KİV: Azərbaycanla Ermənistan arasında 2 sənəd imzalanacaq

by Aztoday Xəbər Portalı

Noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında 2 yeni sənəd imzalanacaq.

AzToday.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı diplomatik mənbələrə istinadən xəbər yayıb.

İddia olunub ki, son anda forsmajor hal baş verməzsə, sənədləri Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayacaqlar.

Birinci sənəd Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını əhatə edir. Sənəd Vladimir Putinin də vurğuladığı kimi, Bakı və İrəvan arasında bir-birlərinin sərhədlərini və ərazi bütövlüyünü tanıdıqlarını göstərən SSRİ-nin Müdafiə Nazirliyinin Baş qərargahının 1920-ci il xəritələrinə əsaslanır.

İkinci sənəd regionda kommunikasiya əlaqələrinin açılması barədə, xüsusən dəhliz yolunun, eləcə də Azərbaycan və Naxçıvan arasında yolun açılmasını əhatə edəcək. Sənəd bir müddət öncə Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin görüşü zamanı əldə olunan razılıqlar əsasında hazırlanıb.

Məlumatda bildirilib ki, sənədin imzalanması üçün 9 noyabr tarixinin seçilməsi təsadüfi deyil. Belə ki, 2020-ci ilin məhz bu günü Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Rusiya Prezidentinin vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli bəyanat imzalamışdılar.

Bənzər Yazılar