Hadisə

“10 min götürəcəkdim ki, özümə toy edim”- “Milli Ön”dən oğurluq planının detalları

“Milli Ön” aparatlarından oğurluq etməkdə ittiham olunan şəxsin məhkəməsi keçirilib. Məlum olub ki, həmin şəxs illərdir çalışdığı şirkətdə yol verilən nöqsanlardan istifadə edərək plan qurub. Plana uyğun olaraq iki il müddətində ödəniş aparatlarından pul götürüb. Şirkət isə bundan bir neçə il sonra xəbər tutub.

Musavat.com xəbər verir ki, İlqar Əlixanov 2015-ci ildə adı çəkilən şirkətdə kassir qrup əməliyyatçısı inkassator vəzifəsində işləyib.

Onun əsas vəzifəsi “Milli Ön” və “BakuBus” terminallarında olan pul vəsaitlərinin olduğu dəmir kasetləri götürərək şirkətə təhvil vermək olub.

İlqar Əlixanov dindirilən zaman deyib ki, iş vaxtı bir inkassator, bir mühafizəçi, bir sürücüdən ibarət qrup şəklində hərəkət ediblər.

Onun sözlərinə görə “Milli Ön” aparatını açmaq üçün şirkət tərəfindən həmin gün açılacaq aparatların açarı verilirmiş. Həmçinin aparatlardan kaseti götürəcək şəxsin xüsusi kodu olurmuş.

İ.Əlixanovun dediyinə görə bəzi vaxtlarda kaseti açmaq üçün istifadə olunan metal seyf açarı ilə yanaşı ehtiyat açarları da onlara veriblər ki, inkassasiya prosesi zamanı hər hansı bir texniki problem və ya açarın qırılması baş verərsə, bu zaman həmin ehtiyat açardan istifadə edə bilsinlər.

Aylıq 620 manat əmək haqqı alana İlqar Əlixanov valideynləri xəstə olduğundan bu yola əl atdığını söyləyib. Ailə həyatı qurmaq üçün maddi problemləri də olan İlqar lazım olan məbləği- 10 min manatı şirkətin aparatlarından götürməyi qərarlaşdırıb.

İlqar belə bir fikrə gəlməsinin səbəbini bu cür danışıb: “2018-ci ilin payız aylarında inkassasiya üçün verilmiş açarları geri təhvil alan zaman ikinci ehtiyat nüsxəni təhvil verməmişdim. Açarı qəbul edən əməkdaşların buna diqqət etmədiklərini gördüm. Əvvəlcə maraq üçün həmin açarları götürməyə başladım. Açarları ilkin vaxtlarda götürən zaman oğurluq niyyətim yox idi. Sonradan bunu qərarlaşdırdım. Şirkətdən açarları təhvil aldıqdan sonra əraziyə çıxmaq üçün təxminən 1 saat vaxtım olurdu. Statistika Komitəsi ilə üzbəüz olan yerdə açarların sürətini çıxarırdım. Məndə əllidən çox açar yığılmışdı. Özümün və ailəmin maddi vəziyyəti daha da çətinləşdi. Buna görə də yalnız ehtiyac olduğu qədər pul götürmək qərarına gəldim. Toy etmək üçün sadəcə 10 min manat götürmək fikrim var idi. Həm də çox böyük məbləğdə pul götürmək istəmirdim. Çünki şirkət biləcəkdi. Ehtiyacım olduğu qədər pul götürüb, açarları tullayacaqdım”.

İ.Əlixanov əlavə edib ki, hər gün işə çıxan zaman Bakı şəhərində olan terminallar inksassiya ediləcəkdisə, bir boş kaset, rayonlara gedirdilərsə, üç boş kaset artıq olaraq verilirdi: “Birdən inkassasiya prosesi zamanı kasetdə hər hansı bir nasazlıq yaranarsa, ehtiyat istifadə edirdik. Nasaz vəziyyətə düşmüş kaset yenidən ofisə təhvil verməliydi, lakin şirkət tərəfindən də buna xüsusi diqqət olunmurdu. 2018-ci ildə verilən kaseti təsadüfən şirkətə geri təhvil vermədim. Bunu şirkət də istəmədi”.

İlqar ilk oğurluğu necə etməsinin təfərrüatını belə danışıb: “2018-ci ilin 31 dekabrında tələbə yoldaşlarımla qonaqlıqda olmalı idim. Qardaşım məni maşınla aparanda yolüstü Ramana qəsəbəsində olan “Araz” marketin yanında saxlamasını istədim.

Evdən götürdüyüm kasetlərin açarları, boş kaset, papağı və arxa papaqlı plaşla maşından düşdüm. Üzümü gizlətmək üçün plaşı və papağımı geyindim. Aparatdan çekləri çıxaranda 1000 manat olduğunu gördüm. Dolu kaseti çıxarıb yerinə boşunu qoydum. Pulları götürdükdən sonra qardaşımın yanına getdim. Onun heç nədən xəbəri yox idi. Ərazidə olan dostlarımla görüşüb, bayramlaşacağımı demişdim. Daha sonra qardaşımdan maşını alaraq bir neçə aparatdan eyni üsulla pul çıxardım. Gecə evə gələn zaman nə qədər pul götürdüyümü saymadım. Təxminən 5000 manatdan çox olmazdı”.

Evə qayıtdıqdan sonra çox peşman olduğunu deyən İlqar özünə qarşı hədsiz dərəcədə əsəbləşdiyini də bildirib. Amma artıq hər şeyin gec olduğunu da başa düşüb.

İlqar bundan sonra daha iki dəfə müxtəlif terminallardan pul çıxarıb.
“Təxminən 15 min manata yaxın pul olardı. Həmin məbləğdən təxminən 300-500 manat pul xərcləmişdim. Götürdüyüm pulları dəqiq saymamışdım. Mən tutulduqdan sonra yataq otağımda olan döşəyin arasından götürülmüş pullar “Milli Ön” ödəmə terminallarından götürdüyüm olub. Amma rəfdəki 9400 dollar özümün idi. Həmin pulları toy hazırlığı, valideynlərimin müalicəsi üçün əmək haqqından yığmışdım. İkinci mərtəbədə olan otaqdakı qara çantadakı 10 min manata yaxın pul da aparatlardan çıxarılan idi”.

Məhkəmədə dindirilən İlqar söyləyib ki, aparatlardan ümumilikdə 122 min 742 manat və 1.201 dollar götürməsi ilə bağlı deyilənlər doğru deyil.

“Məbləğ o qədər ola bilməzdi. Götürdüyüm pulun dəqiq rəqəmi inkassasiya prosesində terminaldan çıxan qəbzdə göstərilir. 42 min manat zərəri qəbul edirəm”,- deyə İ.Əlixanov əlavə edib.

İlqar Əlixanov məhkəmənin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzadan narazı qalan İ.Əlixanov apelyasiya şikayəti verib. Məhkəmə onun şikayətini təmin etməyib.

Bənzər yazılar

Back to top button