ManşetSiyasət

“Ermənilər gözləyirdilər ki, biz, qalib tərəf kimi onları aşağılayacağıq” – “İranın atacağı hər hansı bir addım çox pis nəticələr verə bilər”

Mehman Əliyev: “Avropa Birliyinin prezidenti Bakıya səfər etmişdi, tərəflər razılaşma əldə edə bilmədiyindən hökumətə qarşı təzyiqlər genişlənib”

Bir neçə gün əvvəl Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin üzvləri Tiflis şəhərində bir araya gələrək, müharibədən sonra yaranan vəziyyət və gələcəkdə atılacaq addımlar haqqında ictimai müzakirələr aparıblar. Bu müzakirələr qeyri-rəsmi xarakter daşımasına baxmayaraq, ciddi maraq kəsb edir.

“AzPolitika.info” Tiflis görüşü və regionda gedən proseslər mövzusunu həmin görüşdə iştirak etmiş “Turan” Agentliyinin direktoru, analitik Mehman Əliyevlə müzakirə edib:

– Mehman bəy, Soçidə Ərdoğan-Putin görüşü baş tutdu, bunun ardınca İran-Azərbaycan əlaqələrində gərginlik yaşandı, eyni zamanda Azərbaycan və Ermənistan liderləri birbaşa təmas barədə ümidverici açıqlamalar verdi. Bu kontekstdə regionda cərəyan edən prosesləri necə dəyərləndirmək olar?

– Hesab edirəm ki, regionda hər şey qaydasındadır. Diqqət etsək görərik ki, bir tərəfdən Rusiya-Türkiyə, digər tərəfdən Rusiya-Azərbaycan münasibətləri, habelə Moskva-Ankara-Bakı üçbucağında hər şey öz axarı ilə davam edir. Əlbəttə, biz Tehran-Bakı xəttindəki gərginliklə yanaşı, gözlənilən Ankara-Tehran-Bakı müstəvisində də mümkün təmasların gündəmdə olmasını unutmamalıyıq. Əslində, bu göstərir ki, regionda iş birliyi var. Tarixi boyu rus-türk toqquşmasına şahidlik edən regionumuz indi bu qüvvələrin əməkdaşlıq mərkəzinə çevrilib. Ümümən belə əməkdaşlıq müstəsna olaraq yalnız Cənubi Qafqaz regionunu əhatə etmir. Müşahidə etdiyimiz iş birliyi hazırda keçmiş Osmanlı İmperiyasının demək olar ki, bütün ərazilərini əhatə etməkdədir – Şimali Afrikadan tutmuş Suriyaya qədər geniş sahəni. Artıq bu qüvvələr Əfqanıstanda da mümkün əməkdaşlıq perspektivlərini nəzərdən keçirirlər. Maraqlıdır ki, bir-birini anlamaqla Türkiyənin Orta Asiyadakı dayaqlarınaruslar etiraz etmirlər. Əslində, çox maraqlı bir kontekst var və bunun içərisində qeyd etdiyim proses cərəyan edir.

Soçidə baş tutan Ərdoğan-Putin görüşü göstərir ki, ortada razılaşma var. Əlbəttə, orada əsas gündəm mövzusu Suriya ilə bağlı idi, tərəflər də bunu qeyd edib. Əslində, proses tamamlanmaq, Suriyadakı hərbiləşmiş silahlı qruplar tərkisilah edilmək üzrədir. Bu qrupların zərərsizləşdirilməsi və həminərazilərdə hökumətin nəzarətini bərpa etmək istiqamətində qarşılıqlı razılaşma prosesi gedir. Ortada bütövlükdə Ankara ilə Moskvanı qane edəcək nəticələr var. Eləcə də Cənubi Qafqazla bağlı.

– Soçi görüşündə Cənubi Qafqazla bağlı hansısa razılaşmaların əldə olunduğuna işarə edirsiniz?

– Mən reallığa istinad etməklə deyərdim ki, Cənubi Qafqazda hər hansı bir problem yoxdur. Əsas məsələ İdlib idi. Bu mövzuda gərginlik və anlaşılmazlıq yaranması ehtimalı ola bilərdi. Bizim regionda isə hər şey qaydasındadır, proseslər öz axarı ilə gedir. Hesab etmirəm ki, burada hər hansı problem var. Cənubi Qafqazda, konkret olaraq Qarabağ mövzusunda biz Ankara ilə Moskvanın toqquşmasını görmürük. Biz Türkiyə və Rusiya arasında ən azından bir-birinə qarşı səslənən bəyanatlar, hansıki, hazırda İran tərəfindən səslənir, müşahidə etmirik.

Götürək İran məsələsini. İran tərəfindən bəyanatar səslənir. Amma müstəqilliyimizi bərpa etdiyimizdən bu yana olan 30 illik təcrübəmiz göstərir ki, İran tərəfindən bu sayaq bəyanatlar, iddialar və fikirlər başqa kontekstlərdə dəfələrlə səsləndirilib. Lakin nəticə olaraq Azərbaycana qarşı praktiki addımlar atılmayıb. Ona görə də indiki gedişlər məncə, ona hesablanır ki, xarici qüvvələrin-ABŞ və İsrailin Azərbaycanda aktivliyinin azaldılmasına nail olunsun. İranda anlayırlar ki, burada müharibə zamanı və müharibədən sonra qeyd etdiyim ölkələrin mövqeyi güclənib. İran bu prosesin bir qədər yubadılmasına nail olmaq məqsədilə addımlar atır. Başqa nüans yoxdur.

Bu arada onu da qeyd edim ki, Qərb tərəfdən Azərbaycana müəyyən qədər təpkilər artıb. Məsələn, ABŞ Konqresi qətnamə qəbul edib. Eləcədə AŞ PA-da hansısa sənəd qəbul olunub. Həmçinin Qərb ölkələrinin televiziya kanallarında Azərbaycan hakimiyyəti ilə bağlı xüsusi filmlər hazırlanır və nümayiş olunur. Tənqidi çərçivədə. Həm də çalışırlar ki, buna Azərbaycanda da baxsınlar. Eləcədə başqa bəyanatlar, çağırışlar var. Mənim qənaətimcə, bu,daha çox onunla bağlıdır ki, Azərbaycan islahatlar həyata keçirsin, Avropa Birliyi ilə strateji sənəd imzalasın. Əsas məsələ bunlardır.

Məncə, Qarabağda qalan ermənilərə hansısa status haqqında fikirlərin səsləndirilməsi də bu məqamlarla bağlıdır. Başqa sözlə, status haqda danışmaq həm də Bakıya qarşı təzyiq elementindən istifadə etmək anlamına gəlir. Biz deyirik ki, status məsələsi yoxdur, onlar deyir ki, bu, həll edilməyib. Yəni status ifadəsi ətrafında gərginlik yaradılır. Mənim fikrimcə, bu, daha çox onunla bağlıdır ki, Azərbaycan hökuməti siyasi isalahatların aparılmasında ləng tərpənir, bundan yayınır. Diqqət edin, sonuncu dəfə Bakıya Avropa Birliyinin prezidenti səfər etmişdi. Onun səfərindən sonra proses başladı. Xüsusilə, sentyabrda. Məncə, Bakıda tərəflər razılaşma əldə edə bilmədiyindən hökumətə qarşı təzyiqlər genişlənib.

– İranın Azərbaycana yönələn irad və ittihamları səngimir. Sizcə, Xomeneinin Azərbaycana “şapalaq” hədəsinin ardınca başqa hansı addımlar atıla bilər?

– İranın gücü yoxdur ki, şapalaq vursun. Bu, ritorikadır. Burada söhbət Azərbaycandan getmir. İranın düşmənçilik etdiyi çox böyük dövlətlər var. Bu mənada İranın nəzəri baxımdan atacağı hər hansı bir addım çox pis nəticələr verə bilər. Məsələn, Türkiyənin özünün burada iştirakını nəzərə alın. Hamı başa düşür ki, bu, sadəcə ritorikadır. İran da yalnız narazılığını bildirir. Amma onun resursları yoxdur ki, təzyiq və təsir etsin, vəziyyəti dəyişsin. Belə ritorika isə həmişə olub. Azərbaycan və Qərb münasibətlərinin hansısa mərhələsində İran tərəfindən belə davranışlar ortaya çıxıb.
– Mehman bəy, Sizin də daxil olduğunuz vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət olan heyət Tiflisidə erməni ictimaiyyətinin bir qrup fəal nümayəndəsi ilə görüşərək, müzakirələr aparıb. Bu müzakirələr barədə nə deyə bilərsiniz?

– Deyərdim ki, müharibədən sonra Azərbaycan və Ermənistan cəmiyyətlərində müharibənin nəticələri və gələcəklə əlaqədar müəyyən fikirlər formalaşıb. Bu fikirlər və mövqelər hakimiyyətlərin mövqe və gedişlərindən o qədər də fərqli deyil. Məsələn, biz Tiflis görüşü zamanı kommunikasiyaların açılması məsələsinə vurğu etmişik. Eləcə də sərhədlərin delimitasiyası, tərəflərin bir-birini tanımasının vacibliyini gündəmə gətirmiş və səsləndirmişik. Erməni nümayəndələri isə daha çox üstünlüyü “status məsələsinə” verir, bundan başlayırdılar. Deyirdilər ki, gəlin statusdan başlayaq, buna baxılmalıdır. Bütövlükdə onları narahat edən statusdur, daha doğrusu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində yaşayan erməniləri nə gözləyir və nələr ola bilər məsələsidir. Onlar deyirlər ki, status zəmanət kimi lazımdır ki, sonradan orada problemlər olmasın. Bir sözlə, mövqelər daha çox bu məqamların üzərində qurulub.

Amma burada bir detal var. Tiflisidə fikir mübadiləsi aparanda hiss olunurdu ki, ermənilər bizdən başqa şey gözləyirmiş. Yəni biz qalib tərəf kimi onları aşağılayacağıq, onlara yuxarıdan aşağı baxacağıq və s. Onlar əvvəlcədən buna hazırlaşmışdılar. Biz isə sakitcə əyləşdik, emosiya olmadan mövqeyimizi bildirdik, vəziyyəti başa salmağa çalışdıq. Onlar da gördülər ki, real cəmiyyətlə dialoq aparırlar. Məncə, sakitcə, emosiyaya qapılmadan müzakirələr aparmaq, cəmiyyətin istəklərini səsləndirmək daha münasibdir, nəinki vətənpərvər nöqteyi-nəzərdən danışmaq. Bu mənada qeyd edim ki, görüş effektiv oldu.

– Bu tədbiri kim təşkil etmişdi, Azərbaycandan və Ermənistandan kimlər iştirak edirdi?

– Bizim tərəfimizdən rəsmi şəxslər yox idi. Əsasən vətəndaş cəmiyyətinin nümayəndələri idi. Açığını deyim ki, onların bəzilərini mən yaxşı tanımıram, cavan mütəxəssislərdir. Biz tərəfdən Eldar Namazov iştirak edirdi. Əhməd Əlili isə Azərbaycan tərəfinin koordinatoru idi. Ermənistan tərəfindən də ictimai xadimlər idi. Eyni zamanda, onlar tərəfdən Nazirlər Kabinetinin ictimaiyyətlə əlaqələr bölməsinin direktor müavini iştirak edirdi. O da normal danışırdı. Onunla ayrıca söhbətimiz də oldu.

– Müzakirələr nə qədər vaxt apardı?

-Ermənilərlə bir gün danışıq aparmışıq. Sonrakı gün gürcülər də prosesə qatılıb. Gürcüstanın xarici işlər nazirinin birinci müavini də həmin müzakirələrə qatılmışdı. Burada artıq Cənubi Qafqazda sabitlik və üçtərəfli əməkdaşlıq məsələsi diqqət mərkəzində idi. Əlbəttə, bu prosesdə Gürcüstanın vasitəçiliyi məsələsi bizim tərəfimizdən qaldırıldı, perspektivlər haqqında danışıldı.

– Bu təşəbbüs və ya ideya haradan yaranmışdı, ümumilikdə bu tədbirin təşkilatçısı və təşəbbüskarı hansı qurum olub?

– “Links Europe” adlı bir Avropa təşkilatı var, onlar hər zaman sülhməramlı layihələrlə işləyirlər. Mən həmin təşkilatı 1993-cü ildən tanıyıram. Bu tədbirin ideyası da onlardan gəlmişdi. Qeyd edim ki, orada Avropa Birliyinin nümayəndələri də var idi və müşahidə edirdilər. Amma onlar sadəcə qulaq asır, baxırdılar. Yəni müdaxilə etmirdilər.

– Vətəndaş cəmiyyətinin nümayəndələri arasında görüşlər davam edəcəkmi, yoxsa bu, sadəcə bir dialoqla yekunlaşıb?

– Gözlənilən odur ki, növbəti ilin qış aylarında görüş olsun. Amma vacib odur ki, Azərbaycan və Ermənistan tərəfinin rəsmiləri gözlənilən görüşlərdə nələri müzakirə edəcəklər, hansı qərarlar verəcəklər. Məncə, bundan çox şey asılı olacaq. Yuxarıda nə qədər müsbət proses getsə, vətəndaş cəmiyyətləri arasında da buna uyğun iş aparılacaq.

Yox, əgər yuxarı səviyyədə bir razılıq əldə edilməsə, aşağı səviyyədə hansısa proseslərin getməsi olduqca çətindir. Yəni bunlar bir-birinə bağlı məsələlərdir.

Bənzər yazılar

Back to top button