İqtisadiyyat

Eldar Əzizov reklam şirkətlərini çökdürür – BŞİH-dən qanunsuz addım

Bu gün Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Reklam bazarında fəaliyyət göstərən sahibkarları qanunsuz müdaxilələri ilə cökdürür.

Azərbaycanda orta və kiçik sahibkarlığın inkişafı ölkə rəhbərliyinin əsas fəaliyyət istiqamətlərindəndir. Məhz bunun bariz nümunəsidir ki, dünyada qlobal koronavirus pandemiyasının tüğyan etdiyi bir dövrdə yan təsirlərin azaldılması məqsədilə Prezident İlham Əliyevin birbaşa dəstəyi nəticəsində müxtəlif sahələrdə çalışan sahibkarlara bizneslərini inkişaf etdirmək üçün güzəştli əsaslarla kreditlərin ayrılması ilə bağlı mühim qərar qəbul olundu. Bu qərar sahibkarlar üçün xilasetmə halqasına bərabər idi. Ayrılmış güzəştli kreditlər hesabına şirkətlərdə ixtisarların qarşısı alınmış, yeni yatırımların edilməsi üçün münbit şərait yaradılmış və biznesləri ayaqda saxlamışdır.

Pandemiyadan ən çox zərər çəkmiş sahələrdən biri də reklam bazarıdır. Bu sahədə fəaliyyət göstərən şirkətlər pandemiya səbəblərindən çox böyük çətinliklərlə üzləşib. Lakin pandemiyanın fəsadları həmin şirkətlərin gələcəkdə üzləşməli olduğu problemlərlə müqayisədə çox cüzi imiş. Zərbə gözlənilməyən tərəfdən gəldi. Pandemiya səbəbindən ciddi maliyyə sıxıntıları ilə üzləşmiş və hər gün fəsadları aradan qaldırmaq üçün çalışan reklam şirkətləri bu dəfə məmur özbaşınalığının qurbanına çevrildi. Yerli özünüidarəetmə orqanlarının qeyri-qanuni hərəkətləri nəticəsində, cari ilin 4 sentyabr tarixində Bakı şəhərinin müxtəlif ünvanlarında binaların dam və fasad hissələrində fərqli reklam şirkətləri tərəfindən quraşdırılmış müasir reklam qurğuları bütün müvafiq sənədlərin, o cümlədən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi tərəfindən təqdim olunmuş rəsmi icazə sənədlərinin mövcudluğuna baxmayaraq, Bakı şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları tərəfindən heç bir rəsmi sənədə əsaslanmamış şəkildə sökülmüş, yararsız – bərpa olunmayacaq vəziyyətə salınaraq naməlum istiqamətdə aparılmışlar.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Reklam qurğularının sökülməsi nəticəsində sahibkarlara böyük miqdarda maddi zərər dəymişdir. Belə ki, müştərilərlə mövcud müqavilələr çərçivəsində götürülmüş öhdəliklər yerinə yetirilməsi mümkünsüz edildiyi üçün sözügedən şirkətlər külli miqdarda maddi itkilərlə üzləşmiş, şirkətlərin nüfuzuna ciddi xələl dəymiş, onların iflasına yol açmışdır.

Bu kimi özbaşına, heç bir hüquqi əsası olmayan qərarların verilməsi birbaşa Prezident İlham Əliyevin sahibkarlara tükənməyən qayğısı və dəstəyinə qarşı çıxmaqdan başqa bir şey deyil. Halbuki cənab Prezident öz çıxışlarında dəfələrlə Azərbaycanda sahibkarlara süni maneə yaradan onun fəaliyyətini məhdudlaşdırmağa hədəflənmiş hərəkətlərin yolverilməzliyi ilə bağlı dövlət məmurlarına xəbərdarlıq etmişdir. Görünür bəzi məmurlar bu dərsdən hələ də bir nəticə çıxarmayıb və sahibkarların fəaliyyəti, yaratdıqları iş yerləri, dövlət büdcəsinə ödənilən vergi və digər rüsumların önəmliyi onları heç maraqlandırmır.

Ziyan dəymiş reklam şirkətlərinin rəhbərləri də arzu edir ki, ölkə iqtisadiyyatımızın inkişafına töhfə verməyə davam etsinlər, yeni sərmayələrin cəlb olunması və iş yerlərinin artırılmasına nail olub, quruculuq işlərində yaxından iştirak etsinlər. Lakin bu hadisə çalışdıqları sahəyə yeni yatırımları çox riskli və hətta mümkünsüz edir. Sökülmüş reklam qurğuları təbii ki müvafiq dövlət qurumlarından rəsmi icazələr əsasında yerləşdirilib. Lakin buna məhəl qoymayaraq, qanunların aliliyini heçə sayan Bakı Şəhər İcra Hakimiyyəti heç bir izahat və rəsmi sənəd təqdim etmədən, tək qərarı ilə, çox asanlıqla, illərlə böyük zəhmət bahasına qurulmuş şirkətlərin sonuna səbəb olur.

Dünyanın bir sıra aparıcı şəhərlərində mövcud olan müasir və gözoxşayan reklam qurğuları şəhərin müasirliyinin və inkişafının əsas indikatorlarından hesab edilir. Reklam şirkətləri ölkəmizdə aparılan abadlıq işləri ilə əlaqədar olaraq açıq məkanda reklam qurğularının müasirləşdirilməsi və yenilənməsi istiqamətində irihəcmli investisiyalar yatırmaqla, yeni iş yerləri yaratmaqla iqtisadiyyatımızın inkişafına öz töhfəsini verir. Hər zaman öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirməyə çalışan sözügedən reklam şirkətləri, dövlətimizin milli maraqlarının qorunmasına və vətəndaş cəmiyyətimizin daha da möhkəmlənməsinə yönəlmiş sosial yönümlü fəaliyyətin dəstəklənməsinə aktiv şəkildə qoşulublar. Bu xüsusda, önəmli sosial çarxların da sözügedən reklam monitorlarında yayımlanması geniş yer alırdı.

Reklam qurğularının qanunsuz demontajı nəinki dövlətimizin maraqlarına xidmət edən sosial yönümlü çarxların nümayişi imkanlarını məhdudlaşdırır, eyni zamanda sahibkarları fəaliyyətinə süni əngəl yaratmaqla, onların vəziyyətini ağırlaşdırır, yüzlərlə Azərbaycan vətəndaşını öz iş yerlərini itirməsi təhlükəsi ilə üz-üzə qoyur. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü nəticəsində sahibkarlara verilmiş güzəştli kreditlər hesabına tikilmiş reklam qurğularının demontajı illərlə qurulan biznesin, bu sahədə yetişdirilmiş peşəkar və ixtisaslı kadrların gələcəyini ciddi sual altına qoyur. İri həcmli yatırımlar və peşəkarlıq hesabına qurulmuş reklam infrastrukturunun geriləməsi şübhəsiz ki, digər sahələrdə fəaliyyət göstərən sahibkarlara da mənfi təsir göstərəcək.

Bu gün sahibkarlar sözügedən məsələnin araşdırılmasını, qanuni hüquqlarının bərpa edilməsini və müvafiq reklam konstruksiyalarının yerinə qaytarılmasını istəyir. Məsələ ilə bağlı BŞİH-ə müraciət edildikdə, heç bir tutarlı cavab verilmir. Bu da təbiidir, çünki reklam bazarının tənzimlənməsi BŞİH-in səlahiyyətlərinə aid deyil.

Şirkət nümayəndələrinin bildirdiklərinə görə, vaxtilə Hacıbala Abutalıbov da abadlıq işləri adı ilə eyni addımı atmışdı. Bir müddət sonra yaxın qohumlarının adına şirkətlər açıb həmin reklam yerlərini o şirkətə vermişdi. Ehtimal olunur ki, hansısa məmur indi də həmin yerlərə göz dikib, eyni ssenarini təkrarlamaq istəyir. Buna görə də sahibkarlar məcbur olub Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət ediblər. Məsələ ilə bağlı prokurorluqda araşdırmalar başlanıb.

Azərbaycan Respublikasının “Reklam haqqında” qanununun 34.1-ci maddəsinə əsasən reklam sahəsində dövlət nəzarətinin başlıca məqsədi reklam subyektlərinin maraqlarının təmin olunmasından ibarət olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli Fərmanı ilə təsdiqlənmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin nizamnaməsinin 2.2.4 maddəsində reklam qurğularının sökülməsi ilə bağlı qərarın Agentliyin birbaşa səlahiyyəti çərçivəsində olduğu bildirilir. Belə olan halda BŞİH-nin müvafiq qərarının qanunsuzluğu və səlahiyyətlərini aşma faktı bir daha təsbit edilir.

Ölkə başçısının sahibkarlara dövlət dəstəyinin göstərilməsi istiqamətində apardığı siyasəti sabotaj etməyə cəhd göstərənlər tezliklə cəzalandırılmalıdır. Şirkət rəhbərləri məsələnin dərindən araşdırılacağı, sahibkarların hüquqlarının bərpa ediləcəyinə və müvafiq reklam konstruksiyalarının yerinə qaytarılması istiqamətində aidiyyəti qurumların öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atacağına hələ də inanmaq istəyir. Onların ümid yeri sahibkarların mənafeyinin hər zaman keşiyində duran möhtərəm Cənab Prezidentdir.

Bənzər yazılar

Back to top button