“SAAKAŞVİLİDƏN DANIŞMAYIN!” – “O, məhbusdur və azı altı il cəza çəkəcək”

by Aztoday Xəbər Portalı

“O, məhbusdur və azı altı il cəza çəkəcək”.

“AzPolitika.info” Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu fikri ölkənin Baş naziri İrakli Qaribaşvili jurnalistlərin Mixeil Saakaşvili ilə bağlı suallarına cavab verərkən söyləyib.

Baş nazir hakim partiya üzvlərini isə seçkidən sonra ümumiyyətlə, Mixeil Saakaşvili barədə danışmamağa çağırıb: “Seçkiyə qədər seçicilərə onun hansı mahiyyətə malik olduğunu xatırlatmaq üçün Saakaşvili barədə danışmaq lazımdır. Seçkidən sonra isə bizim komandamızın üzvlərindən xahiş edirəm ki, Saakaşvili barədə şərh verməsinlər”.

Xatırladaq ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkinin ikinci turu oktyabrın 30-da yekunlaşacaq. Baş nazir həmin gündən başlayaraq, Saakaşvilinin adının belə çəkilməsini istəmədiyini söyləyib.

Bu arada Qaribaşvili avropalı parlamentarilərin və bir sıra məşhur siyasətçilərin Saakaşvilinin azad edilməsilə bağlı Avropa İttifaqının Prezidenti Şarl Mişelə ünvanladıqları açıq məktuba da sərt münasibət bildirib. O, deyib ki, heç kim Gürcüstanda qanunların və məhkəmə qərarlarının icrasına təsir göstərə bilməz.

Onu da qeyd edək ki, bir neçə gün öncə Mixeil Saakaşvilinin azad olunması tələbilə Tbilisidə Gürcüstanın yaxın tarixinin ən izdihamlı aksiyalarından biri keçirilib.

Bənzər Yazılar