HadisəManşet

Peyvənd saxtakarlığında adı keçən məmurla bağlı yeni iddia – Məhkəmədən inanılmaz qərar

“Ağcabədi rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin Avşar kənd Tibb Məntəqəsində 70 nəfərə yaxın şəxsə saxta COVİD-19 pasportu verilməsi bağlı məlumat vermişdik. Aşkar olunan faktlara görə Ağcabədi rayon sakinləri ilə yanaşı Bakı, Sumqayıt, Masallı, Kürdəmir və digər bölgələrdən olan şəxslərə Avşar kənd Tibb Məntəqəsində saxta COVİD-19 pasportu verilib.

Bu cinayət faktları ilə bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1. (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-ci (Vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi də başlanılıb. Amma aydın görünür ki, bu cinayət işində rüşvətxorluqdan bəhs edilmir. Halbuki, bu cinayəti törədənlər qanunsuz gəlir əldə etmək məqsədi ilə bu əmələ atıblar.

Ağabədi rayon sakini Şirinov Vətən Pöhrüz oğlunun prezident İlham Əliyev, Baş prokuror Kamran Əliyevə və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciətində isə cinayəti törədən şəxslərin kimliyinə aydınlıq gətirilmişdi.

Vətən Şirinov vətəndaşlara saxta COVİD-19 pasportu verilməsində Avşar kənd Tibb Məntəqəsinin həkimi Əyşən Ələkbərovanı və onun bacısının həyat yoldaşı Ağcabədi Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Hüseynov Hafiz Ədalət oğlunu ittiham edir. Vətən Şirinov da müraciətində qeyd edir ki, peyvəndləmə saxtakarlığı maddi maraq müqabilində həyata keçirilib.

Bütün bunlar göstərir ki, Ağcabədi rayon Prokurorluğu bu cinayət işi ilə bağlı araşdırmaya rüşvətxorluqla bağlı maddə də əlavə etməlidir.

Vətən Şirinovun prezident İlham Əliyev, Baş prokuror Kamran Əliyevə və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət edib və bundan sonra bu cinayət işinin ört-basdır edilməsi nonsens olardı. Belə qənaət yaranacaq ki, Prezident, Baş prokuror Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin məlumatlı olduğu cinayətin də üstünü ört-basdır etmək olar.

AzToday.az-a adı peyvənd saxtakarlığında keçən Ağcabədi Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Hüseynov Hafiz Ədalət oğlu ilə bağlı yeni məlumat daxil olub.

Məlumatda qeyd edilir ki, şöbə müdirinin atası Hüseynov Ədalət Hüseyn oğlunun bu ilin may ayında 70 yaşı tamam olub. May ayında da onunla Ağcabədi rayon Təhsil Şöbəsi arasında bağlanmış əmək müqaviləsi bitib. Təhsil Şöbəsinin rəhbərliyi isə Hüseynov Ədalət Hüseyn oğlu ilə bağlanmış müqavilənin başa çatması və bu şəxsin 70 yaşının tamam olması ilə bağlı 25 may 2021-ci ildə 418 saylı əmr imzalayaraq onu işdən azad etmişdir. Bu zaman Əmək Məclləsinin müfaviq maddələrinə və Nazirlər Kabinetinin 11 noyabr 2011-ci il tarixli “Dövlət büdcəsindən maliyyələşən müəssisələrində çalışmanın yaş həddinə çatma işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrində inkişafında xüsusi xidmətlərin maeyarları” haqqında qərarına istinad edilib.

Əmək müqaviləsinə xitam verilən Ədalət Hüsynova Təhsil Şöbəsi tərəfindən mükafat verilərək pensiyaya göndərilib. Ancaq bir müddət sonra Ədalət Hüseynov Ağcabədi rayon Məhkəməsinə müraciət edərək Təhsil Şöbəsinin 25 may 2021-ci il 418 saylı əmrinin ləğvini istəyib. Ağcabədi rayon Məhkəməsinin hakimi Etibar Bəhram oğlu Quliyev də 06 sentyabr 2021-ci tarixli, 2(017)-1318/2021 nömrəli qətnamə ilə Ədalət Hüsynovun istəyini təmin edib. İndi Ağcabədi rayonun sakinləri sual edirlər ki, hakim Etibar Quliyevin bu qərarı qəbul etməsində Ədalət Hüseynovun oğlu Hafiz Hüseynovun Ağcabədi Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri olmasının təsiri varmı?

Ümid edirik ki, aidiyyatı orqanlar bu suala cavab verəcəklər. Biz isə Ağcabədi rayonunda baş verən qanun pozuntularını izləməkdə davam edəcəyik.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button