“O təkcə Elçini deyil, bütün ailəmizi öldürüb”

by Aztoday Xəbər Portalı

Mərhum Elçin Əliyevin xanımı məhkəmədən Rövşən Əkbərova ömürlük həbs cəzası verməsini istəyib

Milli Qəhrəman, 20 il əvvəl Kiyevdə azərbaycanlı iş adamının qətlə yetirməkdə təqsirləndirilərək bu ilin martında həbs olunan general Rövşən Əkbərovun məhkəməsi davam edir. Onun işinə Bakı Hərbi Məhkəməsində baxılır.

Oktyabrın 6-da keçirilən məhkəmə iclasında 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Ukraynada 29 yaşında qətlə yetirilmiş Elçin Əliyevin həyat yoldaşı Fəxrintac Əliyeva şahid qismində dindirilib. O, generala ömürlük həbs cəzası verilməsini istəyib: “O, təkcə Elçini öldürməyib, bütün ailəmizi öldürüb. Ailəmiz darmadağın oldu. Mənim balalarımın gözü hələ də yolda qalıb”.

Həyat yoldaşının qətlə yetirilməsi xəbərini onun dostu Səməd Novruzovdan öyrəndiklərini deyən şahidin sözlərinə görə, əvvəlcə onlara hadisəni törədənin hərbçi olduğu bildirilsə də, konkret ad çəkilməyib: “Bizə dedi ki, hərbçidi. Həmin vaxt Rövşən Əkbərovun adını bilmirdik. Sonradan bizə bu ad deyildi…”

Mərhum Elçin Əliyevin yaxın dostu olmuş Səməd Novruzov da məhkəmədə dindirilib. O, hadisədən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovla (o da Elçin Əliyevlə dost olub) birlikdə Kiyevə gedərək, meyiti Bakıya gətirib: “Həmin gün Bakıdan Kiyevə birbaşa təyyarə reysi yox idi. Ona görə də Moskvaya, oradan Kiyevə uçduq. Hava limanında bizi səfirliyinin nümayəndəsi qarşılayıb otelə apardı. Səhəri gün mən morqa getdim. Orada Elçinin tanışları, dostları vardı. Ukraynalı hərbçi Mixail Qriqoriyeviç də orada idi. Ondan soruşdum ki, bunu kim eləyib? Dedi ki, sizinkilər (azərbaycanlılar). Sonra səfirliyə gəldik, orada bildim ki, həmin gün Elçin və yanında olan dostu səfirliyə gəlib, burada mübahisə olub, çıxıb gediblər. Skripkaya qulaq asmaq üçün səfirliyinin yaxınlığındakı kafeyə gediblər. Orada Azərbaycandan kursa gələn iki hərbçi ilə mübahisələri düşüb və Elçin ölüb. Həmin vaxt Elçinin yanında dostu Məzahir Şıxəliyev olub. Bu söhbətlər zamanı Nazim İbrahimov da səfirlikdə mənimlə birlikdə idi. Söhbət əsnasında hadisəni Rövşən Əkbərovun törətdiyini dedilər”.

O vaxta qədər Rövşən Əkbərovu tanımadığını deyən Səməd Novruzov əlavə edib ki, səfirlikdə eşidəndən sonra ona zəng eləyənlərə hadisəni generalın törətdiyini deyib.

“Elçinin öldürülməsi mənə hələ də qaranlıqdır. Özümə sual verirəm ki, Elçini niyə öldürüblər? Heç kimlə işi yox idi, davakar deyildi”, – şahid bildirib.

Təqsirləndirilən general şahiddən soruşub ki, onun adını eşidəndən sonra niyə özü ilə bu məsələni dəqiqləşdirməyə cəhd göstərməyib? Səməd Novruzov ona belə cavab verib: “Mən sadəlövh insan deyiləm. İstintaqın sübuta yetirə bilmədiyi cinayəti mənə deməyəcəkdiniz ki. Əlimdə ciddi sübutum olmadan sizi qətldə necə ittiham edəydim?”

Məhkəmə prosesi oktyabrın 13-də davam edəcək. Hakim bildirib ki, məhkəmədə dindiriləsi şahidlərdənb iki nəfər qalıb. Bunların biri mərhum Elçin Əliyevin anası Səmayə Əliyeva, digəri isə Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevdir. Nazir müavini hadisə vaxtı Kiyevdə olub.

Elçin Əliyev 2001-ci il mayın 31-dən 1-nə keçən gecə Kiyevdəki “Sikora” kafesində ürək nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib.

2003-cü ildə Ukrayna prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək, Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılmışdı.

2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi mərhumun valideynlərinin şikayəti əsasında qərar çıxararaq, bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda göstərilib ki, bu cinayət işi üzrə effektiv araşdırmalar aparılmayıb.

56 yaşlı Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb. 1995-ci ildə isə o, OMON-çulara qarşı əməliyyatı həyata keçirən əsas fiqurlardan olub.

2002-ci ildə ona general-leytenant rütbəsi verilib. 2011-ci ildə isə korpus komandiri təyin edilib.

O, özünü təqsirli bilmir. Hələlik məhkəmədə ifadə verməyən general ittihama münasibət bildirərkən orada yazılanları “film ssenarisi” adlandırıb.(Meydan TV)

Bənzər Yazılar