GündəmManşetSiyasət

Rəsmi Tehrandan inanılmaz həyasızlıq: “Azərbaycan öz ərazisindən terrorçuları təmizləməyə söz verib”

Moskvada səfərdə olan İran XİN başçısı “Rossiya 24” telekanalına müsahibəsində regionda real vəziyyətə zidd olan növbəti bəyanatlar səsləndirib.

Xüsusən, o bildirib ki: “Ermənistan və Azərbaycan bizim yaxşı qonşularımızdır və biz onlardan biri ilə digərinin əleyhinə işləyə bilmərik. Bu günlərdə Ermənistan XİN başçısı İranda səfərdə idi və yaxşı olardı ki, Azərbaycan XİN başçısı da Tehrana səfər etsin. Mən də imkan olan kimi Yerevana və Bakıya gedəcəyəm”.

Daha sonra o əlavə edib ki, “bəzi xarici qüvvələrin Cənubi Qafqaz regionunun sərhədlərini dəyişdirmək, sərhəd keçidlərini bağlamaq və ya yerini dəyişdirmək üçün bu regiona təsir etməyə çalışması” İranı narahat edir. Eyni zamanda, biz müharibə zamanı Qarabağda ortaya çıxan terrorçuların orada olduğunu görürük. Rəsmi danışıqlarda Azərbaycan nümayəndələri regionun terrorçulardan təmizlənməsi üzrə tədbirlər görməyə söz veriblər. Sionistlərin Azərbaycan ərazisindən regionumuzda həyata keçirdiyi təxribat xarakterli hərəkətləri də qeyd etməliyəm”.

Elə buradaca o bildirib ki, İran bu məsələləri dostluq və yaxşı qonşuluq əsasında həll etmək istəyir və İranı Azərbaycanla “böyük bir mədəniyyət təbəqəsi” birləşdirir.

Abdullahiyan İranın Naxçıvanla hava məkanını bağlamasının səbəbi haqqında suala cavab verməyib, sərt bəyanatlardan uzaq durmaq lazım olduğunu deyib. “Biz müdrikliklə Ermənistan və Azərbaycan arasında bütün problemlərin həllini tapa bilərik”.

Bu müsahibədən belə çıxır ki, Tehran hesab edir ki, Ermənistan və Azərbaycan arasında məhz o vasitəçi olmalıdır. Bundan başqa, İran digər ölkələrə Cənubi Qafqazda mövcud olub-olmayacaqlarını diktə etmək hüququna malikdir. O, həmçinin Bakının Tehrana hesabat verməli və başqa ölkələrlə münasibət qurmazdan əvvəl İrandan icazə almalı olduğunu hesab edir.

Rəsmi Bakı hələlik nazirin bu hədsiz bəyanatlarına, xüsusən Bakının öz ərazilərini “terrorçulardan” təmizləməyi söz verdiyi haqqında iddialarına reaksiya verməyib. (Turan)

Bənzər yazılar

Back to top button