ManşetSiyasət

Bu ölkədə qadınların mütləq hakimiyyəti XXI əsrin ən yaxşı hökuməti hesab edildi…

Koronavirus pandemiyası qadınların rəhbərlik etdikləri hökumətlərin kişilərin rəhbərlik etdikləri iqtidarlardan daha effektli fəaliyyət göstərdiyini üzə çıxarıb… 
Koronavirus pandemiyası hökumətlərin nə qədər effektli fəaliyyət göstərdiyini üzə çıxardı. Məsələn, Rusiyada əhalinin 5.6 faizi COVİD-19 virusuna yoluxduğu halda, Finlandiyada əhalinin cəmi 2.8 faizi, yəni Rusiya ilə müqayisədə iki dəfə az virusa yoluxma qeydə alınıb. Rusiyada koronavirusa yoluxanların 2.8 faizi həyatını itirdiyi halda, Finlandiyada koronavirusa yoluxanların cəmi 0.7 faizi həyatını itirib. Yəni, “dünyanın ən güclü lider”i olan Vladimir Putinin rəhbərlik etdiyi ölkədə koronavirus Finlandiya ilə müqayisədə dörd dəfə artıq ölümcüldür.
Finlandiyaya 2019-cu ildən beş qadın liderin, Sanna Marin, Katri Kulmuni, Li Andersson, Mariya Ohisalo və AnnaMaya Henrikssonun rəhbərlik etdiyi beş partiya tərəfindən təşkil olunmuş koalision hökumət rəhbərlik edir. Beş qadın liderin qurduğu hökumətin 19 üzvündən 12-si qadındır. İki il əvvəl koalision hökumət qurulanda Sanna Marin və Mariya Ohisalonun 34, Katri Kulmuni və Li Anderssonun cəmi 32 yaşı vardı.
Sanna Marinin Baş nazir olduğu hökumətdə Li Andersson təhsil naziri, Katri Kulmuni maliyyə naziri, Mariya Ohisalo isə daxili işlər naziri vəzifələrini tuturlar.
Finlandiyanın 200 nəfərlik parlamentində qadınlar 93 mandata malikdirlər. Mariya Ohisalonun rəhbərlik etdiyi Yaşıllar Partiyasının 22 deputatının 17-si, Sanna Marinin rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının 40 millət vəkilindən 22-i qadındır. Qadın millət vəkillərinin səkkizinin yaşı 30-dan azdır.
Finlandiyada keçirilən rəy sorğusuna görə, finlər Sanna Marinin rəhbərlik etdiyi və qadınların çoxluq təşkil etdiyi hökuməti XXI əsrin ən yaxşı hökuməti hesab edirlər.
Ümumiyyətlə, koronavirus pandemiyası qadınların rəhbərlik etdikləri hökumətlərin kişilərin rəhbərlik etdikləri iqtidarlardan daha effektli fəaliyyət göstərdiyini üzə çıxarıb.
Siyasi islamçılar isə qadınları hüquqsuz insan vəziyyətinə salmağı təklif edirlər. Çox təəssüf ki Türkiyə və Pakistanın təsiri ilə ölkəmizdə siyasi islama rəğbət bəsləyənlərin sayı artmaqdadır.
Xəqani Cəfərli, Politoloq

Bənzər yazılar

Back to top button