“Qanuni oğru” hakimləri satın alıbmış – Lotu Qulinin rəqibi ilə bağlı yeni məlumat

by Aztoday Xəbər Portalı

Barselona İstintaq Məhkəməsi “qanuni oğru” Zaxari Kalaşovun (Şakro Molodoy) ispan hakimlərini satın aldığına dair əsaslı şübhələr yaradacaq audiofakt əldə edib.

Qaynarinfo xəbər verir ki, bu barədə İspaniyanın “El Confidensial” qəzeti yazıb. Məlumata görə, Barselonanın 1 saylı istintaq məhkəməsinin rəhbəri, Kataloniyada separatçı hərəkatın qeyri-qanuni maliyyələşdirilməsini araşdıran Xoakin Agirre artıq məsələdən xəbərdardır.

Bildirilir ki, xüsusilə, İspaniya Mülki Qvardiyası Kataloniya hökumətinin keçmiş rəhbəri Karles Puçdemonun tərəfdaşı Jozep Alaya ilə vəkili Qonzalo Boyenin 28 avqust 2020-ci il tarixli yazışmalarını ələ keçirib. Həmin yazışmalarda Zaxari Kalaşovun da adı çəkilir.

Qonzalo Alaya 2006-cı ildə çirkli pulların yuyulması ittihamı ilə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həbs edilən və İspaniyaya ekstradisiya olunan Şakro Molodoyun cəzasını əhəmiyyətli dərəcədə azaltmaq məqsədi ilə krallığın məhkəmə orqanlarına külli miqdarda rüşvət verməsi üçün vəkilindən istifadə etdiyini təsdiqləyib.

2006-cı ildə BƏƏ-də həbs edilərək İspaniyaya ekstradisiya olunan Şakro Molodoy 2010-cu ildə mühakimə edilib. Məhkəmə onun 7.5 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Gürcüstan və Rusiya Zaxari Kalaşovun ekstradisiyasını tələb etsə də, İspaniyadan rədd cavabı alıb. 2014-cü ildə isə İspaniya Ali Məhkəməsi onun ölkədən Rusiyaya deportasiya barədə qərar çıxarıb. Beləliklə, “qanuni oğru” Rusiyaya dönüb. 2015-ci ildə yenidən həbs edilən Şakro Molodoy Moskvanın Nikulin Rayon Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. O, eyni zamanda 700 min rubl cərimə olunub.

Zaxari Kalaşov ötən il Türkiyədə qətləı yetirilən azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun əsas rəqiblərindən biri olub.

Bənzər Yazılar