İqtisadiyyat

Pensiyaçıların sayının 15 min 600 nəfər azalmasının səbəbi nədir? – Ekspert

“Artıq əlillliyin təyin edilməsi ilə bağlı prosedurlar mürəkkəbləşdirilib. Təkrar əlilliyin qiymətləndirilməsi məsələləri zamanı demək olar ki, əvvəl əlil statusunda pensiya alanların böyük əksəriyyətinin pensiyası kəsilib”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bu ilin 6 ayında əlil pensiyaçıların sayının 15 min 600 nəfər azalmasının səbəblərini açıqlayarkən deyib. Ekspert bu prosesdə iki vacib məsələ olduğunu diqqətə çatdırıb:

“Biri yeni qaydalara uyğun olaraq bir sıra xəstəliklərin əlilliyə görə pensiya hüququ əldə etməsi imkanının məhdudlaşdırılması, ikincisi, əvvəlki dövrlərdə qeyri-qanuni şəkildə pensiya hüququ əldə etmiş şəxslərlə bağlı tədbirlərin görülməsi adı altında hökumətin həyata keçirdiyi proses. Bu artıq uzun müddətdir ki, müzakirə olunur. Təkçə pensiyalarla bağlı məsələ deyil, müavinətlərdə də bənzər proseslər yaşanır. 18 yaşına çatmamış, sağlamlıq imkanları məhdud və müavinət hüquqları olan uşaqların sayına baxsaq, il ərzində təxminən 8-9 min azalma var. Bir tərəfdən hökumət iddia edir ki, Sahil Babayevdən əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin fəaliyyəti dövründə faktiki olaraq bir çox insanlar qeyri-qanuni şəkildə əmək pensiyasına cəlb ediliblər. Təkrar yoxlamalar zamanı onlar üzə çıxır və artıq həmin şəxsərin pensiya hüquqları məhdudlaşdırılır”.

Rəşad Həsənov əlavə edib ki, yeni mexanizmə uyğun olaraq qiymətləndirmələr zamanı orqanizmin funksionallığını itirməsi səviyyəsinə görə pensiya hüququnun təyin edilməsi mexanizmi formalaşır:

“30 % arasında orqanizm öz funksiyasını itirsə, yəni hər hansı bir xəstəlik yaradırsa, onlar əlil hesab olunur. Məsələn, əvvəlki yanaşma ilə bir böyrəyi olmyanlar əlil hesab olunurdularsa, yeni yanaşma ilə bunlar əlil hesab olunmurlar. Yaxud da birinci dərəcəli onkoloji xəstələr əlil hesab olunurdusa, yeni yanaşma ilə onlar artıq əlil hesab olunmurlar. Beləliklə də kütləvi şəkidə əlillərin pensiya hüququ ləvg edilir. Nəticədə isə biz mövcud statistika ilə üzləşmiş oluruq”.

Qeyd edək ki, əlil pensiyaçıların sayı 2021-ci ilin 1 yanvar tarixinə 373,8 min nəfər, 1 iyul tarixinə 358,2 min nəfər olub. Rəsmi məlumatların müqayisəsinə görə, bu ilin 6 ayında əlil pensiyaçıların sayı 15 min 600 nəfər azalıb.

Bənzər yazılar

Back to top button