ManşetSiyasət

Ermənistanla ədalətli sülh imzalanmalıdır

Ermənistan Azərbaycana qarşı ərazi iddialarından bir addım da geri çəkilməyib. Əvvəllər ərazi iddialarını “xalqların öz müqəddəratını təyinetmə” ilə pərdələyirdilərsə, indi isə “milli azlıqların hüquqları” ilə pərdələyirlər. Bu yolla Xankəndi ermənilərinə beynəlxalq təhlükəsizlik təminatları, hüquqi status almaq və oranı de-facto Azərbaycandan qoparmaq istəyirlər. 1988-ci ildən başlayan “Miatsum hərəkatı”nı yeni şərtlərə uyğun davam etdirirlər.

Keçmiş DQMV ətrafındakı rayonlar işğaldan azad edildiyi üçün ərazi bütövlüyü üzərindən mübahisə artıq gündəmdən çıxıb. İndi isə Ermənistan münaqişə predmeti kimi milli azlıqların hüquqlarını gündəmə gətirir. Onların baxışına görə milli azlıqların hüquqları beynəlxalq insan hüquqları məsələsidir. Bu halda dövlətlərin daxili işlərinə qarışmadan və ərazi bütövlüyünə qəsddən söhbət getmir. İnsan hüquqları dövlətlərin daxili işi deyil. Ona görə rahatlıqla “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” deyirlər və bu məzmunlu sülh müqailəsinə də imza atmağı problem hesab etmirlər.

Ermənistanı yeni açdığı cəbhədə geri oturtmağın tək yolu 1948-53-cü illərdə Ermənistan SSR-dən deportasiya olunmuş 100 – 150 000 azərbaycanlının məsələsini gündəmə gətirməkdir. Bu gün Xankəndi və ətrafda yaşayan ermənilərin milli azlıq kimi hüquqları gündəmə gətirilirsə, paralel olaraq da Ermənistandan 1948-53-cü illərdə deportasiya olunmuş/etnik təmizləməyə məruz qalmış azərbaycanlıların da taleyinə aydınlıq gətirilməlidir. Onların Ermənistana qayıdışı təmin edilməlidir.

Ermənistan etnik ermənilərin yaşadığı Azərbaycan görmək istəyirsə, o zaman etnik azərbaycanlıların yaşadığı Ermənistana razılaşmalıdır. Sülh razılaşmaları ədalətli olmalıdır. Ədalətsiz sülh gələcək müharibələr deməkdir.

Elnur Sadıqov

Bənzər yazılar

Back to top button