Cəmiyyət

Məktəblərə vaxtından əvvəl istilik verilə bilər? (AÇIQLAMA)

Son günlər müşahidə olunan soyuq hava bağçalarda və məktəblərdə istilik məsələsini yenidən gündəmə gətirib. Azərbaycanda noyabrın 15-də qış rejiminə keçid nəzərdə tutulsa da, havaların soyuması təhsil müəssisələrinin qızdırılması problemini aktuallaşıb.

“Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti ilə “Azəristilik” arasında müqavilə bağlanıb:

“Ümumtəhsil müəssisələrin, mənzillərin istiliklə təchiz edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə hər il noyabrın 15-dən başlayır. Əgər havalar kəskin soyuyarsa və sözügedən dövlət qurumları məktəb və bağçalara nəzərdə tutulan müddətdən daha tez istilik verilməsini istəyərlərsə, bu təmin ediləcək. Hələlik havalar normal keçir. Məktəb və bağçaların istiliklə təminatına ehtiyac yoxdur”.

Qurum rəsmisi həmçinin vurğulayıb ki, bu il də ümumilikdə 287 məktəbin istiliklə təminatı nəzərdə tutulub: “Təkcə Bakı şəhəri üzrə məktəblərin sayı 130-dan çox, bağçaların sayı isə 161-dir. Hesab edirik ki, noyabrın 15-dək bütün təhsil müəssisələri istiliklə təmin olunacaq”.

Bənzər yazılar

Back to top button