GündəmManşetSiyasət

20 il əvvəl Namiq Abbasov Ruhaniyə nə demişdi? – Keçmiş səfir qapalı görüşdə danışılanları açdı

Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənov 2001-ci ildə iki ölkə arasında baş vermiş gərginliklə bağlı maraqlı faktlar açıqlayıb.

Xatırladaq ki, həmin vaxt İranın hərbi təyyarələri nümayişkəranə şəkildə Azərbaycanın hava məkanına daxil olaraq ölkəni təcavüzlə hədələmişdi. Buna cavab olaraq Azərbaycan rəhbərliyinin dəvəti ilə Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” qırıcılarının bir eskadronu Bakı üzərində dövrə vuraraq Tehrana gərəkən mesajı çatdırmışdı. Bu hadisədən sonra İran rəhbərliyi geri addım atmağa məcbur oldu.

Keçmiş səfir “modern.az” saytına müsahibəsində bildirib ki, 2001-ci ilin iyun ayında İranın eks-prezidenti Həsən Ruhani o dövrdə ölkənin Təhlükəsizlik Şurasının katibi kimi Azərbaycana rəsmi səfərə gəlmişdi: “Səfər zamanı Ruhani və başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın o vaxtkı milli təhlükəsizlik naziri Namiq Abbasovla görüşmüşdü. Onda Ruhani belə bir iddia səsləndirmişdi: “İranla Azərbaycan dost və qardaş ölkələrdir. Biz müsəlmanıq, şiəyik. Amma Azərbaycan öz ərazisində İsrailə imkan verib ki, İranın sərhədlərinə yaxın bölgələrdə hərbi qurğular quraşdırsın. İsrail o qurğular vasitəsilə İranın ərazisinə nəzarət edir””.
A.Həsənovun sözlərinə görə, Ruhani bununla göstərmək istəyib ki, guya Azərbaycanda İranın təhlükəsizliyinə xələl gətirə biləcək fəaliyyət göstərilib. Keçmiş diplomat əlavə edib ki, Ruhani bu məsələ ətrafında 15 dəqiqə çıxış edib: “Namiq Abbasov ona axıra qədər qulaq asdı və çox lakonik, qısa cavab verdi: “Təhlükəsizlik Şurasının katibi kimi dediyiniz fikirlərlə bağlı sizin əlinizdə fakt olmalıdır. Siz fakta əsaslanmalısınız. Əgər dediyiniz düzdürsə, siz o qurğuların yerini də bilməlisiniz. Siz xəritəyə barmağınızı qoyun və o qurğuların harada olduğunu göstərin. Mən maşın təşkil edim və elə indi burdan durub birbaşa dediyiniz yerə gedin və baxın””.

Abbasəli Həsənov vurğulayır ki, Həsən Ruhani Namiq Abbasova cavab verə bilməyib. “Çünki iddialarının arxasında fakt olmalı idi. Sonra 2-3 nəfər bir-birinin üzünə baxdı, amma heç nə deyə bilmədilər. Məlum oldu ki, söylədikləri uydurmadır”,- o qeyd edib.

Görünür, düz 20 ildən sonra İran yenidən belə uydurmalarla Azərbaycanı hədələmək eşqinə düşüb.

Bənzər yazılar

Back to top button