“Ramiz Mehdiyevin kürəkəni məni təhdid edir” – Birinci vitse-prezidentə müraciət

by Aztoday Xəbər Portalı

“Yeni Gəncə” Tibb Mərkəzinin icraçı direktoru Kərimova Ülkər Nadir qızı tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Mehriban xanım!

Bir azərbaycanlı xanımı kimi Sizdən mənim və övladlarımın həyatı üçün təhlükəyə çevrilmiş “İNTERMEDSERVGİS” MMC-nin təsisçisi, Milli Məclisin sabiq deputatı, Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev tərəfindən mənə qarşı başladıla təhdidlərin, şər-böhtanların, təhqirlərin qarşısının alınmasına və bizim təhlükəsizliyimizin təmin olunmasına dair aidiyyatı orqanlara göstəriş verilməsini xahiş edirəm.

Yazıb Sizə bildirirəm ki, mən 2017-ci ildən “İNTERMEDSERVGİS” MMC-nin təsisçisi, Milli Məclisin sabiq deputatı, Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev tərəfindən “Yeni Gəncə” Tibb Mərkəzinin icraçı direktoru vəzifəsinə təyin olunmuşam. İşlədiyim dövr ərzində əhaliyə yüksək tibbi xidmət göstərilməsi istiqamətində öz bilik və bacarığımı əsirgəməmişəm və daim klinikanın nüfuzunu yüksəltmişəm. Nümunə olaraq ordumuzun zəfər çaldığı 44 günlük müharibə dövründə klinikada yaralı əsgərlərimizə göstərilən xidmətimizi qeyd edə bilərəm. Dəfələrlə Müdafiə Nazirliyinin Hərbi hissələrinin Təşəkkürnaməsi və Fəxri fərmanları ilə təltif olunmuşam.

İlham Əliyev yaralı əsgərlərimizin müalicəsi üçün sərf olunan vəsaiti “mənim çatışmamazlığım” kimi məndən tələb edir. 44 günlük Vətən müharibəsi dövründə mənim tərəfimdən “Yeni Gəncə” Tibb Mərkəzinin təcili tibbi yardım maşınları yaralı əsgərləri daşımaq məqsədiliə Hərbi Komisarlığın sərəncamına verilərkən və yaralı əsgərlərimizin klinikada müalicəsi təşkil olunarkən dəfələrlə ilham Əliyevin özü və qardaşı Fikrət Əliyev tərəfindən təzyiqlərə və təhqirlərə məruz qalmışam. Mənə hər ikisi – İlham və Fikrət Əliyev qardaşları telefonla zəng edərək təcili tibbi yardım maşınlarını verdiyimə və yaralı əsgərləri klinikada müalicələrini təşkil etdiyimə görə təhqir edirdilər.

Mən icraçı direktor vəzifəsinə təyin olunarkən heç bir təhvil- təslim aparılmayıb və bu barədə müvafiq akt tərtib olunmayıb. Təsisçi ilə mənim aramda maddi məsuliyyət haqqında müqavilə bağlanaraq imzalanmayıb. 2021-ci ilin sentyabr ayının hasabatını verdikdən sonra, mən təsisçi İlham Əliyevə onun gündən-günə artan tələblərini yerinə yetirməyimin mümkün olmadığını və bu səbəbdəndə tutduğum vəzifədən azad olunmaq istəyimi bildirdim. İlham Əliyev işdən azad olunacağım təqdirdə, məni audit etdirərək klinika yaranandan etibarən yaranmış bütün çatışmamazlıqları mənə ödətdirəcəyi ilə hədələdi.

Təsisçi İlham Əliyev 14.10.2021-ci il tarixdə Gəncə şəhərinə gələrək, məni 14 oktyabr 2021-ci il tarixdən 3 gün müddətinə ödənişsiz məzuniyyətə göndərilməyim barədə ərizə yazmağa məcbur etdi və mənim iştirakım olmadan özü ilə Bakı şəhərindən gətirdiyi Aygün adlı xanıma klinikanı yoxlatdırmağa başladı. Bildirirəm ki, icraçı direktor işlədiyim 4 il müddətində klinikaya ildə bir dəfə rəsmi şəkildə auditor dəvət olunmuş, audit yoxlaması keçirilmiş və müvafiq akt tərtib olunaraq təqdim olunmuşdur. Əgər həqiqətən də mənim tərəfimdən vəzifə saxtakarlığı edilərək mənimsəmə olmuşdusa, hansı səbəbdən təsisçi tərəfindən mənim barəmdə heç bir tədbir görülməmişdir?

Təsisçi mənə bildirdi ki “mən zəng edib səni çağırmayanadək klinikaya yaxın gəlmə”. Həmin gündən xidməti otağımdan özümə məxsus bəzi şəxsi əşyalarımı istifadə üçün özümlə götürərək, kirayədə yaşadığım evə gəldim.

Təsisçi İlham Əliyevin şifahi göstərişinə əsasən bu günədək klinikanın ərazisinə daxil olmamışam. “Yeni Gəncə” Tibb Mərkəzinin möhürü və elektron imzası məndən rəsmi akt tərtib olunaraq təhvil götürülüməyib. Möhürdən və elektron imzadan hal-hazırda qeyri-qanuni istifadə olunur və hətta keçmiş tarixlərə saxta sənədlər hazırlanaraq, təsdiq olunmasına dair ehtimalım var. Mənim klinikada olmadığım dövrdə iştirakım təmin olunmadan İlham Əliyevin özü ilə gətirdiyi Aygün adlı xanım tərəfindən bu günədək yoxlama aparılır, müəyyən işçilərdən mənim əleyhimə izahatlar alınır. Mənim əleyhimə izahat verməkdən imtina edən işçilər işdən çıxarılmaqla təhdid olunur. Mənimlə təsisçi arasında maddi məsuliyyət üzrə müqavilə olmadığı halda, mənim görmədiyim və mənə rəsmi şəkildə təhvil verilməmiş, adını da bilmədiyim tibbi avadanlığın mənim tərəfimdən mənimsənildiyi fikiri artıq klinikada formalaşdırılmışdır.

16 oktyabr 2021-ci il tarixdə təxminən saat 17 radələrində klinikanın üç nəfər işçisi (Mahir həkim , Zülfüqar və Kəyan) mənim yaşadığım ünvana gələrək mənzilə daxil olmuşlar, Mahir həkim əlində olan telefonu mənə üzadaraq təsisçi İlham Əliyevlə danışmağımı tələb etmişdir. İlham Əliyevlə danışarkən telefonda mənə təhqiramiz formada gələn adamların istədiklərini təmin etməyimi əmr etmişdir. Əgər Mahir həkimlə İlham Əliyevin telefonlarının anten məlumatları yoxlanılarsa, söylədiklərim öz təsdiqini tapar. Həmin adamlara mən otaqlara girməməyi bildirərək qarşılarını almaq istədikdə, klinikada mühafizəçi vəzifəsində işləyən Kəyan adlı şəxs qolumdan tutaraq məni dəhlizin divarına çırpmış, hər üçü zor tətbiq edərək, mənzilin bütün otaqlarında axtarış keçirib, dəhlizdə Bakı şəhərinə aparmaq məqsədilə qutulara yerləşdirdiyim şəxsi əşyalarımı, əşyalarla birlikdə olan 2000 manat pulmu və brilliant qızıl-zinət dəstimi götürüb “bu qızıl və pulları klinikadan qazanıbsan”, – deyərək mənzildən çıxmışlar. Mən səhhətim pozulduğu üçün Təcili tibbi yardıma, sonra isə mənzilımə basqın olduğu üçün 102 qaynar xəttinə müraciət etdim. Hal-hazırda fakt üzrə Gəncə şəhər Baş Polis İdarəsinin Təhqiqat və istintaq idarəsində təhqiqat aparılır.

Ərizədə göstərdiyim halları və təsisçinin mənə qarşı qərəzli mövqeyini nəzərə alaraq 20 oktyabr 2021-ci il tarixdən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə təsisçi İlham Əliyevə rəsmi müraciət etmişəm. Lakin ərizəmə cavab olaraq qərəzli, şər-böhtanla dolu məktubla mənə cavab vermişdir.

Hörmətli Mehriban xanım!

Siz hər bir Azərbaycan qadınının hüquq və azadlıqlarının qarantısınız. Mən iki uşaq anasıyam. Daim dövlətimə və onun Prezidentinə sadiq olmuşam və qanunlarımızın aliliyinə hörmətlə yanaşaraq, qanunlarımızı pozmamağa çalışmışam. Sizdən bir köməksiz ana kimi xahiş edirəm ki, “İNTERMEDSERVGİS” MMC-nin təsisçisi İlham Əliyev tərəfindən mənə qarşı başlanmış və məni intihar etmək həddinə gətirmiş repressiyanın qarşısının alınması məqsədi ilə aidiyyatı orqanlara göstəriş verəsiniz”.

Hurriyyet.az

Bənzər Yazılar