Siyasət

“XİN-də problemlər çoxdur”

Sabiq xarici işlər naziri də Elmar Məmmədyarovun əvəzlənməsini istəyir; Tofiq Zülfüqarov: “XİN rəhbəri ola biləcək şəxslər Azərbaycanda kifayət qədər çoxdur”

Xarici işlər naziri Elmar Məmmədyarovun istefasını tələb edənlərin sayı artır. Milli Məclisin son iclasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının çıxışında naziri istefaya çağırmasından sonra bu istiqamətdə ölkənin tanınmış simalarının mövqeləri ard-arda meydana çıxır.

Paralel olaraq E.Məmmədyarov vəzifədən gedərsə, Azərbaycanın xarici siyasətində bunun hansı nəticələr verə biləcəyi yönündə də müzakirələr açılır. 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra formalaşacaq yeni hökumətdə XİN rəhbərinin yer almayacağı iddiaları da var.

İki ay öncə “Yeni Müsavat”a verdiyi geniş müsahibədə E.Məmmədyarovun istefasının vacibliyini önə çəkən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov yenə də həmin fikirlərinin üzərində qalır. O hesab edir ki, Ermənistan-Azərbaycan konfliktinə aid peşəkarlıq lazımi səviyyədə deyil: “Müxtəlif məlumatlar, təhlillərim onu göstərir ki, bəzi məqamlarda danışıqlar prosesində olan təhlükələr sanki nazirdən yan keçir. Təəssüflə bildirmək lazımdır ki, Xarici İşlər Nazirliyində yetərli, lazımi səviyyədə peşəkarlığa sahib insanların çox olmasına baxmayaraq, bunlar işə cəlb olunmur. Yəni problemlər kifayət qədər çoxdur. Vaxtilə demişəm ki, kadr siyasətində də səhvlər var. Elmar Məmmədyarov hamıdan çox bu vəzifədə olub. Heç kəs ömürlük nazir ola bilməz. Bu baxımdan bəlkə də vaxt gəlib çatıb ki, onun yerinə daha təşəbbüslü, gənc birisi gəlsin və bəzi məsələləri öz fikirləri, baxışları, iş üslubları ilə həll etsin. Bunlar normal proseslər olar. Mən də o fikirdəyəm ki, rotasiya nazirlikdə də olmalıdır. XİN rəhbəri ola biləcək, lazımı biliklərə, təcrübələrə sahib şəxslər Azərbaycanda kifayət qədər var. Nazirliyin özündə də belə şəxslər az deyil. Digər tərəfdən, səfirliklər korpusu da bu sarıdan zəngindir, səviyyəli diplomatlar mövcuddur. Seçim ediləcək, prezidentin qərarı əsasında nazir müəyyənləşəcək. İstənilən halda yeni bir şəxs olmalıdır ki, problemlərlə təzədən məşğul olsun. Yaşa görə daha gənc, təşəbbüskar, fəal insan olsa, çox yaxşı olardı”.

Sabiq XİN rəhbəri seçkilərdən sonra E.Məmmədyarovun yeni hökumətdə təmsil olunmayacağı ilə bağlı gedən müzakirələrə də münasibətini sərgilədi: “Kiminsə şəxsiyyəti barədə nəsə demək fikrim yoxdur. Bu ayrı bir məsələdir. Hər kəsin öz bacarığına, zəhmətkeşliyinə görə bu və ya digər formada mövqeyi ola bilər. Hər halda, təəssüflə qeyd etmək olar ki, Elmar Məmmədyarovun Rusiyanın xarici işlər naziri ilə olan isti münasibətləri bizim xeyrimizə deyil, ziyanımıza oldu. Hər halda, gözləntilər belə idi ki, bu münasibətlər, illərlə davam edən tanışlıq xeyrimizə olacaq. Amma əks vəziyyət yarandı. Bizə verilən təkliflər ildən-ilə daha sərt, daha ermənipərəst olur. Bunlara da lazımi cavablar verilmədiyi üçün bizə qarşı münasibətlər getdikcə daha da sərtləşir. Onun sonuncu təklifi barədə danışmışam. Bu səhvlər getdikcə artır. Dağlıq Qarabağ məsələsi Azərbaycanın xarici siyasətində ən ümdə məsələdir. Dövlət başçısına lazımi səviyyədə dəstək lazımdır. Təəssüflər olsun ki, bu hələ ki belə deyil. Hazırda məsələ o yerdədir ki, Məmmədyarovun istefası müzakirə şəklindədir. Nəticələri şərh etmək üçün bizim yetərincə zamanımız olacaq. İnanıram ki, Azərbaycan ictimaiyyətinə buna aid daha obyektiv, təvazökar məlumatlar veriləcək. Hər bir insana bu və ya digər formada qiymət veriləcək. Çünki hər şey göz qabağındadır”.

Bənzər yazılar

Back to top button