Umayra Tağıyeva: “Yağıntılar intensiv və güclü olub, dağlıq ərazilərdə qar yağıb”

by Aztoday Xəbər Portalı

“Bu ilin oktyabr ayı havanın temperaturunun aşağı düşməsi, yağışlı və çiskinli günlərlə başlayıb. Hətta bəzi bölgələrdə son altı gündə ay ərzində düşən miqdarda yağıntı qeydə alınıb, yağıntılar intensiv və güclü olub, dağlıq ərazilərdə qar yağıb”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib

O qeyd edib ki, ayın əvvəli son illərdə oktyabr ayında müşahidə edilən hava şəraitindən xeyli fərqlənib: “Paytaxt buludlara büründü, tutqun payız ab-havası bizi əhatə etdi, hər gün yağış yağdı. Buna səbəb Mərkəzi Rusiyadan gələn soyuq antisiklonun qolu və sıra-sıra ərazimizə daxil olan soyuq atmosfer cəbhələrinin təsiridir”.

U.Tağıyevanın sözlərinə görə, düşən yağıntının miqdarı Şəmkirdə aylıq normanın 94, Ağstafada 103, Oğuzda 93, Balakəndə 98, Zaqatalada 111, Lənkəran-Astara zonasında 23-41 faizini (63-103 mm) təşkil edib:

“Bu ay həmçinin sel hadisələri də qeydə alınıb. Yağan leysan yağışlar nəticəsində Əsrikçay-Əsrikcırdaxan (Tovuz), Girdimançay-Qaranohur (İsmayıllı), Talaçaydan (Zaqatala) sel keçib. Qar örtüyünün hündürlüyü Şahdağda 4, Qrız, Xınalıqda 3, Ləzədə 2 sm təşkil edib. Havanın orta sutkalıq temperaturu 16.9, 2020-ci ilin müvafiq dövründə isə 20.2 dərəcə isti olub ki, bu da ötən illə müqayisədə 3.3 dərəcə aşağıdır”.

Bənzər Yazılar