ManşetSiyasət

Elmar Məmmədyarov istefa verəcəkmi?

Ən böyk ehtimalla ABŞ-a səfir göndərilə bilər

Ölkə prezidentinin korrupsiya və rüşvətxorluğa qarşı başlatdığı genişmiqyaslı mübarizə Xarici İşlər Nazirliyinə (XİN) də gedib çıxdı. Halbuki Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının Xarici İşlər Nazirliyində xüsusi əməliyyat aparması xəbəri ilk baxışdan Azərbaycan cəmiyyəti üçün anlaşılmaz oldu. Sual olunurdu ki, XİN-də korrupsiya, “yeyinti” mənbəyi varmı və ya DTX-nin cəlb edildiyi elə böyük həcmdə rüşvət faktı ola bilərmi?

Əməliyyat zamanı həbs edilənlər və hadisənin sonrakı inkişafı, rəsmi açqılamalar təsdiq etdi ki, Xarici İşlər Nazirliyində də korrupsiya mənbəyi varmış. Həbs olunanlar da elə-belə adamlar deyilmiş. Hazırkı nazir Elmar Məmmədyarovun yaxın dostu, ən çox inandığı, Nazirliyin Tender Komissiyasının sədri, nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadədir. Fərhad Mollazadə isə Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin əmisi oğludur. O da məlum olub ki, F.Mollazadə 2000-ci ildən Azərbaycan Memarlar İttifaqının vitse-prezidenti, 2007-ci ildən Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin katibidir. O, 2016-cı ildə “Azərbaycan Respublikasının Əməkdar memarı” fəxri adına layiq görülüb. Həbs olunan digər şəxs, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə müğənni Safura Əlizadənin atası, keçmiş Sənaye və Energetika naziri Natiq Əliyevin qudasıdır. Üçüncü şəxs Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin kimin qohumu olduğu müəyyən olunmasa da, sırf rüşvətə bulaşdığı barədə məlumat verilib. Oğlu Nicat Abdullayevin avtoxuliqanlıqda və yaşadığı binada özbaşına hərəkətləri ilə gündəmə gələn Nurpaşa Abdullayevin həm də Bakının 3-cü mikrorayonundakı bazarın sahiblərindən biri olması iddia edilir.

Rəsmi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Mollazadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma, Nurupaşa Abdullayev isə rüşvətalma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Elmar Məmmədyarovun adıçəkilən işçiləri XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılmış, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq araşdırmaları zamanı Fərhad Mollazadə və Səlim Əlizadə tərəfindən XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Həmçinin Fərhad Mollazadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunub.

Bundan başqa, aparılan araşdırmalarla Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən şəxslərdən F.Mollazadənin ilkin ifadəsinin bir hissəsində korrupsiya faktı etiraf edilir: “İstədiyimiz şirkətlərə imkan yaratmışıq. Tender proseduru ilə Səlim məşğul olurdu. Mən də komissiyanın sədri idim. Bu prosedurlarda qanunsuzluğa yol vermişik. Köçürülən məbləğlərdən bir hissəsini geri almışıq. 10 faiz özümə götürürdüm, 10 faiz Səlimə verirdim. Qalan vəsaiti də nazirliyin işlərinə sərf edirdik. Heyfslənirəm ki, belə addım atmışam. Başa düşürəm ki, düz hərəkət eləməmişəm”.

Aztoday.az xəbər verir ki, XİN-dəki qanunsuzluqlar, korrupsiya ilə bağlı illərdir mediada xəbərlərə rast gəlmək olur. Emira Axundovanın səfir olmaq üçün 1 milyon dollar rüşvət verdiyi iddiası ilin əvvəlində medianın gündəminə gəlmişdi və bir müddət sonra E.Axundova Ukraynaya səfir təyin olundu.

Göründüyü kimi, vəziyyət o qədər də sadə deyil və Azərbaycanın xarici siyasətinə, dolyası yolla dövlətin imicinə və dövlətin təhlükəsizliyinə cavadeh olan XİN-də bazar qayda-qanunları ilə müşayiət olunan hallar baş verib. Hələlik məhkəmə olmasa da, dövlətə dəyən ziyan barədə iddiaların ciddiliyi, faktların şübhəli şəxslərdən biri tərəfindən ictimaiyyətə açıq şəkildə etiraf edilməsi Nazirliyə rəhbərlik edən şəxsin birbşa məsuliyyət daşıdığından xəbər verir. Üstəlik, XİN-də baş verənlərin nazir Elmar Məmmədyarovun övladlarının ABŞ-da 4 milyon dollara iki ev alması iddiasının gündəmə gəlməsi ilə bağlı ola bilər.

Bu halda nə baş verməliydi?

Elmar Məmmədyarov vəzifədən getməliydi. Azərbaycanda hələ istefa mədəniyyəti formalaşmadığı üçün nazirdən bunu gözləmək bir qədər sadəlövhlük ola bilər. Amma yaxınlarda Elmar Məmmədyarovun bu postdan gedəcəyi sözsüzdür.

Bəs görəsən, Elmar Məmmədyarovun taleyi necə olacaq, cinayətə göz yumduğu üçün o da həbs olunacaqmı? Mədəniyyət naziri Əbülfəs Qarayevin işdən qovulduqdan sonra heç nə baş vermədiyi üçün XİN rəhbərinin də həsb olunması məsələsi qeyri-mümkün görünür.
Ən əsası da, yuxarıda qeyd olunduğu kimi, onun tutduğu post həm dövlətin imici, təhülükəsizliyi baxımından önəmlidir. Bu adam ATƏT-in Minsk qrupu çərçivəsində və digər formatlarda neçə illərdir aparılan sülh danışqılarının əsas iştirakçısı olub. Ən pis halda Elmar Məmmədyarov xarici ölkələrdən birinə səfir göndərilə bilər. Hətta bu yaxınlarda Nyu-Yorkda ailə quran oğlu Riyada yaxın olmaq üçün Azərbaycanın BMT-dəki nümayəndəsi, ABŞ-da səfiri də ola bilər. Bunların baş verməsini isə Mollazadənin sonrakı etirafları və zamandan asılıdır.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button