Separatçılardan növbəti təxribat – Qarabağa səfər edən əcnəbilərə “viza” paylanır

by Aztoday Xəbər Portalı

44 günlük müharibədən sonra Qarabağa gələn xarici ölkə vətəndaşları ilə bağlı dəfələrlə rəsmi Bakının xəbərdarlıqları olub.

Qaynarinfo xatırladır ki, bu xəbərdarlıqlar təkcə XİN deyil, birbaşa dövlət başçısı səviyyəsində də dilə gətirilib.

Hətta Prezident İlham Əliyev rus sülhməramlılarına xəbərdarlıq edib ki, Azərbaycan ərazisinə icazəsiz gələnlərin qarşısını alsınlar.

Lakin proses yenə davam edir. Separatçılar bunu “Turizmin İnkişafı Agentliyi” adlı qondarma qurum vasitəsi ilə həyata keçirir. Həmin “qurum”un başında Sergey Şahverdiyan dayanır. O, bu gün İrəvanda keçirilən bir forumda deyib ki, Ermənistan və Rusiya vətəndaşlarının Qarabağa səfər etmələri üçün heç bir maneə yoxdur:

“Onların təkcə şəxsiyyətlərini təsdiq edən sənədlərinin olması kifayətdir”.

Şahverdiyan daha sonra digər xarici ölkələrdən Qarabağa səfər etmək istəyənlər barədə də danışıb. O bildirib ki, onlar üçün də qapılar bağlı deyil:

“Avropa ölkələrindən, ABŞ-dan gələn turistlərin Qarabağa səfər etmələrində problem yoxdur. Bunun üçün İrəvana gəlib, orada “DQR”in “vizası”nı almalıdırlar”.

Bənzər Yazılar