Hadisə

Bir qrup müharibə iştirakçısı Ziya Bünyadov prospektini bağlamağa cəhd edib

Oktyabrın 26-da bir qrup müharibə iştirakçısı Bakının Ziya Bünyadov prospektində yolu bağlamağa cəhd edib.

“Azərenerji” ASC-dən Turan-a bildirilib ki, sözügedən ərazi qurumun Bakı Elektrik Şəbəkəsinin balansında olan 110 kV-luq yüksək gərginlikli hava xəttinin mühafizə zonasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 saylı, 10.06.2005-ci il tarixli qərarına əsasən yüksək gərginlikli hava xəttinin mühafizə zonalarının vətəndaşlar tərəfindən zəbt edilməsi qanunaziddir və belə pozuntular cinayət məsuliyyətidir.

Qurumdan vurğulanıb ki, qeyd edilən ərazidə müxtəlif vaxtlarda bir sıra səbəblərdən dəfələrlə yanğınlar olub, xətlərdə açılmalar baş verib, minlərlə abonent işıqsız qalıb. Ərazi ötən illərdə bir sıra aidiyyatı qürumların laqeydliyi nəticəsində heç bir hüquqverici sənəd olmadan, qanunsuz olaraq müəyyən şəxslər tərəfindən zəbt edilib və bu səbəbdən xətlərdə baş vermiş qəzaların aradan qaldırılmasında ciddi çətinliklər yaranıb. Cari ilin sentyabr ayının əvvəllərində xətlərə təxirəsalınmaz texniki xidmətlərin göstərilməsi üçün ərazi qanunsuz ticarət obyektlərindən boşaldılıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd olunub ki, bir neçə gün öncə özlərini Qarabağ qazisi kimi təqdim edən, əvvəllər tanımadığımız bir neçə şəxs qapalı ərazinin darvazasını sındırıb, əraziyə daxil olaraq boş ərazidə qanunsuz tikinti işlərinə başlayıblar. “Qanunsuz hərəkətlərin dayandırılması ilə əlaqədar əməkdaşlarımızın dəfələrlə edilmiş xahişlərinə məhəl qoyulmayıb, işlər davam etdirilib. Qazilərimiz bütün Azərbaycan xalqının dəyərli övladlarıdır. Onları qorumaq, qayğılarına qalmaq hər birimizin borcudur”, – qurumdan qeyd olunub.

Bildirilib ki, qurumda işləyən və torpaqların işğaldan azad olunmasında xidməti olan bütün Qarabağ müharibəsi iştirakçıları, qazi və şəhid ailələri heç vaxt diqqətdən kənarda qalmayıb: “Biz bu igid övladlarımızın da istəklərinə hörmətlə yanaşırıq. Lakin vətən uğrunda sağlamlıqlarını itirmiş bu gəncləri yenidən bilərəkdən öldürücü elektrik xətlərinin altında təhlükə qarşısında qoymağımızın heç bir izahatı ola bilməz.

Tam məsuliyyətlə bildiririk ki, bu şəxslərdən heç birinin həmin əraziyə aidiyyatı, mənsubiyyət sənədi və ya sahibkarlıq fəaliyyətilə məşğul olması üçün icazəsi yoxdur və yüksək gərginlikli hava xətlərinin mühafizə zonalarına bu kimi sənədlərin verilməsi qanunaziddir”.

“Azərenerji”dən qaziləri təmkinli olmağa çağırıblar: “İmkanlarımız çərçivəsində hər zaman onlara problemlərinin həllində yardımçı olmağa hazır olduğumuzu bildiririk”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Turan-a bildirilib ki, vətəndaşların yolu bağlamağa cəhd etməsinə səbəb həyatyanı torpaq sahəsi ilə bağlı mübahisədir: “Ərazidə xidmət aparan naryad qruplarımız tərəfindən dərhal hadisəyə müdaxilə edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb. Yolda hərəkət bərpa olunub”.

Qurumdan qeyd olunub ki, hazırda tərəflərin mübahisə subyekti ilə bağlı araşdırma aparılır və aidiyyatı qurumlar məlumatlandırılıb.

Bənzər yazılar

Back to top button