İdman

Ronaldo: “Karyeramı bitirmək zamanının gəldiyini düşünmürəm”

Portuqaliyalı superulduz Kriştiano Ronaldo millidəki karyerası ilə bağlı danışıb.

Qaynarinfo xəbər verir ki, Ronaldo “Sky Sport”a açıqlamasında millidəki karyerasını nə vaxt bitirəcəyi ilə bağlı suala cavab verib. O, bunları söyləyib: “Niyə? İndi yığma karyeramı bitirmək zamanının gəldiyini düşünmürəm. İnsanların deyil, mənim nə istədiyim önəmlidir. Qaça, topu apara, zərbə vura bilməsəm, gücüm tükənərsə… Ancaq hazırda özümü güclü hiss edirəm və davam etmək istəyirəm. Çünki hələ də motivasiyalıyam. İnsanları, ailəmi, azarkeşləri və özümü xoşbəxt etməyə köklənmişəm. Bu səviyyəni daha da yüksəltmək istəyirəm. Siz Portuqaliyadan danışırsınız, ancaq mən Çempionlar Liqasında ən çox qol vuran, qələbə qazanan, ötürmə edən futbolçuyam. Bunu inkişaf etdirmək istəyirəm. Futbol oynamağı, insanları xoşbəxt etməyi sevirəm. Sadəcə, fərdi bacarıqlarımla bağlı danışmıram, komanda oyununu ilk sıraya qoyuram. Komanda olaraq qazanmaq fərdi bacarıqlardan daha asandır. Bunun hələ mümkün olduğunu düşünürəm. Hər kəs öz rolunu bilməlidir. Mən komandadakı və klubdakı rolumu bilirəm. Mənim rolum qol vurmaq, və komandaya təcrübəmlə yardımçı olmaq, oyunu oxumaqdır. Hamı belə düşünüb özünü komandası üçün fəda edərsə, fikrimcə, daha yaxşı komanda olarıq”.

2009-cu ildə “Mançester Yunayted”dən 80 milyon funt-sterlinq müqabilində “Real”a transfer olunan Ronaldo daha sonra Madrid klubundan “Yuventus”a keçmişdi. Burada keçirdiyi 3 mövsümün ardından Ronaldo yenidən “Mançester Yunayted”ə qayıtdı.

Portuqaliya millisinin kapitanı ötən ay yığmalarda ən çox qol vuran futbolçu ünvanını əldə etmişdi. Bu mənada əvvəlcə iranlı Əli Dayenin rekordunu qıran ulduz futbolçu, millidəki qol sayını 115-ə yüksəldib.

Bənzər yazılar

Back to top button