İcra başçısının şəhid ayrıseçkiliyi: Vaqif Həsənov şəhid ailələrini hiddətləndirdi (FOTO, VİDEO)

by Aztoday Xəbər Portalı

Son vaxtlar media və sosial şəbəkələrdə davamlı olaraq tənqid olunan Ağdamın icra başçısı Vaqif Həsənov bu dəfə şəhid ailələrini hiddətləndirməyi bacarıb.

AzToday.az xəbər verir ki, işğalda olan torpaqlarımızın azad olunması ilə nəticələnən 44 günlük müharibənin şəhidlərinə qarşı Ağdam İcra Hakimiyyətinin ayrıseçkiliyi müşahidə olunur.

Bir aya yaxındır ki, Ağdamda müxtəlif günlərdə şəhidlərin il mərasimi və anım günləri qeyd olunur. Elə gün olur bir, elə gündə olur ki, iki və daha artıq anım tədbirləri keçirilir. Amma bu günə kimi keçirilən anım tədbirlərində Ağdamın icra başçısı Vaqif Həsənov və onun müavinlərinin heç birinin iştirak etmədiyi deyilir.

Təqdim etdiyimiz görüntülərdə də bu əksini tapıb:

Lakin bir neçə gün öncə tanınmış muğam ifaçısı Mənsum İbrahimovun şəhid qardaşı oğlunun il mərasimi və anım günü qeyd edildi və həmin tədbirdə Ağdam icra başçısı Vaqif Həsənov şəxsən iştirak edib. Bu isə digər şəhid ailələrinin haqlı hiddətinə səbəb olub. Bu günə kimi bir dəfədə olsun şəhidlərin anım tədbirlərinə qatılmayan Vaqif Həsənov necə olur ki, hansısa tanınmışın qohumunun anım günündə şəxsən özü iştirak edir?

“Biz demirik niyə iştirak edib, şəhidlərin hamısı bizim üçün əziz, qiymətli və dəyərlidir. Heç birinin bizim üçün fərqi yoxdur, hamısı bizim qəlbimizdə yaşayacaq. Lakin narazılığımız Vaqif Həsənovun ayrıseçkilik etməsindədir…” – deyə Ağdam sakinləri bildirir.

Ağdam İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Orxan Məmmədli

AzToday.az

Bənzər Yazılar