Evi yanan 80 yaşlı şəhid anası kömək istəyir – FOTO

by Aztoday Xəbər Portalı

Göyçay rayonu İnçə kənd sakini şəhid anası Abdulxalıqova Solmaz Heydər qızı ölkə rəhbərliyinə müraciət edib.

Qlobal.az şəhid anasının müraciətini təqdim edir:

“Mənim övladım Abdulxalıqov Teymur Cayəddin oğlu 07 yanvar 1994-cü il tarixdə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oğlub.

30 may 2021-ci il tarixdə elektrik qısaqapanmasından evimiz alışaraq içindəki əşyaları ilə birlikdə tamamilə yanaraq külə döndü.

Həmin gündən mən çöllərdə qalmışam. Atalar yaxşı deyib el-elə sığar ev evə sığmaz.Heç bir yerdən köməyim olmasa da bir ümüdüm odur ki, dövlətimiz şəhid ailələrinə pulszu mənzil verir və ya inşa edir. Mən həmin mənzilin növbəsinə uzun illər əvvəl qeydiyyata alınmışam. Ancaq hələ də növbəmin çatmamasını əsas gətirib mənə mənzil verməyiblər. Evimizin yanmasını və çöllərdə qalmağımızı nəzərə alıb mənə növbədən kənar yeni mənzilin verilməsi və ya inşa edilməsi üçün dəfələrlə Göyçay rayon icra hakimiyyəti başçısı Mehdi Səlimzadənin qəbulunda olsam da hər dəfə get növbəni gözlə deyərək məni başından edib.

Ancaq vicdanı qeyrəti olan hər bir kəs başa düşər ki, mənim evim yanaraq külə dönüb çöllərdə qalmışam. Bunu başa düşüb nəzərə almaq lazımdır. Mənim oğlum 1-ci Qarabağ müharibəsində iştirak edib qəhrəmancasına vuruşub torpağı, milləti qoruyub. 80 yaşım var, uzun illər dişim dırnağımla zəhmət çəkib tikib yaşadığım evimin yanması həyatımı tamam məhv etdi.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən xahiş edirəm şəhid anası olmağımı, evimin yanmasını və çöllərdə qalmağımızı nəzərə alıb mənə növbədən kənar mənzil verilməsinə (inşa edilməsinə) köməklik göstərəsiniz.

(050) 680-40-91 (oğlum Ceyhun)”.

Bənzər Yazılar