Vyanada Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub

by Aztoday Xəbər Portalı

Bu günlərdə Vyanada Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub. Görüşdə siyasi partiyaların üzvləri və deputatlar iştirak ediblər. Bu barədə Qarabağın Azərbaycan icmasının rəhbəri, deputat Tural Gəncəliyev Tvitter hesabında yazıb.

Onun sözlərinə görə, görüş Avstriya hakimiyyəti və ekspert cameəsi tərəfindən təşkil edilib. Görüşdə müharibədən sonrakı dövrdə nizamlanma məsələləri müzakirə olunub.

Öz növbəsində Ermənistan kütləvi informasiya vasitələri bildiriblər ki, görüşdə Respublika Partiyasından Armen Aşotyan və Karen Avakyan, Maarifçi Ermənistan Partiyasından Edmon Marukyan iştirak ediblər.

Həmçinin diskussiyaya ATƏT, Avropa İttifaqı, Avstriya Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin nümayəndələri qatılıblar.

Hər iki tərəf müzakirələrin chatam house prinsipi üzrə keçdiyini bildirib ki, bu da detalların açıqlanmasına yol vermir.

Qeyd edək ki, Avropa İttifaqı tərəfindən analoji görüş ötən həftə Gürcüstanda keçirilib. Tədbirdə İkinci Qarabağ Müharibəsindən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələləri müzakirə olunub.

Bənzər Yazılar