Dünya

Bayden: “Kiyev ayaqdadır, Ukrayna ayaqdadır”

Bazar ertəsi Rusiyanın hücumunun ildönümündən bir neçə gün öncə ABŞ prezidenti Co Bayden Kiyevə elan olunmamış səfər edib.

“Dünya Rusiyanın Ukraynaya amansız hücumunun ildönümünü qeyd etməyə hazırlaşarkən, bu gün prezident Zelenski ilə görüşmək və demokratiyaya, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz bağlılığımızı təsdiqləmək üçün Kiyevdəyəm”,- Bayden deyib.

“Bir il öncə Putin hücuma başlayanda Ukraynanın zəif olduğunu və Qərbin bölündüyünü düşünürdü. Lakin kökündən yalnış düşünürdü”, – Bayden deyib.

Marinski sarayında Zelenski ilə birlikdə çıxış edən Bayden Putinin qüvvələrinin Ukrayna paytaxtını tez bir zamanda ala biləcəyilə bağlı bir il öncəki narahatlığı xatırladıb.

“Bir il sonra Kiyev ayaqdadır və Ukrayna da ayaqdadır, demokratiya dayanır. Amerikalılar sizi dəstəkləyirlər və bütün dünya sizi dəstəkləyir”, – Bayden deyib.

O 24 fevral 2022-ci ildə telefon danışığını xatırlayaraq Zelenskiyə müraciət edib: “Dediniz ki, bir daha nə vaxt danışacağımızı bilmirsiniz. Bir il öncə o qaranlıq gecədə dünya sanki Kiyevin süqutuna və bəlkə də Ukraynanın məhvinə hazırlaşırdı. Rusiyanın məqsədi Ukraynanı xəritədən silmək idi, lakin Putinin işğalçı müharibəsi uğursuz oldu”, – o deyib.

Kiyevdə Bayden öz bəyanatında dediyi kimi, “Ukrayna xalqını hava bombardmanından qorumağa kömək etmək” üçün artilleriya sursatları, tank əleyhinə sistemlər və hava müşahidə radarları da daxil olmaqla, yarım milyard dollarlıq əlavə yardımı elan edib.

“Bu həftənin sonunda Rusiya hərb maşınına kömək etməyə çalışan elitala və şirkətlərə qarşı əlavə sanksiyalar elan edəcəyik. Son bir ildə ABŞ Ukraynanı qorumaq üçün görünməmiş hərbi, iqtisadi və humanitar dəstəklə Atlantikadan Sakit okeana qədər ölkələrin koalisiyasını yaradıb və bu dəstək davam edəcək”, – Bayden qeyd edib.

Zelenski Ukrayna üçün “ən çətin vaxtda” səfərinə görə ABŞ prezidentinə təşəkkür edib və deyib ki, iki lider öz komandaları ilə geniş müzakirələr aparıb. “Bu söhbət bizi qələbəyə yaxınlaşdırır. Bu gün bizim danışıqlarımız çox məhsuldar, çox mühüm və həlledici oldu”, – o deyib.

Rusiya qoşunları əvvəllər ələ keçirdikləri ərazinin yarısını itiriblər və adamlar Rusiya hərbçilərindən və Rusiyanın özündən qaçırlar, “çünki öz ölkələrində gələcək görmürlər”, – Zelenski deyib.

Kiyevə səfəri zamanı Bayden Zelenski ilə birlikdə Kiyevin mərkəzində gəzib, sonra ABŞ-ın Kiyevdəki səfirliyinə gedib.

“Mən həmçinin ABŞ-ın Ukraynanı, bizi birləşdirən əsas dəyərləri, insan hüquqlarını və Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsini dəstəkləmək üçün dünyanı bir araya gətirməyə necə davam edəcəyindən danışmaq üçün prezident Duda və müttəfiqlərimizin liderlərilə görüşmək üçün Polşaya səfəri səbirsizliklə gözləyirəm”, – Bayden deyib.

Bənzər yazılar

Back to top button