İran Azərbaycana yox, Ermənistana hərbi müdaxilə edəcək? (ŞƏRH)

by Aztoday Xəbər Portalı

“Bu sayaq sərsəm açıqlama verənlər xüsusi mərkəzdən idarə olunurlar”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Tehran Universitetinin Hüquq və Siyasi Elmlər üzrə alimi Fardin Eftekharinin “The Middle East Eye” qəzetində dərc edilən məqaləsində yer alan “İran Azərbaycana yox, Ermənistana hərbi müdaxilə edəcək. İran Türkiyə və Azərbaycanın ələ keçirmək istədiyi

Zəngəzura qoşun yeritməklə istəyinə nail ola bilər” fikrinə münasibət bildirərkən deyib:

“Zaman-zaman üzdəniraq bu cür alimlərin sözlərilə Azərbaycana təzyiq etmək istəyirlər. İrann son əzələ nümayişinə Azərbaycan tərəfdən sıfır səviyyəsində reaksiya oldu. Yəni İranı ciddi qəbul edən olmadı. Ancaq buna baxmayaraq, təzyiqləri davam etdirirlər. Bu təzyiqlərlə İran Azərbaycandan güzəşt qoparmağa, geosiyasi maraqlarının təmin olunmasına çalışır. İranın XİN rəhbərinin Bakıya nəzərdə tutulan səfərinin əsas qayəsi də bundan ibarətdir”.
Politoloq qeyd edir ki, regionda və qlobal səviyyədə geosiyasi mühitin İranın xeyrinə olmadığını Tehran anlamır:

“Azərbaycan, onun müttəfiqləri bu məsələni çoxdan çözüb və hesablayıb. Ona görə də Tehranın bu cür qeyri-ciddi açıqlamalarını Azərbaycan qəbul etmir və etməyəcək”.

“Ağızlarına gələn boş sözlər danışırlar”, – bunu deyən politoloq Zərdüşt Əlizadə isə belə açıqlamalara əhəmiyyət verməməyi tövsiyə edir:

“İranda bəziləri ağzına gələni danışır ki, Fardin Eftekhari də onlardan biridir. Bu fikirləri də İran rəsmiləri deyil, hansısa politoloqlar deyir. İranın adından danışan 3 rəsmi şəxs var: dini rəhbər, prezident və xarici işlər naziri. Onlardan kənar kimsə bu barədə danışırsa, boş sözlərdir. Rusiya imkan verməz ki, KTMT üzvü olan Ermənistana İran qoşun yeritsin. Digər tərəfdən, Zəngəzurda Rusiyanın sərhəd qoşunları yerləşib. Tehran belə olan halda Ermənistana necə qoşun yeridə biləcək? Ümumiyyətlə, İranın Ermənistana qoşun yeritməsi, Azərbaycana hücumu, bunlar hamısı boş söhbətlərdir. İran çalışır ki, münaqişələrə mümkün qədər az cəlb edilsin. Çünki dünya təcavüzkar qüvvələrin əlindədir”.

Bənzər Yazılar