İqtisadiyyat

Qubad İbadoğlu: “Ədalətiniz olsun, xalqa öz sərvətini gürcülərdən 1,6 dəfə baha satmayın”

“Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb. Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatda xaricə satdığımız qazın ölkələr üzrə miqdar, dəyər göstəriciləri yer alıb. Mən də tənbəllik etməyib, qazın hər 1000 kub metrindən Azərbaycanın qazancını hesabladım”.

AzToday.az xəbər verir ki, bunu tanınmış iqtisadçı, ADRP-nin sədri Qubad İbadoğlu sosial şəbəkədə yazıb.

Partiya sədri hesablama apardıqdan sonra məlum olub ki, Azərbaycanın öz əhalisinə satdığı qaz Gürcüstana satdığı qazdan bahadır, Türkiyə və Bolqarıstana satdığı qazın qiymətiylə isə demək olar ki, eynidir.

“Adını çəkdiyim ölkələrin hamısı qaz idxalatçılarıdır. Necə ola bilər ki, Gürcüstana yüz kilometrlər daşınan qazın qiyməti Bakıda satılan qazın qiymətindən 55,4 dollar ucuz, Türkiyə və Bolqarıstana min kilometrlərlə daşınan qazın qiyməti isə Bakıda satılan qiymətə bərabər olsun? Heç olmazsa ədalətiniz olsun, Azərbaycan xalqına öz sərvətini Gürcüstanla müqayisədə 1,6 dəfə baha satmayın!”

Qubad İbadoğlu bildirib ki, hökumətin bu məsələni inkar edəcək və ya əsaslandıracaq heç bir arqumenti yoxdur.

“İndi “akademik”lər yazacaqlar ki, bəs, Avropaya qazı spot qiyməti ilə, Gürcüstana və Türkiyəyədə uzunmüddətli müqavilələrlə satırıq. Nə olsun? Onda nədən İlham Əliyev Azərbaycanda əhali istehlakçı qrupuna qazın qiymətini bir gecədə bahalaşdırdı? Olmazdımı bizə də elan olunaydı ki, qazın qiyməti gələn ildən bahalaşacaq, əmək haqqı və pensiyalar artandan sonra?!”.

ADRP lideri onu da vurğulayıb ki, Azərbaycan hakimiyyəti səmt qazını BP-dən havayı alıb, öz xalqına gürcülərdən 1,6 dəfə baha qiymətə satır.

Xatırladaq ki, BP şirkəti Xəzər dənizində istismar etdiyi neft quyularından çıxan səmt qazını toplayaraq, SOCAR-a pulsuz verir. Bəzi məlumatlara görə, həmin səmt qazının illik həcmi 2 milyard kub metr təşkil edir. Bu rəqəmə əsaslanarsaq, o zaman belə anlaşılır ki, SOCAR hər il ölkənin daxili tələbatının təxminən 35-40 faizini, əhaliyə satılan təbii qazın isə 80 faizə qədərini pulsuz əldə edir. Lakin buna baxmayaraq, özümüzün olan və bizə pulsuz verilən mavi yanacaq əhaliyə hər kub metri 25 qəpiyə satılır. Yəni, hər min kub metri 250 manata.

Bənzər yazılar

Back to top button