Dünya

Cəmi 332 milyard dollar pulu olan iki nəfər: onlar Bodrum sahillərində görünüb…

Dünyanın ən zəngin adamlarından biri, “Microsoft”un qurucusu Bill Qeyts günlərdir Türkiyənin Bodrum kurort bölgəsində dolaşır və məlumatlara görə istirahətlə yanaşı iri yatırım planlarını da nəzərdən keçirir. Türkiyə mediası xəbər verir ki, təxminən bir həftə əvvəl yaxta ilə Bodruma istirahətə gələn Bill Qeyts Gökova, Marmaris və Fetihiyyeni gəzib dolaşdıqdan sonra ötən gün yenidən Bodruma dönüb. O, Türkiyənin iri iş adamlarından birinin villasında nahar edib.

 

Bildirilir ki, Bill Qeyts həftəlik kirayə haqqı 1.8 milyon dollar olan “Lana” adlı 106 metrlik yaxtada gəlib. Onu müşaiyət edənlər və cangüdənlər isə “Wayfinder” adlı başqa yaxta ilə gəliblər. Bill Geytsin hansı türkiyəli iş adamı ilə görüşdüyü haqda məlumat verilmir, amma 136 milyard dollardan çox sərvəti ilə dünyanın ən zənginlərindən olan amerikalı biznesmenin daha bir həftə Bodrumda və Türkiyənin digər sahilyanı kurort bölgələrində qalacağı bildirilir. Məlumata görə, “Microsoft” rəhbəri yatırım qoymaq üçün 3 milyon kvadratmetr ərazi almaq istəyir və bununla bağlı bir çox yerli iş adamları ilə müzakirələr aparır.

 

Bill Qeytsin ardınca dünyanın ən zənginlərindən olan digər amerikalı biznesmen, “Amazon”un qurucusu Ceff Bezosun da yaxtası Türkiyə sahillərinə yan alıb, gəmi Muğlaya lövbər salıb. Bezosun 136 metr uzunluğundakı “Flying Fox” adlı lüks yaxtası Gökova körfəzində qurudan getməyin çətin olduğu bölgəyə yan alıb.

 

Lakin Bezosun özünün yaxtada olub-olmadığını jurnalistlər dəqiqləşdirə bilməyiblər. Yaxtanın göyərtəsində iki vertolyot meydançası var və həmin meydançalardan birində milyarderin vertolyotu hər halda görünüb. Ceff Bezosun sərvəti 196 milyard dollara yaxındır.

virtualaz.org

Bənzər yazılar

Back to top button