Azərbaycanda maaş və pensiyaların artırılması təklifi bu həftə hazırlanacaq

by Aztoday Xəbər Portalı

Nazirlər Kabineti maaş, əmək pensiyaları və sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı təklifləri oktyabrın 21-dək təqdim edəcək.

Bu barədə Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədov Trend agentliyinə bildirib.

Prezident İlham Əliyevin oktyabrın 16-da imzaladığı sərəncamda hökumətə gələn ilin dövlət büdcəsi layihəsində maaşlar və digər artımların təmin edilməsi üçün təkliflər hazırlamaq tapşırılıb.

“Bu sərəncamın indi elan olunması əhaliyə ümid vermək məqsədi daşıyır”, iqtisadçı ekspert, sabiq millət vəkili Nazim Bəydəmirli düşünür.

“Bu sənəd gələcəklə bağlıdır, insanların sosial siyasətlə bağlı gözləntilərini artırmaq məqsədi güdülür, demək istəyirlər ki, bir az gözləyin, yaxşı olacaq”, – Bəydəmirli BBC News Azərbaycancaya söyləyib.

Ötən gün Azərbaycanda elektrik enerjisi və təbii qazın qiyməti artıb.

Tarif Şurasının qərarına görə, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanacaq. İndiyə kimi bu, 10 qəpik idi.

Təbii qazın bir kubmetri sənaye və kənd təsərrüfatı sektoru üçün də artıb.

Elektrik enerjisinin də əhali üçün tarif diferensiasiyası bahalaşma istiqamətində dəyişib.

Yeni tariflər barədə qərar noyabrın 1-dən qüvvəyə minir.

Nazim Bəydəmirlinin qənaətinə görə, maaş və pensiyaların artırılmasına dair hökümətə təkliflər hazırlamaq tapşırığı barədə sərəncamın verilməsi “anons xarakterlidir.”

“Bunu elan etməyə ehtiyac yox idi. Bu hər il baş verir. Bu kimi məsələlər işçi qaydada həll olunur, əhalinin sosial durumun yaxşılaşdırılmasına dair təkliflər hazırlayıb, təqdim etmək hökümətin vəzifəsidir. Odur ki, bunu elan etmək mənə qəribə gəldi, çünki, əvvəlki illərdə belə şeylər baş verməmişdi”, Bəydəmirli deyib.

İqtisadçı ekspert hesab edir ki, ölkədəki bahalaşma, inflyasiya və digər amillər nəzərə alınmaqla, maaş və pensiyalar azı 25-30 faiz artırılmalıdır.

“Ötən illərin təcrübəsinə əsaslanaraq artımın təxminən 25 faiz olacağını proqnozlaşdırmaq mümkündür. Ancaq heç 30 faiz də müşahidə edilən bahalaşmanı kompensasiya etməz”, – iqtisadçı deyib.

Bəydəmirli dövlət qulluqçularının maaşlarının orta hesabla 25 faiz, pensiya və müavinətlərin isə 15 faiz artacağını güman edir.

Artımın nə vaxt baş verəcəyi məsələsinə gəldikdə isə, iqtisadçı maaş, pensiya və social müavinətlərin gələn ilin yanvarın 1-dən artırılacağını düşünür.

Bənzər Yazılar