TÜRK LİRƏSİ TAM ÇÖKÜR, MANATI BU VAXT DEVALVASİYA GÖZLƏYİR – EKSPERTDƏN PROQNOZ

by Aztoday Xəbər Portalı

“Ərdoğanın 10 Qərb ölkəsinin səfirlərinin ölkədən qovması açıqlaması türk lirəsinə daha da pis təsir etdi. Bu gecə Asiya birjaları açılan kimi 1 dollar 9 lirə 84 qruş oldu. Ərdoğan indiki şəraitdə Qərblə qarşıdurmanın lirənin daha da ucuzlaşdıracağını bilmirdimi ki, 10 səfirlə bağlı belə sərt açıqlama verdi? Bilirdi, dəqiq bilirdi, amma onun komandasının son illər qurmağa çalışdığı bir hekayə var – “dış mihraklar”, yəni xarici qüvvələr Türkiyəyə qarşı iqtisadi sabotajla məşğuldur deyə iqtisadiyyatda problemlər olur, lirə ucuzlaşır. İndiki kəskin devalvasiyanın səbəbini daxildə aparılan səhv siyasətdən yayındırmaq üçün yeni kəskin qarşıdurma lazım idi”.

AzToday.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli yazıb. Onun sözlərinə görə, hələ də Türkiyənin az olmayan bir hissəsi bu “hekayəyə” inanır, problemlərin sistemdən, alınan qərarlardan deyil də, xarici düşmənlərdən qaynaqlandığını düşünürlər: “AKP də bunu bilir, məhz bu yöndə hekayə qurmağa çalışır, amma çox təhlükəli siyasi gedişdir – Türkiyə seçicisinin böyük əksəriyyəti cüzdanına görə səs verir, dolanışığına görə qərar verir. Buna görə də, belə davam edəcəksə növbəti seçkilərdə AKP-nin vəziyyəti yaxşı olmayacaq.

O ki, qaldı analoqu olmayan məmləkətimizə, bizdə manatın alıcılıq qabilliyətinin düşməsi prosesi çox sürətlə gedir, bu devalvasiya mənasına gəlmir. Azərbaycan manatının məzənnəsi birjalarda müəyyən olunmur, inzibati qaydada Mərkəzi Bank və hökümət tərəfindən müəyyənləşdirilir. Uzun müddətdir ki, Azərbaycanda valyuta bazarı özünü sabit şəkildə göstərir. Ona görə də dünyada və qonşuda gedən proseslərin bizə birbaşa təsiri yoxdur. Amma manatın dəyərdən düşməsi alıcılıq qabiliyyətində özünü büruzə verir. Manatın alıcılıq qabiliyyəti kifayət qədər düşür, bunun özü də ən azı devalvasiya qədər təhlükəli bir məsələdir.

Neftin qiymətinin 85-86 dolllar olduğu dövrdə Mərkəzi Bank və Azərbaycan höküməti hansısa bir formada məzənnə dəyişikliklərinə getməz. Amma bu da məlumdur ki, uzun müddət eyni bir məzənnə rejimində qalmaq da mümükün deyil. Bir müddətdən sonra növbəti illərdə istər-istəməz manatın məzənnəsi ilə bağlı müəyyən qərarların alınması lazım olacaq, bu da, daha çox neft qiymətlərindən asılı olacaq. Neftin qiyməti aşağı düşməyə başlayanda manata da təhlükə çoxalacaq, amma bu tək neftlə də bağlı deyil – Ölkənin xərcləri ciddi şəkildə artacaq, bu xərcləri qarşılamaq, hökumətin prioritet elan etdiyi turizmi, qeyri-neft sektorunun ixracatını artırmaq üçün də devalvasiya lazım olacaq”.

Bənzər Yazılar