hazırda bu parklarda 9300 adam çalışır: «Son 3 il ərzində həmin 9300 işçiyə Sənaye parklarının rezidentləri tərəfindən 320 milyon manat maaş ödənilib. Yəni, bu parkların sosial həyatda əhəmiyyəti kifayət qədər böyükdür, həm də iqtisadi əhəmiyyəti var, çünki məhsul istehsal və ixrac olunur. Ona görə də bu gün Azərbaycanın sənaye siyasətində Sənaye parklarının yeri böyükdür».

Deputatın sözlərinə görə, sayca yeddinci olan «Araz Vadisi İqtisadi Zonası» Sənaye Parkı kifayət qədər önəmli yerdə yerləşir: «Bu zonaya bir tərəfdən baxsaq Zəngəzur dəhlizinin açılması Naxçıvan, Türkiyə və Qərb istiqamətində əlaqələrin mövcüd olacağı, digər tərəfdən isə Xudafərin hissəsindən hazırda İrana keçid məntəqəsi açılıb ki, burada da İran və Cənub bazarlarına çıxışın olması, üçüncü tərəfdən isə Şərgi Zəngəzur və Qarabağ iqtisadi rayonunun resurslarının bu zonada reallaşması və bölgədə gedən böyük iqtisadi bərpa prosesləri kifayət qədər effektiv işləməsinə imkan yaradacaq».

İqtisadçı Toğrul Vəliyev isə bildirib ki, Sənaye parkları ilə bağlı vəziyyət fərqlidir: «İqtisadiyyat naziri Mikayıl Cabbarov periodik olaraq Sənaye parklarının istehsal etdiyi məhsullarla və ya parklara yatırımlarla bağlı kifayət qədər yüksək rəqəmləri səsləndirir. Amma məsələ ondadır ki, bizim bu rəqəmlərlə bağlı yeganə mənbəyimiz nazirin və ya digər rəsmi şəxslərin çıxışlarıdır. Təəssüf ki, hər hansı hesabat yoxdur və qiymətləndirmə aparılmayıb».

Ekspert qeyd edib ki, Sumqayıt Sənaye Parkının tərkibində olan müəssisələr vaxtilə Sumqayıtda yerləşmişdi: «Sonra orada infrastruktur olduğu üçün bərpa ediblər və bunu Sənaye Parkı kimi nümayiş etdirirlər. Bu isə heç bir effekt verməyəcək. Hətta Sənaye parklarının fəaliyyətilə bağlı ötən ilin əvvəlində məlumatlar var idi və fəaliyyətləri qənaətbəxş olmadığı göstərilmişdi».

Onun sözlərinə görə, yeni açılan Sənaye parkının öz məqsədi və təyinatı var: «Ağdam Sənaye Parkının məqsədi sənayedirsə, Cəbrayılda daha çox logistika və nəqliyyat istinad edilir. Məqsəd isə həmişə əsaslandırılmalıdır və ictimailəşdirilməlidir. Amma təəssüf ki, biz bu parkların iqtisadi əsaslandırılmasını heç yerdə görməmişik, o, heç yerdə dərc edilməyib. Sadəcə, fərman dərc edilib və yazılıb ki, Cəbrayıl İranla sərhəddədir deyə Sənaye Parkının məqsədi gələcəkdə tranzit rolunu oynamaqdır. Amma bu park olmasaydı, daha bir müəssisə olsaydı fərqi nə olacaqdı və parkın rolu göstərilməyib. Ona görə onun effektivliyinə dair çoxlu şübhələr var».

İqtisadçı deyir ki, bəzi müəssisələr Bakıda fəaliyyət göstərirlər, sadəcə, hüquqi ünvanları

Sənaye Parkının ərazisidir deyə, vergidən qaçmaq üçün gəlirlərini parka aid edirlər: «Parklarda fəaliyyət göstərən şirkətlər daha çox dövlətlə bağlı və ya dövlət şirkətlərdir. Bir çox hallarda onların məqsədi vergi güzəştindən istifadə etməkdir. Məsələn, deyilənə görə, Balaxanı ekoparkında çoxlu şirkətlər qeydiyyatdan keçib, amma park subsidiyalar hesabına yaşasa da heç bir fəaliyyəti yoxdur».

Bənzər yazılar

Back to top button