Siyasət

Ukrayna Türk Şurasında müşahidəçi statusu almaq üçün müraciət edib

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu bildirib ki, “bu gün Ukrayna Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında (Türk Şurası) müşahidəçi statusu almağa tərəfdardır. Bu məsələ noyabrın 12-də Türk Şurası sammitində liderlərin müzakirəsinə çıxarılacaq”.

O bu barədə Lvovun ali məktəblərinin birində “Qabaqcıl müasir tendensiyalarda diplomatiya: Beynəlxalq diplomatiyaya yeni məzmunun gətirilməsi” mövzusunda müzakirələrdə çıxış edərkən bildirib, “Anadolu” agentliyi xəbər verir.

Türkiyə diplomatiyasının rəhbəri regional əməkdaşlıq mexanizmlərinin, o cümlədən təşkilatlar səviyyəsində işə salınmasının vacibliyini qeyd edib.

O, yeni dünya düzəninin qurulmalı olduğu qaydalar toplusunun formalaşmasına tərəfdar olan ölkələrin yanaşmasındakı fərqlərə də diqqət çəkib.

“Söhbət məhz hansı qaydalardan gedir? Qərb, Çin və ya Rusiya bunun altında müxtəlif ideyaları nəzərdə tuturlar. Ərazi bütövlüyü və insan hüquqları kimi minimal beynəlxalq hüquq standartları üzrə konsensusa gəlmək vacibdir”, – Çavuşoğlu deyib.

Türk Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvanda yaradılıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası müasir türk dövlətlərini birləşdirən beynəlxalq təşkilatdır. Məqsəd üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə Türk Şurasının tamhüquqlu üzvləridir, Macarıstan isə müşahidəçi üzvdür.

Türkiyə Şurasının VIII sammiti noyabrın 12-də İstanbulda olacaq. Sammitdə Şuranın “Türkdilli dövlətlərin təşkilatı” adlandırılması planlaşdırılır. İyunun sonunda Türkmənistan Xarici İşlər Nazirliyi bildirib ki, ölkə Türk Şurasına xüsusi statusla qoşulmağın mümkünlüyünü nəzərdən keçirir.

Bənzər yazılar

Back to top button