“İnvest M. Construction” şirkətinin “GÜCÜ” – “Məhkəmə sakinləri gecə saat 12-də iclasa çağırıb”

by Aztoday Xəbər Portalı

Bakı şəhəri, Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yaşayan sakinlər bir tikinti şirkətinin onların gününü “göy əsgiyə bükməsindən” şikayətçidir.

Sakinlər bildirirlər ki, hələ sovetlər vaxtından paytaxtın “Yaşıl vadi” adlanan məhəlləsində 5-6 ay öncəyədək firavan yaşasalar da, onların dincliyini “İnvest M. Construction” adlı tikinti şirkəti pozmaqda davam edir.

Mediada daha öncələr də bu haqda yazılıb, lakin tikinti şirkəti sakinləri mülklərindən didərgin salmaqda israrlıdır.

Sözügedən ərazidə yaşayan sakinlər növbəti dəfə ölkə rəhbərliyinə – Prezidentə, Birinci vitse-prezidentə müraciət edərək, onlara qarşı edilən qanunsuzluqların qarısının alınmasını xahiş ediblər.

Sakinlərin müraciətində qeyd edilir: “Nizamnamə kapitalı cəmi 100 manat olan, xidmət MMC kimi tanınan “İnvest M. Construction” bu layihəyədək tikinti işləri ilə məşğul olmayıb. Əmin deyilik ki, MMC başladığı layihəni icra edib sona çatdıra biləcək. Çünki bu ətrafda 500-dən çox sakin var, onların hamısını evlə, kompensasiya ilə təmin edə bilmək bir şirkətin həll edə biləcəyi iş deyil. Habelə bu, dövlətin pilot layihəsi olmadığı üçün sakinlər işin yekunlaşdırıla bilməsinə inanmırlar. Çünki ərazi çox böyükdür, gələcəkdə bu adamlar evsiz-eşiksiz qalan narazı kontingentə çevrilə bilər. Məsələn, elə təkcə Mirqasımov 4 ünvandakı binada 170 mənzil var.

MMC-nin nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Nəsimi Rayon İcra Hakimiyyəti ilə tikintinin deyilən vaxtda yekunlaşacağına dair müqaviləsi var. Şirkət sadəcə BŞİH-dən bu ətrafdakı 1,55 hektar ərazidə tikinti aparmağa razılıq alıb, heç bir öhdəlik götürməyib. Ən pisi odur ki, BŞİH və Nəsimi İcra Hakimiyyətinin nümayəndələri vətəndaşları qorxutmağa çalışır, şirkətin “vəkili” rolunda çıxış edirlər.

MMC sakinlərdə xof yaratmaq üçün ərazidə bir neçə yaşayış olmayan mənzilin sahibləri ilə gizli danışıqlara gedərək, bəzilərini aldadaraq, söküntü görüntüsünü yaratmaq məqsədi ilə həmin evlərin qapı-pəncərələrini söküb. Üstəlik, qəsdən həmin yararsız hala saldıqları mənzillərə heyvan içalatı ataraq süni şəkildə üfunət qoxusu yaradıb, sakinləri didərgin salmağa çalışırlar. Həmçinin, burada qapı-pəncərəsi olmayan mənzillər narkomanların və qeyri-əxlaqi hərəkətlər edən ünsürlərin “yuvasına” çevrilib. Uşaqlarımızı həyətə buraxa bilmirik. Faktiki olaraq zorakı şəkildə – bizim razılığımız alınmadan, yaşıl vadinin taleyi sual altında qalaraq, kompensasiya almadan və qanunsuz şəkildə Mirqasımov küçəsi 4 ünvandakı binanı sökməyə çalışırlar. Bunun qanunsuz olmasını məhkəmə də təsdiq edib və bizim məhkəməyə müraciətimiz təmin edilib.

9 iyul 2021-ci il tarixli məhkəmənin (Bakı İnzibati Məhkəməsinin – hakim Günel Sevdimalıyeva) qərardadında yazılır: “Mirqasımov küçəsi ev 4 ünvanında yerləşən yaşayış binasında hər hansı tikinti-quraşdırma işlərinin, o cümlədən ərazidə tikintiyə hazırlıq işlərinin aparılması, yaşayış binasında köçürülmüş mənzillərin sökülməsi, binaya daxil olan kommunikasiya sistemlərinin sıradan çıxarılması, “İnvest M. Construction” MMC-yə qadağan edilsin. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının tikintisi məqsədi ilə torpaq sahəsinin icarə əsasında “İnvest M. Construction” MMC-nin istifadəsinə verilməsi haqqında” 274 saylı 18.02.2020-ci il tarixli sərəncamının icrası həmin hissədə dayandırılsın”.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (sədrlik edən və məruzəçi hakim Azər Hüseynov) da bu qərarı qüvvədə saxladı.

Şirkət isə qanunları pozmaqda davam edib, dövlətin qanununa, məhkəmənin qərarına tabe olmamaq üçün hər vasitəyə əl atıb. Ərazini abadlaşdırmaq əvəzinə viran qoymaqda davam edib.

İndi isə “İnvest M. Construction” və BŞİH absurd şəkildə kassasiya şikayəti verərək, bizim xeyrimizə çıxarılmış, tam qanuni, əsaslı məhkəmə qərarını ləğv etdirməyə və qanunsuz tikinti-söküntü işlərini davam etdirməyə çalışır.

Belə ki, MMC və BŞİH kassasiya şikayəti vermək hüququ olmadığı halda bu addımı atıb və üstəlik də, işə baxacaq hakimin BŞİH rəhbərliyinin yaxın qohumu olması haqda bizə məlumatlar daxil olub. Qəribəsi odur ki, məhkəmə sanki biz vətəndaşları ələ salaraq, işə 3 noyabr 00:00-da baxılacağı barədə rəsmi bildiriş göndərib. Gecə saat 12-də bizləri məhkəməyə çağırıblar.

Həmin kassasiya şikayəti habelə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 403.1. maddəsinin pozulması ilə verilib. Belə ki, AR MPM-nin 403.1 maddəsinə görə işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı halda kassasiya şikayəti verə bilərlər. BŞİH Aparatı birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti verməyib və buna görə də apellyasiya instansiyasında onun tələbinə münasibət bildirilməyib.

Məhz bu səbəbə görə də BŞİH Aparatının 22 sentyabr 2021-ci il tarixli kassasiya şikayətinə kassasiya instansiyasında baxıla bilməz.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının MXMT(103)-49/2021 saylı, 26 avqust 2021-ci il tarixli qərardadı əsaslı və qanunidir, həmin qərardadın hazırki məhkəmə tərəfindən ləğv edilməsi, işin mahiyyəti üzrə qəbul ediləcək qərarın icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. O, formal mülahizələrə görə ləğv edilə, kassasiya şikayəti təmin edilə bilməz. Qanunun tələbi budur. Ancaq biz narahatıq ki, burada subyektiv meyarlar, sifariş, fərdi maraqlar rol oynaya bilər və biz sakinlərin müsibətləri dözülməz həddə çatar”.

Sakinlər ölkə rəhbərliyindən xahiş edir ki, bu iş nəzarətə götürülsün: “Rica edirik, bizim mənzil, yaşamaq hüquqlarımızın pozulmasına, habelə qarşıda baş verəcəyi ehtimal olunan qanunsuzluqların həyata keçməməsinə yardımçı olasınız. Xahiş edirik, ərazinin “yaşıl vadi” olaraq qorunması üçün müvafiq dövlət layihələrinin icrasına göstəriş verəsiniz”.

Mənbə: “AzPolitika”

Bənzər Yazılar