Əli Həsənov Hafiz Hacıyevə zəng edib

Print Friendly, PDF & Email

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezidentliyə namizəd, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə zəng etdiyini bildirib.

O, APA-ya deyib ki, prezidentliyə namizədə zəng vurması onun televiziyada seçkiqabağı təşviqat çıxışlarının məzmunu ilə bağlı olub.

«Martın 22-də günorta saatlarında Hafiz Hacıyevlə əlaqə saxlamışam. Onun diqqətinə çatdırmışam ki, teledebatın əvvəlində aparıcı mövzuya uyğun danışmağı xahiş edir, Seçki Məcəlləsinin tələblərinə riayət etməyin zəruriliyini xüsusi vurğulayır», – deyən Ə.Həsənov prezidentliyə namizədlə çıxışları ilə bağlı danışdığını ifadə edib.

O, deməsinə görə, H.Hacıyevə bildirib ki, prezidentliyə namizədin məqsədli şəkildə bəzi vəzifəli şəxslər, o cümlədən də onun haqqında müsbət fikir bildirilməsi, bir sıra dövlət orqanları rəhbərlərinin isə tənqid olunması yaxşı hal deyil və cəmiyyət pis qəbul edir.

“Ondan xahiş etmişəm ki, çıxışlarında bu tipli subyektiv mülahizələrlə ictimai rəyi çaşdırmasın”, – Ə.Həsənov deyib.

Hazırkı dövlət başçısının köməkçisinin prezidentliyə namizədə zəng etməsi, əsasən, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bir çoxları, eləcə də seçki sahəsində ekspertlər bunu seçki təşviqatına müdaxilə kimi qiymətləndirirlər.

Hüquqşünas Ələsgər Məmmədli meydan.tv-yə açıqlamasında hazırki prezidentin köməkçisinin prezidentliyə namizədə zəng edib istiqamət verməsini seçkiyə inzibati müdaxilə kimi dəyərləndirib.

“Qanunvericilik onun namizədlərə belə tövsiyə verməsini qadağan edir. Ə.Həsənov inzibati institutun rəhbəri olaraq çox önəmli funksiyanı həyata keçirən bir tərəfin, daha doğrusu, hakimiyyətin icra strukturlarına rəhbərlik edənin köməkçisi olaraq Hafiz Hacıyevə zəngi seçki prosesinə müdaxilə sayılmalıdır”.

Bu il Azərbaycanda prezident seçkisi 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Prezident seçkilərində ümumilikdə 8 şəxsin namizədliyi qeydə alınıb. Bunlar Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev və “Cəbhəçilərin təşəbbüs qrupu»dan Razi Nurullayevdir. Habelə Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyevin, deputat Zahid Orucun, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevin də namizədliyi qeydə alınıb.

Hazırda seçkilərdə təşviqat mərhələsidir.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

Ancaq rəsmilər bəyan ediblər ki, ölkədə azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var.