Siyasət

9 noyabrda masaya belə bir sənəd gələrsə, Bakı onu imzalamamılıdır… – Politoloq

“Rusiya Bakının müəyyən güzəştlərə getməsini istəyir. Ona görə də Ermənistanda mitinqlərə start verməklə bu cür böhran vəziyyəti yaradır ki, noyabrın 9-da Azərbaycanın marağına uyğun sənəd imzalanmasın”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Robert Koçaryanın “Hayastan” blokunun yenidən mitinqlərə start verməsinin arxasında hansı mətləblərin gizləndiyinə aydınlıq gətirərkən deyib.

Bu səbəbdən, həmsöhbətimiz düşünür ki, erməni müxalifətinin etiraz aksiyası keçirmək niyyətinin arxasında Moskva dayanır:

“Koçaryanın “Hayastan” blokunun mitinqlərə start verməsi heç də tək ona və Serj Sarkisyan blokuna aid olan məsələ deyil. Onların mitinq niyyətinə daha böyük miqyasda yanaşmaq lazımdır. Erməni müxalifətinin bu ərəfədə aksiyalara başlaması bir tərəfdən Nikol Paşinyanın mövqeyini gücləndirə biləcək davranışdır. Digər tərəfdən, etiraz aksiyalarına start verilməsi Rusiyanın təhrikinin nəticəsidir”.

N. Miri qeyd edir ki, “Qarabağ klanı” bu fonda Rusiyanın təhrikilə hərəkət etməklə, ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib, noyabrın 9-da baş verməsi gözlənilən prosesin qarşısını almağı düşünür:

“Ermənistan mediasında noyabrın 9-da Kremldə Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşün keçirilməsi və konkret imzalanacaq sənədlərdən danışılır. Belə vəziyyətdə qabaqlayıcı addım olaraq “Qarabağ klanı” Ermənistanda ictimai-siyasi vəziyyəti yenidən gərginləşdirməklə prosesin qarşısını almağa çalışır. Paşinyan isə bu fonda vəziyyətin gərginləşməsi bəhanəsilə müzakirə predmeti olan sərhədlərin delimitasiya və demarkasiyası prosesindən müvəqqəti imtina edə, yaxud da ölkələrin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıması kimi məsələni təxirə salıb, elə də vacib olmayan kommunikasiyaların açılması məsələsilə bağlı sənədin imzalanmasına çalışacaq”.

Politoloq bildirir ki, noyabrın 9-da həqiqətən belə bir sənəd ortaya gələcəksə, Azərbaycan ondan imtina etməlidir:

“Bakı Qarabağdan silahlı erməni dəstələrinin çıxarılmasını təkid etməli, əks təqdirdə, konkret zaman göstərməklə anti-terror əməliyyatı keçirəcəyini bəyan etməlidir”.

Bənzər yazılar

Back to top button