Daha bir mühacirin ailəsi təqib olunur

Print Friendly, PDF & Email

Röya Rəfiyeva: “Hakimiyyət ölkəni tərk edən jurnalist və siyasiləri həbs edə bilmədiyi üçün onların yaxınlarını girov saxlayır”

Almaniyada mühacir həyatı yaşayan Kanal13 internet televiziyasının əməkdaşı, jurnalist Röya Rəfiyevanın valideynlərinə qarşı polis təhdidi davam edir. Bu barədə R.Rəfiyeva məlumat verib. Onun sözlərinə görə, yaşlı valideynlərinin və qardaşının həyatı təhlükədədir: “Çalışdığım Kanal13-ün direktoru Əziz Orucov saxta ittihamlarla həbs olunub. Kanal13-ə qarşı cinayət işi açılıb. Azərbaycanda həbs olunma təhlükəsilə üzləşdiyim üçün ölkəni tərk edib Almaniyadan siyasi sığınacaq istəmişəm. Lakin hökumət mənə qarşı təhdidləri valideynlərimə edir. Mən tənqidi yazılar dərc etdiyim üçün polis qardaşım Qaya Rəfiyevə və valideynlərimə təzyiq göstərir. Azərbaycanda söz azadlığının olmadığına, azad mətbuata qarşı hökumətin ciddi basqısına aid şəxsi facebook səhifəmdə status yazmışdım. Üç gün əvvəl sahə müvvəkkili valideynlərimin Oğuz rayonunda yaşadıqları ünvana gəlib, onları təhdid ediblər və qardaşımı polis idarəsinə aparıblar. Qardaşıma həbs edəcəklərini deyiblər. Onu məcbur ediblər ki, mənimlə əlaqə saxlasın və həmin statusu sildirsin. Mən də qardaşımın həbs olunmasını istəmədiyim üçün məcbur qalıb statusu sildim. Qardaşım mənə dedi ki, polis bölməsində onu təhqir ediblər, hətta fiziki təzyiq də göstəriblər”.

R.Rəfiyeva əlavə edib ki, Azərbaycan hakimiyyəti mühacirlərin qohumlarını girov saxlayır: “Hakimiyyət ölkəni tərk edən jurnalist və siyasiləri həbs edə bilmədiyi üçün onların yaxınlarını girov saxlayır. “Azadlıq” qəzetinin redaktoru Natiq Ədilovun qardaşı, Natiq Ədilovun siyasi mövqeyinə və jurnalist faliyyətinə görə həbs olunub. Bu mövzuda kifayət qədər nümunə göstərmək olar. Valideynlərim çox ciddi təhlükə altındadılar. Onlara qarşı polis zorakılığı mənim siyasi baxışlarım və jurnalist fəaliyyətimə görədir. Gunahsız insanları saxta ittihamlarla həbs etmək, yaxud təhdid altında saxlamaq, hüquqa ziddir. Mən hökumətin yanlış siyasi mövqeyini tənqid edirəm, əvəzində doğmalarımın həbsini görürəm. Hökumət bu repressiyaya son qoymalıdır”.