AnalitikaGündəmManşetSiyasət

Tehran Moskvaya Azərbaycandan şikayət edir – İran nəyə nail olmaq istəyir? (ŞƏRH)

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Rusiyanın xarici işlər naziri iranlı həmkarıyla görüşdən əvvəl ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb. Lavrov bu yolla Tehranla Vaşinqton arasında vasitəçi olmağa çalışıb. Rusiya İranın nüvə proqramıyla bağlı yeni sazişin imzalanmasında maraqlıdır.

Buna baxmayaraq, İran prezidenti İbrahim Rəisi və onun mühafizəkar komandası yeni nüvə sazişinin imzalanması üçün Vaşinqtona şərtlər irəli sürüblər. Bu şərtlərdən əsası İrana qarşı sanksiyaların tamamının ortadan qaldırılmasıdır. Vaşinqton buna hazır deyil. Ona görə də yeni nüvə sazişinin imzalanması bu il də baş tutmaya bilər.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada Azərbaycandan da şikayət edib. Hüseyn Əmir Abdullahian Moskvada jurnalistlərə ilk açıqlamasında bunları deyib: “İran bölgədə sərhədlərin dəyişdirilməsinə, terrorçuların və sionistlərinə varlığına Rusiyanın da kəskin reaksiya verəcəyini gözləyir”.

Aydındır ki, İranın xarici işlər naziri “sərhədlərin dəyişdirilməsi, “terrorçular” və “sionistlər” dedikdə Azərbaycanı nəzərdə tutur. Azərbaycan işğal altındakı torpaqlarını azad etdib və Ermənistanla sərhədə çıxıb, Gorus-Qafan yolunun 21 kilometrini nəzarətə götürülüb. Tehran bunu “sərhədlərin dəyişdirilməsi” kimi qiymətləndirir. Halbuki, Azərbaycan özünə aid olanı götürüb. Maraqlıdır ki, Ermənistanın özü Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycaba məxsus olduğunu etiraf etsə də, Tehran dirənib ki, “sərhədlər dəyişdirilməməlidir”.

Tehran müharibə günlərində düşmən saydığı Qərb ölkələrinin bəzi mərkəzlərinə qoşularaq Azərbaycan tərəfdən “terrorçuların” savaşdığını səsləndirmişdi. Müharibədən sonra Qərbdə və Rusiyada “terrorçu” mövzusu unudulsa da, Tehran bu “mövzunu” yenidən diriltməyə və Azərbaycanın əleyhinə aktuallaşdırmağa çalışır. Nəhayət “sionistlər” mövzusuna gəldikdə, Tehran Azərbaycanda İsrail izi axtarmaqda davam edir.

Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsinə etiraz etmir. Əksinə, bu mövzuyla bağlı təkliflərini həm Bakıya, həm də İrəvana göndərib. Tehran isə Moskvaya demək istəyir ki, “sərhəd toxunulmazdır və işğaldan əvvəlki vəziyyətində” qalmalıdır. Bunun reallıqdan uzaq olduğunu Azərbaycan və Ermənistanla yanaşı Rusiya da anlayır. “Bölgədə terrorçular və sionistlər” var iddiasına gəldikdə, Tehran bu məsələdə də Kreml öz tərəfinə çəkə bilməyəcək. İsrail Rusiyaya dost dövlətdir və Tehranın bu iki dövlətin münasibətlərinə zərər vurması nəticə verməyəcək.

Keçmişdə Ermənistan rəsmiləri Moskvaya Azərbaycandan şikayət etməyə gedərdilər. İndi onlara İran rəsmiləri də qoşulub. Ancaq ermənilərin şikayətləri işə yaramadığı kimi iranlıların da şikayətlərinin Tehran üçün heç bir faydası olmayacaq. Rusiya-Azərbaycan münasibətlərində suallar olsa da, Kreml başqalarının saxta ittihamları əsasında Azərbaycanla münasibətləri gərginləşdirməyəcək.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Back to top button