Şöbə müdiri tələbələrdən özü və rəhbərlik üçün də ödəniş yığırmış

by Aztoday Xəbər Portalı

Bakı Slavyan Universitetində tələbələrin təhsil haqqının yeyintisi ilə bağlı məhkəmə araşdırması davam edir. Universitetin şöbə müdiri olan təqsirləndirilən şəxs hazırda həbsdə deyil.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi hakim Əli Məmmədovun sədrliyi ilə baş tutub.

Sonuncu məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam edib.

Universitetin tələbəsi olan Şəhanə İbrahimova bildirib ki, Dürdanə Əliyevaya 4 min manat pul verib.

Onun sözlərinə görə, bu məbləğ ödəniş haqqı olub. Amma bir müddət sonra ona universitetdən 2 min manat ödəniş borcu olduğu barədə məlumat verilib.

Tələbə bunu belə izah edib: “Dürdanə Əliyeva ilə görüşəndə dedi ki, burda belədir. İki illik təhsil alacaqsan, amma üç illik ödəniş eləməlisən. 4 mini Dürdanə Əliyevaya vermişəm, amma universitet 2 min borcumun olduğunu deyir”.

Digər tələbə Rauf Həsənov da eyni problemlə üzləşənlərdən bildirib. O deyib ki, universitetə daxil olanda onu Dürdanə Əliyevanın yanına aparıblar. Təhsil ödənişi kimi ondan illik 2 min 200 manat tələb edilib.

2 min manatı Dilarə Əliyevaya verən tələbə 200 manat da ödəniş aparatı ilə ödəyib. Daha sonra universitetdən ona 1800 manat borcu qaldığı deyilib.

İttihamda göstərilir ki, Dürdanə Əliyeva Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri olan zaman 2018-ci ildən 2021-ci ilə qədər 123 tələbədən təhsil haqqı ödənişləri adı ilə 226 min manat pul alıb. Məhkəmədə zərərçəkmiş tərəf kimi universitet tanınıb.

D.Əliyev deyib ki, özünü ancaq cinayəti bilib xəbər verməməkdə təqsirli bilir. Bununla da o, cinayət əməlinin universitetin vəzifəli şəxsləri tərəfindən törədildiyinə eyham vurub. Belə ki, D.Əliyeva tələbələrdən pulun alınmasından, onların aldadılmasından xəbərdar olub, amma rəsmi qurumlara müraciət etməyib.

Sonuncu prosesdə də sabiq şöbə müdiri dələduzluq, mənimsəmə, rüşvət verməyə təhrik kimi ittihamların heç birini qəbul etməyib: “Özümü yalnız cinayəti bilib, xəbər verməməkdə təqsirli bilirəm, bu ittihamları isə qəbul etmirəm”.

Bənzər Yazılar