İqtisadçı: “Fövqəladə Hallar Nazirliyinin mövcudluğu sual altına düşə bilər”

by Aztoday Xəbər Portalı

“Dövlətin ehtiyatlarını idarə edən vahid qurum olmalıdır”

“Bütün hallarda hökumətin gözlənilən fövqəladə hallar üçün çox müxtəlif ehtiyatları olmalıdır və bu ehtiyatlar da bir formada idarə olunmalıdır. Söhbət təkcə ərzaq ehtiyatlarından getmir. Sənaye təyinatlı elə məhsullar var ki, kritik vəziyyətlərdə idxal imkanları tükənəndə həmin ehtiyatlardan istifadə edə bilsin”.

Bunu iqtisadçı Rövşən Ağayev dövlət başçısının Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında Fərmanını Meydan TV-yə şərh edərkən deyib.

Prezident İlham Əliyev oktyabrın 7-də “Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” Fərman imzalayıb.

Fərmanda strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlığının artırılması əsas götürülüb.

Sənədə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyinin əsasında “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs (bundan sonra – Agentlik) yaradılıb.

Dövlət Taxıl Fondu da Agentliyin sərəncamına verilib.

Rövşən Ağayevin sözlərinə görə, Taxıl Fondunun Agentliyin sərəncamına verilməsi o anlama gəlir ki, bu sahədə pərkaəndəlik var: “Görünür, parakəndəlik olduğundan belə addım atılıb. Çox böyük ehtimalla hökumət bu məsələlər vahid bir qurumda birləşdirmək üçün belə bir qərar qəbul edib. Müxtəlif ehtiyatların parakəndə şəkildə ayrı-ayrı qurumlar tərəfindən idarə olunmasındansa, vahid dövlət idarəetməsinə verilməsi daha effektli olardı. Fərmanın bir bəndində Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin, habelə Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin balansında olan və Agentliyin fəaliyyəti üçün zəruri olan dövlət əmlakının Agentliyin balansına verilməsi də qeyd edilib. Mümkündür ki, ehtiyatların idarəeilməsi və tənzimlənməsi ilə vahid qurum yaratmaq istəyirlər”.

FHN-nin Dövlət Material Ehtiyatları Agentliyinin və Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” ASC-nin balansında olan dövlət əmlakının Agentliyin balansına verilməsinə gəlincə, iqtisadçı ehtimal edir ki, gələcəkdə bəzi struktur dəyişiklikləri də ola bilər.

Onun sözlərinə görə, gələcəkdə Fövqəladə Hallar Nazirliyinin özünün də bir qurum kimi mövcudluğu sual altına düşə bilər: “Dünyada bu cür nazirlik statusunda və böyük səlahiyyətə malik nazirlik olması təcrübəsi çox az yayılıb. Bəli, Rusiyada və Azərbaycanda var, amma əksər ölkələrdə fövqəladə hallarla bağlı əsas yanğınsöndürmə fəaliyyətidir. Müxtəlif ölkələrdə bu qurum ya daxili işlər orqanlarının, yaxud bələdiyyələrin sərəncamənda olur. Tikinti ilə bağlı səlahiyyətlər isə ümumiyyətlə Fövqəladə Hallar Nazirliyinin tərkibində olmur, əsasən şəhərsalma orqanları və ya bələdiyyələrin srəncamında olur. Məsələn, Türkiyənin timsalında bu məsələlər haqqında qərarları şəhər bələdiyyələri, bir hissəsini isə Şəhərsalma və Çevrə Bakanlığında qəbul edir. Bildiyimə görə, bu məsələ bir müddət öncə hökumət daxilində müzakirə olunub da. Eşitdiyimə görə, hansısa bir mərhələdə Fövqəladə Hallar Nazirliyinin ləğv olunması və səlahiyyətlərinin müvafiq qurumlar arasında bölüşdürülməsi real görünür. Bəlkə, hazırlaşırlar, bilmirəm”.

Fərmanda qeyd olunur ki, Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti yaradılıb.

Qurumun İdarə Heyətinin sədrini və onun müavinlərini dövlət başçısı vəzifəyə təyin və vəzifədən azad edəcək.

Bənzər Yazılar