Bizim seçimGündəmManşetSiyasət

Zərdüşt Əlizadə: “Putin SSRİ-nin dünyada bəlkə də bir nömrəli düşmənidir”

Aprelin 19-da yayımlanan müsahibədə Rusiya Prezidenti Vladimir Putin SSRİ-nin bərpa olunacağına şübhə ilə yanaşdığını bildirib. Amma o qeyd edib ki, postsovet ölkələrinin keçmiş fobiyalarına və SSRİ-nin yenidən bərpası ilə bağlı qorxularına baxmayaraq, bu ölkələrin birgə addımları hər kəsə fayda verə bilər. Bu fikri Rusiya Prezidenti Vladimir Putin “Rossiya. 1” kanalında “Moskva. Kreml. Putin.” proqramına verdiyi müsahibədə söylədi. Maraqlıdır ki, müsahibə ötən ilin oktyabrında alınsa da, indi yayımlanıb.Putin qeyd edib ki, postsovet məkanında inteqrasiyada təəccüblü heç nə yoxdur. Bundan əlavə bu ölkələr daha da faydalı olmaq üçün “bu yolda hələ irəliləməyiblər”, hansı ki, bunu etsəydilər daha effektli ola bilərdilər. Mövzu ilə əlaqədar politoloq Zərdüşt Əlizadə ASTNA-nın suallarını cavablayıb.

***

– Müsahibədə Rusiya Prezidenti Vladimir Putin SSRİ-nin bərpası ilə bağlı qorxuları aradan qaldırmağa çalışdı və keçmiş Sovet respublikalarının hamıya fayda gətirəcək birgə səylərini qeyd etdi. Sizcə, Putin nə demək istədi?

-Bu müsahibəni Vladimir Putin ötən il oktyabr ayında verib. Görünür, hesab ediblər ki, indi yayımlamaq vaxtıdır. Bəzi adamlar bunu Rusiyanın, xüsusilə də Putinin SSRİ-nin bərpa etmək istəyi ilə əlaqələndirirlər. Mən bu fikirlərlə razı deyiləm. Çünki Putin antikommunist, antisovet, antissridir. SSRİ-nin bütün tarixini, siyasi mahiyyətini həmişə inkar edir. Baxmayaraq ki, özü Kommunist Partiyasının üzvü olub, KQB-nin polkovnik leytenantı, sovet quruluşuna xidmət edib. Amma bu, belə deyil. O, sovet quruluşuna xidmət edə-edə həmin quruluşa nifrət edən, onun dağılmasını arzulayan insanlardan olub. Belə insanlardan biz tanıyırıq. Heydər Əliyev də belə olub. Putin də Stalinə, Leninə, kommunist ideyasına nifrət edir. Ətrafının əksəriyyəti isə milyarderlər, Rusiyanı qarət edən, ən mənfəətli sahələri əllərinə keçirib ciblərinə dolduran insanlardır. Putin də onların təmsilçisi kimi ali məqamda oturub həmin insanların ictimai-siyasi maraqlarını qoruyur. Belə bir adam Sovet Sosialist İttifaqının bərpasını istəməz.

-Bəs onda Putin bu fikirləri ilə nə demək istəyir? Yəni, bu, bir daha sübut etmirmi ki, Rusiya keçmişindən və imperialist düşüncələrindən əl çəkmək istəmir?

-İndi dünyada gedən bölgü prosesi ki var, yəni hər bir böyük dövlətin ətrafındakı dövlətlər üzərində öz geosiyasi ağalığını təmin etməyə çalışması kimi. O da istəyir ki, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan, Mərkəzi Asiya Respublikaları Rusiyanın nəzarətindən çıxmasın, təsir dairəsində olsun. (Baltikyanı ölkələr artıq Avropa İttifaqının üzvüdür) Bu o demək deyil ki, həmin ölkələrin müstəqilliyini əlindən almağa çalışır. Yox. O istəyir ki, onlar müstəqil olsunlar, amma asılı olsunlar. Nəzəriyyə baxımdan hansısa böyük bir məkanda çoxsaylı əhalinin inteqrasiya prosesində iştirakı onlara böyük xeyir gətirə bilər. Biz bunu Avropa İttifaqının misalında görürük. Bir çöx ölkələr Avropa İttifaqında inteqrasiya olunublar və bundan – kapital, insanlar, texnologiyalar, sərhəd tanımadan səyahətlər məsələsində müəyyən bir fayda götürürlər. Amma Rusiya elə bir dövlətdirmi ki, onun ətrafında olan ölkələr ondan hansısa fayda götürə bilərmi? Müəyyən fayda var. Məsələn, Azərbaycanın bir milyondan çox əhalisi Rusiyada işləyir və yaşayır, hətta Azərbaycandakı ailələrini də saxlayırlar. Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün bazar hesab oluna bilər. Amma Azərbaycana başqa xeyir verməz. Çünki Azərbaycanın satmaq istədiyi başqa bir məhsul yoxdur. Azərbaycan xammal istehsalçısıdır, karbohidrogen satır. Rusiya da həmçinin. Rusiya müasir silahları nəzərə almasaq heç bir yeni texnologiyaya malik deyil. Rusiya istədiyi vaxt istədiyi ölkənin məhsulunun öz bazarına çıxışına asanlıqla qadağa qoya bilən ökədir. Yəni, həm də inamlı tərəf müqabili deyil. Bundan başqa Rusiyada vəziyyət ağırlaşanda ilk zərbə miqrantlara dəyir, o cümlədən orada olan azərbaycanlılara. Rusiyada rus və qeyri-rus olmasından asılı olmayaraq əməkçi insanların hüquqları qorunmur. Qanunlar isə yalnız varlıların xeyrinə işləyir. Odur ki, orada miqrantların, o cümlədən azərbaycanlıların heç bir təminatı yoxdur.

Təhlükəsizliyə gəldikdə isə Azərbaycana ən böyük təhlükəni Rusiyanın hər mənada müdafiə etdiyi Ermənistan yaradır. Bir sözlə, Rusiya Azərbaycana iqtisadi, təhlükəsizlik baxımdan mənfəətli deyil. Cəmiyyətin inkişafı üçün Rusiya bəşəri bir nümunə deyil. Bir sözlə, bu, bizim nəyimizə lazımdır? Əlbəttə ki, bizim Rusiya ilə 200 illik ortaq tariximiz var. Əhalimizin bir hissəsi rusdillidir, rus mədəniyyətinə yaxınlığı var. Amma bu mədəniyyət artıq tədricən gedir. Baxmayaraq ki, hökumətlərimiz bu mədəniyyətin qorunmasına çalışırlar. Çünki bu, bizim hakim zümrəyə siyasi baxımdan xeyir gətirə bilər. Rusiyanın etibarını qazanmaq üçün hakim zümrə bunu edir. Amma xalq üçün bu, vacib deyil.

-Müsahibənin yayılmasının vaxtı da maraqlıdır. Müsahibə ötən ilin oktyabrında yayılıb. Amma nədənsə bu günlərdə, pandemiya dövründə, neftin ucuzlaşdığı vaxtda, bəzi ekspertlərin dünya yeni düzənə girir söylədiyi məqama təsadüf edir. Siz nə düşünürsünüz? Niyə məhz indi yayımlanır bu müsahibə?

-Müsahibənin alındığı dövrdə Putin bir tədbir keçirmişdi. MDB dövlət başçılarını yığıb onlara tarixdən mühazirə oxumuşdu. Bu, bütün TV-lərdə yayımlanmışdı. Tədbirin mövzusu İkinci Dünya Müharibəsinin müqəssirləri haqda idi. Qərbdə Ikinci Dünya Müharibəsini Sovet İttifaqı ilə bağlamaq meylləri var. Bunun utilitar, siyasi məqsədi var. Çünki BMT-nin veto hüququ olan 5 daimi üzvündən biri SSRİ-nin varisi kimi Rusiyadır. Bu veto hüququnu həmin ölkələr faşizm üzərində qələbə çalmış ölkələr olaraq qazanıblar. Qərb çalışır ki, Rusiyadan həmin o veto hüququ alınsın. Bu məqsədi Rusiya siyasi hakimiyyəti yaxşı anlayır. Bunun qarşısını almaq üçün Rusiya MDB dövlət başçıları ilə birgə həmin tədbiri keçirmişdi. Bunun davamı da olmalı idi. Amma sonra pandemiya başladı və yaddan çıxdı. İndi Putinin rus xalqına deməyə sözü yoxdur. Çünki pandemiya dövrü göstərir ki, Rusiyanın dövlət üsul- idarəsi çox zəifdir. Yürütdüyü strateji iqtisadi siyasət yanlışdır. Rusiya müstəmləkə iqtisadiyyatına malik bir dövlətdir. Vaxtilə sovet dövründə dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ikinci dövləti idi. İndi kasıb bir dövlətə çevrilib. Neftin qiymətindən asılı bir dövlətdir. Belə bir şəraitdə Putinin nüfuzu getdikcə düşur. Üstəlik Qərbdən iqtisadi sanksiyalar da gözlənilir. Rusiyanın hakim zümrəsi antimilli səciyyə daşıyır. Belə bir dövlət təbii fəlakətlə- pandemiya ilə üz-üzə qaldıqda Putinin qurduğu icra hakimiyyəti sisteminin səmərəsiz olduğu ortaya çıxdı. Bir neçə iri şəhərləri çıxmaq şərti ilə Rusiyanın digər şəhərlərində kasıblıq səviyyəsi çox aşağıdır. 70 milyon işçi qüvvəsindən 25 milyonu işsizdir. Belə bir şəraitdə Putin nə desin? Putin də bu vəziyyətdə deyir ki, bizim yüksək potensialımız var, ətrafımızda dövlətlər, xalqlar var, onlarla xoş münasibətlər qura bilərik, geosiyasi cazibə qütbü ola bilərik. Xalqlar artıq SSRİ-dən, onun bərpasından qorxmur. Özü də bilir ki, bu, mümkün olan şey deyil. Ölüb gedib artıq. Keçmiş imperiyaların bərpası yenidən mümkün ola bilməz. İmperiya dövrü keçib. Indi istismarın başqa növləri var. Yeni müstəmləkəçilik siyasəti var. İqtisadi və hərbi hegemonluq üsulları var. Bunlar başqa şeylərdir. Amma klassik şəkildə imperiyanın bərpası qeyri-mümkündür. O cümlədən də SSRİ-nin bərpası. Həm də Rusiyanın Avropa İttifaqı kimi postsovet məkanında yeni inteqrasiyanın nüvəsi olmaq ehtimalı da sıfıra yaxındır. Çünki Rusiyanın dövlət quruluşu və ideologiyası onun ətrafında yaşayan xalqlar üçün cazibədar deyil. Hamı bilir ki, bu dövlət oğru, zalım və səmərəsiz bir quruluşdur. Hamı ona görə Avropaya can atır ki, orada insan hüquqları, bərabərlik, sosial təminat, qanun, müstəqil məhkəmə və gələcək var. Rusiyada bunlar yoxdur. Odur ki, Rusiya geosiyasi topluluğun nüvəsi ola bilməz.

-Postsovet ölkələrinin bir çoxu münaqişə şəraitindədir. Azərbaycan- Ermənistan, Rusiya- Ukrayna, Rusiya- Gürcüstan və s. Yəni, indiki şəraitdə bu fikrin reallaşması qeyri-mümkün görünür. Hər Halda Putin bunu başa düşür. Amma yenə bu fikirləri səsləndirir. Niyə? Məqsəd nədir? Nəyi sübut etmək istəyir?

-Bu postsovet ölkələrində olan münaqişələrin hamısının baiskarı Rusiyadır. Kremlın bu addımı isə, dediyim kimi, xalqının başının altına yastıq qoymaqdır. Rusiyanın hansısa böyük potensiala malik olduğu görüntüsünü yaratmaq üçün Putin belə bir nağıl danışır. Rus xalqı isə ilk dəfə deyil ki, hakimiyyətin altında başqa siyasətlər olan belə məqsədyönlü nağıllara “urra” deyir.

-Digər ölkələr, o cümlədən Azərbaycan bu fikirlərə necə reaksiya verməlidir? Rusiya ilə çox yaxşı münasibətlər var. Azərbaycan balanslaşdırma siyasəti adı altında Qərbdən daha çox Rusiyanın yanındadır. Amma bu kimi fikirlər keçmiş psotsovet ölkələri ilə yanaşı Azərbaycanın müstəqilliyini təhdid altına salır. Azərbaycan buna qarşılıq susmalıdır, yoxsa cavab verməlidir?

-Azərbaycanın siyasi rəhbərliyi kifayət qədər praqmatikdir. Onlar çox gözəl anlayırlar ki, bunlar boş söhbətlərdir. Amma Rusiya ilə münasibətlərini yaxşı tutmaq onlar üçün vacibdir. Çünki onların hakimiyyətdə qalmağının şərti budur. Azərbaycanda kim olmasından asılı olmayaraq hakimiyyətdə oturmuş bütün şəxslər Rusiyanın xeyir-duası ilə hakimiyyətə gəliblər. Hakimiyyətdə də ona görə qalırlar ki, Rusiyanın maraqlarını tam da olmasa da qismən yerinə yetirirlər. Məsələn, Rusiya istəyir ki, Qarabağ münaqişəsi həll edilməmiş qalsın. Ona görə ki, Cənubi Qafqazı yedəyində saxlaya bilsin. Bu istəyi də Azərbaycan hakimiyyəti həyata keçirir.

Azərbaycanda bəzi şəxslər Putinin bu dediklərini ciddiyə alırlar ki, Putin SSRİ-ni bərpa etmək istəyir. Əsla belə deyil. Putin SSRİ-nin dünyada bəlkə də bir nömrəli düşmənidir. Çünki o bilir ki, sosialist imperiyanın bərpası onun və ətrafındakı dostlarının sərvətlərini əllərindən ala bilər.

Bənzər yazılar

Back to top button