Cəmiyyət

“Təzə çəkilən yola niyə bir həftə sonra yamaq vurulmalıdır?” – Deputatdan hökumətə çağırış

Xəbər verdiyimiz kimi, Bakının Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində iki gün əvvəl təmir olunaraq istifadəyə verilən yol dünən yenidən qazılıb. Bu da sosial şəbəkələrdə və ətrafda yaşayan insanların ciddi narazılığına səbəb olub.
Qaynarinfo-ya məsələ ilə bağlı açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bu cür problemlərin təkcə Bakıda deyil, bölgələrdə də müşahidə olunduğunu bildirib:
“Görürsən ki, yol çəkilib, istifadə verdikdən sonra su, işıq, rabitə və digər idarələr gəlib yolu qazır. Belə hallar tez-tez olur. Hesab edirəm ki, yol çəkilməzdən əvvəl bütün bunlar həll edilməlidir. Yol çəkiləndə bütün prosedurlar digər qurumlarla da razılaşdırılır. Birbaşa götürüb yol çəkmirlər axı? Əvvəlcə su xətti çəkilməlidirsə və yaxud başqa işlər görülməlidirsə, bunlar edilməli və sonra yol çəkilməlidir.
Vətəndaşlar tamamilə düz deyir. Asfalt döşənir və bir həftən sonra görürsən ki, yenidən sökürlər. Ola bilər yolun altından keçən hansısa xətlərdə qəza olsun. Bu başa düşüləndir. Amma daha iki gün sonra yox. Yolu iki gün əvvəl çəkmisinizsə, elə ondan əvvəl əraziyə yerə baxış keçirilməli, problemlər müəyyənləşdirilərək həll edilməlidir. Bu məsələlər dövlət qurumları arasında kordinasiyalı şəkildə razılaşmalıdır”.
Vahid Əhmədov əlavə edib ki, bu cür problemlər illərdir vətəndaşlar, ekspertlər, deputatlar tərəfindən səsləndirilir: “Problemi səsləndirməklə onu həll edə bilmərik. Hökumət buna reaksiya verməlidir, yolların çəkilməsi ilə bağlı qərar işləyib hazırlamalıdır. Bunun prinsiplərini göstərməlidir. Yəni necə olmalıdır ki, belə nöqsanlara yol verilməsin. Razılaşmanı elə aparmaq lazımdır ki, asfalt 3 ay gec verilsin, amma 10 il problem olmasın”.
Deputat vurğulayıb ki, hər il yeni istifadəyə verilən yolların belə problemlər səbəbindən dövlət büdcəsinə ciddi ziyan vurulur: “Həmçinin yeni istifadəyə verilən yolun hansısa hissəsi dağıdılıb və yenidən yamaq qoyulduqdan sonra əvvəlki effekti vermir. Amma dağılan yollara yamaqlar vurulur. Bir ay sonra yağış yuyur və çuxurlar əmələ gəlir. Digər tərəfdən avtomobillərə də ciddi ziyan dəyir”.

Bənzər yazılar

Back to top button