“Qarabağ problemi həll olunub” – Rusiya Dumasının komitə sədri

by Aztoday Xəbər Portalı

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ problemini həll edərək tarixə düşüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski Azərbaycan din xadimlərinin Rusiyanın dini icma rəhbərləri və bu ölkədəki diaspor nümayəndələri ilə İkinci Qarabağ müharibəsində Qələbənin ildönümünə həsr olunan görüşdəki çıxışında bildirib.

O, Prezident İlham Əliyevin öz atası Heydər Əliyevin işini davam etdirərək Qarabağ problemini həll etdiyini və bunun sayəsində tarixə düşdüyünü söyləyib: “İlham Əliyev Dağlıq Qarabağı Azərbaycana qaytararaq adını tarixə yazıb. Yanılmaq lazım deyil. Bu ərazilərin tarixindən özlərini məlumatlı hesab edənlər anlamalıdır ki, burada bir həqiqət var, o da hazırki mövcud vəziyyətdir. Burada əsas rol Azərbaycan Prezidentinindir, hansı ki, o, addımbaaddım bugünkü günə gəlib çıxıb, Heydər Əliyevin vəsiyyətini yerinə yetirib. Tarixi həqiqət birdir və bu həqiqət zəfər çaldı. İlham Əliyev Qarabağ münaqişəsini həll edərək öz xalqının və dünya tarixinə düşdü”.

“İndi çox əziyyətlər çəkən torpağın sakinlərinin çox mürəkkəb olan rifah problemini həll etmək vacibdir. Bilirik ki, İlham Əliyev ən müasir Prezidentdir, o, həmin ərazilərdə gələcək qurur və bu, onda mütləq alınacaq. Bu vəzifə praktiki olaraq həlledilməz idi. Lakin bugünkü Azərbaycan bir çox həlledilməz vəzifələrin öhdəsindən gəlib. Ölkə yoxsulluqla mübarizədə qalib gəlib, postsovet məkanında iqtisadiyyatı ən çox inkişaf edən ölkəyə çevrilib. Sözsüz ki, Azərbaycan indi qarşısına qoyduğu vəzifələrin də öhdəsindən gələcək”, – deyə rusiyalı deputat vurğulayıb.

Leonid Slutski Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu xüsusi ilə qeyd edib: “Bu gün Azərbaycan Rusiyanın postsovet məkanında ən etirbarlı tərəfdaşıdır”.

Bənzər Yazılar