İqtisadiyyat

“BTQ Azərbaycan üçün həm siyasi, həm də iqtisadi cəhətdən vacibdir”

“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti Ermənistanı iqtisadi blokadaya alır, bu ölkənin ərazisi ilə heç bir yük keçmir”.

Bunu “Finans.az”a açıqlamasında siyasi ekspert İlqar Vəlizadə Prezident İlham Əliyevin “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının I ilinin yekunlarına həsr olunan konfransda BTQ-nin Azərbaycanın tarixi qələbəsi olması və Ermənistanın əbədi dalanda qalması fikirlərini şərh edərkən deyib.

O vurğulayıb ki, Azərbaycan Gürcüstana Ermənistanın BTQ-nin imkanından istifadə etməməsi ilə bağlı şərt qoyub: “BTQ Azərbaycan üçün iqtisadi və siyasi cəhətdən vacibdir. Bu layihənin reallaşması onu göstərir ki, Azərbaycanla düşmənçilik siyasəti yürüdən, ərazisini işğal etmiş Ermənistan regionda bütün böyük layihələrdən kənarda qalacaq”.

İ.Vəlizadə BTQ-nin reallaşması istiqamətində ölkəmizin üzləşdiyi problemləri xatırladıb: “Dəmir yolu xəttinin çəkilməsi ilə bağlı ilk addımlar 2007-ci ildən atıldı. Həmin vaxt Azərbaycan müxtəlif risklərlə üzləşmişdi. Bu dəmir yolu xəttini Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRASECA) bir hissəsi kimi təqdim etmək istəyirdik, amma TRASECA rəhbərliyi bundan imtina etmişdi. Onların tələbi Ermənistanın BTQ-yə qatılması idi. Digər tərəfdən, Rusiyada müxtəlif ekspertlər, tanınmış siyasətçilər BTQ-ni tənqid atəşinə tuturdular və iddia edirdilər ki, səmərəsi olmayan və riskli regionda həyata keçirilən bir layihədir. Onlar vurğulayırdılar ki, BTQ Mərkəzi Asiyadan gələn yüklərin Rusiyadan yan keçməsinə xidmət edəcək. Lakin Azərbaycan öz hesabına bu dəmir yolu xəttini çəkməyə nail oldu və Gürcüstana kredit verdi. Əsas məqam BTQ-nin fəaliyyət göstərdiyi müddətə köklənilməlidir. Bu gün BTQ-dən bir sıra ölkələr ilə yanaşı, Rusiyanın da yükləri daşınır və Rusiya bu layihədə iştirak edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev sözügedən konfransda bildirib ki, BTQ həm böyük gəlir gətirir, həm də beynəlxalq əməkdaşlığı genişləndirir: “İndi bu yolla onu tikməyə başlayanda nəzərdə tutulmayan yerlərdən də yüklər daşınır. Yəni bu yol beynəlxalq əməkdaşlıq üçün çox önəmli infrastruktur layihəsinə çevrilib və Azərbaycan burada aparıcı ölkədir”.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Bənzər yazılar

Back to top button