Siyasət

Azərbaycan “F-35” qırıcı təyyarələri alır?

Azərbaycanın İsraildən “F-35” qırıcı təyyarələri alacağı ilə bağlı iddialar yayılmağa başlayıb.

Bu barədə xarici KİV-lər xəbər yayıb.

Hətta İngiltərədə fəaliyyət göstərən ərəbdilli “Elaph” qəzeti artıq Azərbaycanda İsrailə məxsus “F-35” qırıclarının olması barədə xəbər yazıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov bu barədə açıqlama verərək, xəbərlərin əsassız olduğunu bəyan edib: “Müdafiə Nazirliyi tərəfindən hələlik bu barədə rəsmi açıqlama nəzərdə tutulmayıb. Bu formada müxtəlif məlumatlar yayılır, lakin bunlar təxribat xarakterlidir”.

Həmçinin, İran Dəniz Donanması Xəzər dənizinin Azərbaycan ilə sərhəd ərazilərinə 4 minə yaxın silahla təchiz edilmiş sürətli kater və qayıqlarını yerləşdirdiyi xəbərləri də geniş müzakirəyə səbəb olub.

Ümumiyyətlə, son zamanlarda İran və Azərbaycan arasında yaşanan gərginlik zamanı belə xəbərlərin çıxması heç də təsadüfi deyil. Çünki İran Azərbaycanda İsrailin hərbi mövcudluğu haqqında ölkəmizə qarşı əsassız ittihamlar səsləndimişdi.

Maraqlıdır, İsrail mediasında çıxan bu xəbərlər İrana mesaj xarakteri daşıyır? Hazırda Azərbaycana “F-35” qırıcı təyyarələri lazımdırmı?

Ehtiyatda olan polkovnik, hərbi-ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda ölkəmiz ətrafında İran və İsrail arasında gərginlik yaşanır:

“Hazırda çox güclü informasiya müharibəsi gedir. Bu xəbərlər də onun nəticəsidir. İsraildəki bəzi qüvvələr İranla vəziyyəti gərginləşdirmək üçün addımlar atır. Azərbaycan hansı ölkədən nə alacağını heç vaxt gizlətməyib və gizlətmir. Bizim hədəflərimizdən biri ən müsair silah-sursata sahib olmaqdır.

Ümumiyyətlə, “F-35” qırıcı təyyarələrini almaq bizim nəyimizə lazımdır? Azərbaycan Rusiya və İranla müharibə aparacaq? Bəlkə gələcəkdə lazım olsa, ala bilərik. O zamanda bunu heç kim bizə qadağan edə bilməz. Azərbaycan qardaş Pakistandan “JF-17” qırıcı təyyarələr alacaq. Onların alınması ilə bağlı danışıq olub və bunu gizlətmədik. Düşünürəm ki, “JF-17” qırıcı təyyarələr ilin sonunda ölkəmizdə olacaq.

İranda kimsə yuxuda görür ki, guya Azərbaycanda İsrail hərbçiləri var. Həmçinin, İran rəsmiləri Ermənistanda qoşun yerləşdirəcəklərinə dair bəyanat verdi. Bu bizim üçün problem deyil. Əgər İran həqiqətən müsəlman dəyərlərinə önəm versəydi, Quranı və Məscidi ən ağır şəkildə təhqir edən Ermənistanı “dost və qardaş ölkə” elan etməzdi”.

Ekspert qeyd edib ki, sərhəddəki heç bir İran kateri Azərbayana qarşı hərəkət edə bilməz:
“Guya İran katerləri bizə hücum edə bilər? Düşünürəm ki, o katerlərin heç biri sərhəddi keçməyə belə cəsarət edə bilməz. O katerlərin Xəzərə göndərilməsinin səbəbi İran və İsrail arasındakı gərginliyin nəticəsidir. Qeyd edim ki, İranın yeni xarici işlər naziri çox təcrübəsiz bir siyasətçidir. Çünki o, Azərbaycanın İrandakı yeni səfirini qəbul edərkən reallıqdan uzaq olan fikirlər səsləndirərək, hansısa sionist rejimdən danışır. İran və İsrail arasındakı problemin Azərbaycanın səfirinə nə aidiyyəti var?

Ümumiyyətlə, İranın yeni hakimiyyəti çox məsuliyyətsiz açıqlamalar səsləndirir. Lakin İranın siyasi rəhbərliyi öz bəyanatlarında diqqətli olmalıdır. Heç kim Azərbaycanın daxili işlərinə qarışa bilməz. Hesab edirəm ki, hazırda bəzi dövlətlər İrandan öz məqsədləri üçün istifadə etməyə çalışır. Həmçinin, Azərbaycan və İran arasındakı gərginli artırmaq lazım deyil. Ona görə ki, biz dost və qonşu dövlətlərik”.

Bənzər yazılar

Back to top button