“Ölkəyə saxta kərə yağları daxil olur» – Nazim Bəydəmirli

by Aztoday Xəbər Portalı

Azərbaycanda son dönəmlər qiyməti bahalaşan ərzaqların içində kərə yağı da var. Ölkədə kərə yağının qiymətləri müxtəlifdir və 11-18 manat arasında dəyişir. Lakin ekspertlər deyir ki, qiymətlərin bahalaşması ilə yanaşı yağın keyfiyyəti də narahatlıq doğurur.

Onlar iddia edir ki, istehsalçı olan ölkədə kərə yağı Azərbaycandan daha baha satılır, bu isə onun saxta olmasından xəbər verir. Bununla yanaşı Azərbaycanda satılan bəzi marka yağların adı istehsalçıların saytında və hətta internetdə belə tapılmır. Bəzi markalarda isə 82,5 faiz yağlılığın olması bəyan olunsa da, istehsalçıların saytında bu məhsulun yağlılığı 72 faiz kimi göstərilir.

Azərbaycanda kərə yağı adı ilə istehlakçılara nə satılır? Saxta yağların satılması iddiası doğrudurmu?

Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 6 ayı ərzində xarici ölkələrdən Azərbaycana 8 min 175,3 ton kərə yağı və süddən hazırlanmış digər yağlar gətirilib. İlin ilk 6 ayında idxal edilmiş kərə yağı üçün 39 milyon 980,7 min dollar vəsait ödənilib.

İdxal olunan kərə yağının 1 kiloqramının gömrük dəyəri isə 4,9 dollar (8,3 manat) olub.

Azərbaycana yağ əsasən Rusiya və Ukraynadan idxal olunur. Rusiyada ərzaqların keyfiyyətinin yoxlaması ilə məşğul olan qurum «Rospotrebnadzor» tərəfindən keyfiyyətli kərə yağı kimi tanınan yağın qiyməti təxminən 1000 rubl (23 manat) təşkil edir. Ukraynada isə bu qiymət 400 qrivnaya (25 manat) çatır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Turana bildirilib ki, satışda kərə yağı adı satılan saxta yağlar mövcud olub və aşkar edildikcə onlar barəsində lazımı tədbirlər görülür. «Satışda kərə yağı altında saxta, tərkibində müxtəlif yağ qarışığı olan məhsullar mövcuddur. Bu yağlar əsasən marqarin və spred yağlardır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyalarında bu tip yağlar bir neçə dəfə müayinə nəticəsində aşkar edilmişdir».

Qurumdan qeyd olunub ki, marqarin və spred yağların tərkibində olan bitki yağlarının maya dəyəri ucuz olduğu üçün bu yekun məhsulun ucuz olmasına səbəb olur.

AQTA-dan vurğulanıb ki, ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. «Süd və süd məhsullarının istehsalı və satışı ilə məşğul olan müəssisələrdə tərəfimizdən mütəmadi olaraq monitorinqlər həyata keçirilir. İstehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da alınacaqdır.

İstehlakçılar digər bütün qida məhsulları kimi duru və kərə yağlarının keyfiyyətilə bağlı şikayət olduğu təqdirdə, Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər».

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda istehlakçıların aldadılmasının hər variantına rast gəlmək olar. «Xüsusən də kərə yağlar bazarında böyük problemlər yaşanır».

Ekspertin fikrincə, bunun səbəblərini birinci növbədə qanunlarda axtarmaq lazımdır. «Ölkədə «İstehlakçıların hüquqları müdafiəsi haqqında» Qanun 1995-ci ildə qəbul olunsa və sonra 6 dəfə dəyişiklik aparılsa da istehlakçıların hüquqlarını qorumadı. 2009-cu ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb, 3 il sonra isə «istehlakçıların hüquqlarının müdafiəsi» sözləri çıxarılıb».

Onun sözlərinə görə, ərzaq mallarının, o cümlədən kərə yağların keyfiyyətinə demək olar ki, heç bir qurum nəzarət etmir. «Hökümətin istehlakçıların hüquqlarını qorumayan birtərəfli səhv siyasəti buna gətirib çıxarıb ki, bazarda bu cür xərc-mərclik və ədalətsiz mühiti hökm sürür, istehlakçılarının kütləvi aldadılması baş verir. Hökümət üzünü istehlakçılara doğru çevirə bilmir».

Qurumun sədri vurğulayıb ki, bunun səbəbi məmur inhisarçılığıdır. «Azərbaycanda məmurlar bizneslə məşğul olur və qanunların ayağı altına atılmasına səbəb olublar».

O, qeyd edib ki, bazarda spred yağları, yəni bitki yağı ilə qarışıq yağlar kərə yağı kimi satılır. «Kağızın üstündə təbii kərə yağı yazılsa da, başqa yerdə balaca hərflərlə spred yağı olduğu yazılır. Ölkədə istehlakçı üçün məlumat standartları yoxdur. İstehlakçı bilməlidir ki, istənilən məhsul haqqında harada və necə məlumat ala bilər. Bu, yoxdur ölkədə».

İqtisadçı, iş adamı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, yağ istehsalçısı olan Rusiyanın müxtəlif dövlət orqanlarının araşdırmasına görə, kərə yağın istehsalında xam malı kimi daha çox heyvan mənşəli yağlardan yox, palma və digər bitki yağlarından istifadə olunur. «Azərbaycanda saxta yağlar kifayət qədərdir. Dövlət orqanları bundan xəbərdardır və bunun aradan qaldırılmamağının səbəbi məmur sahibkarlığıdır, inhisarçılıqdır və müxtəlif orqanların buna göz yummasıdır».

Onun fikrincə, kərə yağları həm Bakıda saxtalaşdırılır, həm də ölkəyə digər yerlərdən kərə yağı adı altında gətirilir. «Müxtəlif sexlərin, hətta böyük şirkətlərin istehsal sahələrində bu kütləvi olaraq saxtalaşdırılır. Bu, sərbəst edilir. Çünki dövlət orqanları bu monopolist şirkətlərində, holdinqlərdə yoxlama aparma imkanlarından məhrumdular. Şəffaf gömrük prosedurların olmadığına görə ölkəyə saxta kərə yağları da daxil olur».

Mütəxəssisin fikrincə, ölkədə müstəqil laboratoriyaların olmadığına görə vətəndaş ərzağın keyfiyyətini yoxlaya bilmir.

Bənzər Yazılar